“Bəşər Əsədə sadiq qüvvələrin Afrinə daxil olması YPG və PKK-nın birgə planıdır” Siyasət

“Bəşər Əsədə sadiq qüvvələrin Afrinə daxil olması YPG və PKK-nın birgə planıdır”

Qabil Hüseynli: "Bəşər Əsədin buna şərait yaratması bölgədə hadisələri daha da gərginləşdirə bilər"

Türkiyə ordusu Afrində keçirilən "Zeytun budağı" əməliyyatının başlanğıcından indiyə qədər 78 mövqedə nəzarəti ələ keçirib. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Baş Qərargahından bildirilib.
Məlumata görə, "Zeytun budağı" əməliyyatı çərçivəsində gecə ərzində Kilisdən terrorçu mövqelərinə artilleriya zərbələri endirilib, Raco və Cinderesdə şiddətli atışmalar davam edib. 32 gün ərzində zərərsizləşdirilən terrorçu sayı isə 1715-ə yüksəlib. Qeyd edək ki, "Zeytun budağı" əməliyyatına yanvarın 20-də başlanılıb.
Əməliyyatın gedişi ilə paralel olaraq beynəlxalq siyasi arenada da maraqlı proseslər yaşanır. Türkiyəyə qarşı siyasi həmlələr də davam edir.
Afrində keçirilən "Zeytun budağı" əməliyyatından narazı olan bir sıra siyasi simalar Fransada Türkiyə ordusunun dayandırılması üçün imza toplamağa başlayıb.
Əməliyyatın dayandırılması üçün imza toplamağa başlayan siyasətçilər bölgədə ağır zərbə alan qrupların müttəfiqləri olduğunu açıqlayıb.
İŞİD-lə mübarizəni bəhanə edən fransız siyasətçilər türk ordusunun Suriyanın şimalından dərhal geri çəkilməli olduğunu bildiriblər.
Bundan başqa Suriya ordusunun Afrinə girəcəyi ilə bağlı da informasiyalar yayılıb ki, bu reallaşacağı təqdirdə məsələnin kökünün hara dayandığı sual yaradır. Çünki Türkiyənin əməliyyatını Rusiya dəstəkləyir. Əsəd də hakimiyyətdə və həyatda qalmasına görə Rusiyaya borcludu.
Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib ki, PYD və YPG terrorçularının Afrində mövqelərini Suriya hökumət qüvvələrinə təhvil verəcəyi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. O bildirib ki, Suriya qoşunları Afrinə daxil olmayacaq: "Suriya tərəfi də bu informasiyanı təsdiq etməyib".
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın da PYD/YPG terror təşkilatı ilə Əsəd rejimi arasında razılaşmanın olduğu barədə yayılan məlumatlara münasibət bildirib.
İ. Kalının sözlərinə görə, bu məlumatın təxribat xarakterli olduğu açıq-aydın görünür: "Bir neçə gizli və kirli razılaşmanın olduğu məlumdur. Kim nə istəyirsə onu da eləsin. "Zeytun budağı" əməliyyatı davam edəcək və məqsədinə çatacaq".
Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu isə vurğulayıb ki, Bəşər Əsəd rejimi YPG-ni qorumaq üçün Afrinə girərsə, Türkiyəni kimsə dayandıra bilməz.
"Rejim qüvvələri YPG-ni təmizləmək üçün girərsə, bir problem yoxdur. Əgər YPG-ni qorumaq üçün girərsə, o halda türk əsgərini kimsə dayandıra bilməz. Bu, Afrin üçün də, Münbiç üçün də, Fəratın şərqi üçün də etibarlıdır", - nazir bildirib.
Ardınca Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ isə Ankarada keçirilən mətbuat konfransında rejim qüvvələrinin Afrinə daxil olacağı barədə xəbərlərin əsassız olduğunu söylədi. Və xəbərdarlıq etdi ki, Suriya PYD/YPG terrorçularını qorumaq üçün Afrinə qoşun yeritsə, bu, fəlakətə səbəb olacaq, həmçinin Suriyanın parçalanmasına gətirib çıxaracaq.
