Avstraliya parlamentində AXC-nin 100 illiyi münasibətilə bəyanat səsləndirilib Siyasət

Avstraliya parlamentində AXC-nin 100 illiyi münasibətilə bəyanat səsləndirilib

Dünən Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Kreq Kelli Avstraliya parlamentində çıxış edərək mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin tamam olduğunu diqqətə çatdırıb.
Azərbaycanın Avstraliyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, K. Kelli 1918-ci ildə yaranan Cümhuriyyətin müsəlman dünyasında ilk parlament demokratiyası olduğunu bildirib. O, demokratik respublikanın ömrünün qısa olmasını təəssüflə qeyd edərək, onun sovet ordusunun işğalı nəticəsində süquta uğradığını vurğulayıb və Azərbaycanın 70 ildən çox keçmiş Sovet İttifaqının tərkibində qaldığını söyləyib.
K. Kelli əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanın bütün ölkələrlə yaxşı münasibətlərinin olduğunu, qadınların hüquqlarının tam şəkildə təmin edildiyini, ölkənin dünyəvi prinsiplər əsasında inkişaf etdirildiyini vurğulayıb. Parlament üzvü mühüm geosiyasi məkanda yerləşən Azərbaycanda demokratiya və iqtisadiyyatın bundan sonra da davamlı inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib. O qeyd edib ki, Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurlar regiondakı digər dövlətlər üçün nümunə olmalıdır.
Dağlıq Qarabağ münaqişəsinə toxunan deputat münaqişənin qarşılıqlı dialoq və BMT-nin müvafiq sənədləri əsasında həll olunmasının vacibliyini vurğulayıb.