Azərbaycanın silahlanması və Ermənistanın çarəsizliyi Siyasət

Azərbaycanın silahlanması və Ermənistanın çarəsizliyi

NATO-nun bir sıra "top" brendlərinin ADEX sərgisində iştirakı və Azərbaycanın mümkün silahlanması regionda silahlanma balansını Bakının xeyrinə dəyişə bilər.
WorldMedia ANAJ-a (İran) istinadən yazır ki, yaxın günlərdə Azərbaycanda silah sərgisi keçiriləcək. Sərgiyə NATO ölkələrindən olan silah istehsalçıları, o cümlədən Fransa, İtaliya və İspaniya da iştirak edəcək. Azərbaycan silahlanmaya olan tələbatının bir qismini NATO üzvü olan ölkələrdən təmin etmək, bununla da silah aldığı mənbələri şaxələndirmək niyyətindədir. Ermənistan isə Rusiyadan belə, aldığı silahların kredit borcunu ödəmək qabiliyyətində deyil.
Bu 2 ölkə arasındakı Dağlıq Qarabağ münaqişəsi beynəlxalq vasitəçi olan ATƏT-in Minsk qrupunun 20 ildən artıqdır davam edən passivliyi nəticəsində hələ də həllini tapmayıb. Üstəlik, son bir neçə ay ərzində mümkün hərbi qarşıdurma ehtimalı daha tez-tez gündəmə gəlməyə başlayıb. Bu gün Qarabağda müharibənin bərpası iki dövlətin gündəmində olmasa belə, hərbi infrastrukturun gücləndirilməsi danışıqlar prosesində həlledici amillərdən sayılır. Bu, hər zaman belə olub və belə də olacaq. Hətta zaman keçdikcə, bu amil öz əhəmiyyətini daha da artıracaq. Çünki uzunmüddətli danışıqlarda nə qədər güclü diplomatiyadan istifadə olunsa da, hədəflərin qarşı tərəfə qəbul etdirilməsi üçün hərbi güc vacibdir. Məhz bu üzdəndir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması fonunda danışıqlarında üstün mövqeyə sahib olan Azərbaycan, hərbi gücünü artırmağı da vacib sayır. Bakı hərbi xərclərinin ödənməsinə hətta Ermənistanın dövlət büdcəsindən daha çox vəsait ayırır.
Bu arada, ADEX-2018 silah sərgisinə hazırlıq davam edir. Bu dəfəki sərgi ötən illərdə təşkil olunmuş sərgilərdən əhəmiyyətli dərəcədə fərqlənir. Artıq ona NATO-nun bir sıra "top" brendləri də qatılır. Beləliklə, Azərbaycanın onlardan mümkün silah alışı regionda silahlanma balansını Bakının xeyrinə dəyişə bilər.
Bu ilki sərgidə KTMT-yə üzv olmasına rəğmən, Azərbaycanın əsas silah təchizatçılarından olan Belarusla yanaşı, NATO üzvləri, o cümlədən Fransa, İtaliya, Hollandiya, İspaniya, Çexiya və Bolqarıstan iştirak edəcək. Məlumatlı mənbələrin bildirdiyinə görə, "MBDA Systems", "CIFAL Group", "Naval Group", "Airbus Defense", "Etienne Lacroix", "Nexter Systems", "Proengin Thales" kimi şirkətlər sərgiyə qatılmaq niyyətindədir.
Avropa ölkələri arasında Ermənistanın əsas dəstəkçisi olan Fransa şirkətlərinin də sərgidə iştirak edəcəyi əsas mövzulardandır. Bütün bunlarla yanaşı, son aylarda Ermənistanın Hindistandan silahı almaq cəhdləri də müşahidə olunmaqdadır. Amma Ermənistanın iqtisadi durumu buna imkan verəcəkmi?