Axşam saatlarında mövzu ali səviyyədə müzakirə edilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında baş tutan telefon tanışıqlarının Ankara Moskva üzərindən Dəməşqə növbəti dəfə xəbərdarlıq edib.
Mövlud Çavuşoğlu Suriya rəhbərliyinə aid qüvvələrin Afrinə daxil olmadığını və rejimin Afrinlə bağlı dilemma qarşısında olduğunu söyləyib.
Amma sonradan "Suriya ordusu Afrinə girəcək" yalanının arxasında əslində, Türkiyəyə qarşı çirkin bir planın olduğu ortaya çıxıb.
"Haber7" saytının yazdığına görə, Dəməşq "Afrini PKK/PYD-dən təhvil alma" yalanı ilə terror təşkilatına dəstək üçün şəhərə əlavə qüvvələr göndərib.
Xəbərə görə, "Zeytun budağı" əməliyyatı ilə strateji nöqtələrlə birlikdə Afrinin mərkəzini itirəcəyini anlayan terror təşkilatı PYD/PKK və təşkilatı "ABŞ başda olmaqla, xarici ölkələrin maraqlarına xidmət edən vətən xaini" elan edən Bəşər Əsəd rejimi Türkiyəyə qarşı bir daha birləşib. Ata Əsəd dövründə də Suriyanın PKK üçün sığınacağa çevrildiyini deyən ekspertlər Münbiçdə də rejimin PYD/PKK üçün qalxan olduğunu xatırladıblar. Lakin onların sözlərinə görə, Türkiyə Afrində bu oyuna getməyəcək.
Ehtiyatda olan polkovnik Nejat Özden bildirib ki, Türkiyə ordusu və Azad Suriya Ordusu Afrində 14-ü strateji olmaqla, 80-nə yaxın nöqtəni tutub. Sonuncu strateji nöqtə kimi Cinderesin qaldığını deyən polkovnikin sözlərinə görə, indi oradan da çəkilirlər və Cinderesin itirilməsi hərbi baxımdan Afrinin itirilməsi deməkdir. O bildirib ki, Dəməşqi narahat edən məqam da məhz budur.
"PYD ilə Əsəd rejimi arasındakı "döyüş" onsuz da bir teatr idi. Münbiçdə oynanılan oyun artıq Afrində oynanılır. Rejim qüvvələri PYD və Azad Suriya Ordusu arasında yerləşdirilərək terrorçuların mühafizəsi təmin edilir. "Afrində rejim qüvvələri var" deyərək əməliyyatın dayandırılmasından söhbət gedə bilməz. Afrin 35 ildir ki, PKK-nın Türkiyəyə hücumlarına qarşı keçid nöqtəsidir. Suriyanın şimalında PKK dəhlizinin mərkəzi Afrindir", - o bildirib.
Professor Məsud Hakkı Casın qeyd edir ki, Bəşər Əsəd rejimi Türkiyəni tələyə salmağa çalışarsa, bu onun sonu olar. O, "Zeytun budağı" əməliyyatının Afrin təmizlənənə kimi davam edəcəyini vurğulayıb.
Ehtiyatda olan polkovnik, təhlükəsizlik mütəxəssisi İbrahim Keleş 2012-ci ildə rejim qüvvələrinin bir güllə atmadan belə Afrinin terror təşkilatına təslim edildiyini xatırladıb.
"Azad Suriya Ordusu kimi real Suriya müxalifətinin Afrində söz sahibi olması həm PYD, həm də Əsədin planlarını məhv etdi. PYD orada mühafizəçi idi. Əməliyyatımız uğurlu olduğu üçün rejim yenidən səhnəyə çıxdı. Münbiçdə də eyni taktikanı tətbiq etmişdilər. Türkiyə Əl-Babdan Münbiçə yönəldiyində bir ovuc rejim əsgəri araya girdi və PYD/PKK üçün qalxan oldular. Afrində də eyni taktika. Türkiyə bu oyuna gəlməz", - təhlükəsizlik mütəxəssisi söyləyib.
Politoloq Qabil Hüseynli isə deyib ki, Bəşər Əsədə sadiq qüvvələrin Afrinə daxil olması YPG və PKK-nın birgə planıdır: "Onlar uzun müddətdir ki, Əsədə müraciət edərək hökumət qoşunlarının Afrinə daxil olmasını xahiş edirdilər". O bildirib ki, bunun əvəzində B.Əsəd onlardan bütün silahlarını təhvil verməyi tələb edirdi: "Əsəd yalnız bundan sonra hərbçilərinin Afrinə daxil olmasını təmin edəcəyini bildirirdi. Elə buradaca qeyd edim ki, Əsəd Afrini PYD/YPG güclərinə heç bir döyüş əməliyyatı olmadan təslim etmişdi. Yəni, Əsəd Suriyanın çox ağır vəziyyətdə olduğu dövrdə belə, Türkiyənin sərhədləri boyunca kürd yaraqlılarını yerləşdirməklə anti-türk siyasəti yürütməkdə davam edib. PYD və YPG-çilər Türkiyə Silahlı Qüvvələrinin irəlilədiyini yaxşı başa düşürlər. Türkiyə ordusunun hərbi gücü çox böyükdür və terrorçu qruplar ciddi itkilərə məruz qalırlar. İndi onlar həm bir növ simalarını qoruyub saxlamağa çalışırlar. Yəni, demək istəyirlər ki, döyüşdən qaçmadıq, sadəcə olaraq ərazidən çıxdıq. Həm də Əsədlə sonrakı əlaqələri üçün Afrini döyüşsüz onun qoşunlarına verməyə razılaşıblar. Mən bu planın arxasında adlarını çəkmək istəmədiyim müxtəlif supergüclərin dayandığını istisna etmirəm. Amma bu, kifayət qədər problemli məsələdir. Belə ki, Afrin 4 tərəfdən mühasirəyə alınıb. Əsəd qoşunlarının ora necə daxil olacağı çox ciddi məsələdir. Türkiyə ordusu ilə toqquşmadan buna nail olmaq çətindir. Bu, mütləq Türkiyə ilə razılaşdırılmalıdır. Türkiyə isə Afrinə öz ölkəsində olan qaçqınların yerləşdiriləcəyini bildirir. Üstəlik, Türkiyənin siyasi xətti Menbiç rayonuna da Türkiyədə olan qaçqınları yerləşdirməkdən ibarətdir".
Q.Hüseynli qeyd edib ki, kürd terrorçuların müxtəlif variantlara əl atması və Bəşər Əsədin buna şərait yaratması bölgədə hadisələri daha da gərginləşdirə bilər: "Mən bu hadisələrin baş tutacağının perspektivinə inanmıram. Çünki artıq neçə gündür Bəşər Əsəd qoşunlarının Afrinin mərkəzində olduğunu iddia edilir. Bunların hamısının dezinformasiya olduğu ortaya çıxdı. Türkiyənin Bəşər Əsəd qoşunlarının Afrinə girməsinə imkan verəcəyinə də inanmaq çətindir. Düzdür, vəziyyət mürəkkəbləşə bilər. Məsələn, Rusiya bu proseslərin arxasında dayansa və ona "hə" desə, o zaman Türkiyə Hərbi Hava Qüvvələrinin əməliyyatda üstünlüyü təmin etməsi çətinləşəcək. Amma bütün bunlara baxmayaraq, Hərbi Hava Qüvvələrinin yardımı olmadan da Türkiyənin quru qoşunları Afrin əməliyyatını artıq başa çatdırmaq üzrədir. Afrin tamamilə mühasirədədir. Üstəlik, Bəşər Əsəd qoşunlarının bura daxil olması çox çətin məsələdir. Bunlar hamısı siyasi manevrlərdir".

Əli