“Ermənistanın Gürcüstanda separatçılıqla məşğul olmaq gücü də tükənəcək” Siyasət

“Ermənistanın Gürcüstanda separatçılıqla məşğul olmaq gücü də tükənəcək”

"Dağlıq Qarabağ probleminin həlli Ermənistanın işğalçılıq fəaliyyətinin puça çevrilməsi deməkdir. 30 il külli miqdarda resurs xərclədikdən sonra Dağlıq Qarabağı tərkibinə qoşa bilməyən və ya müstəqil edə bilməyən Ermənistanın Gürcüstanda separatçılıqla məşğul olmaq gücü də tükənəcək". Bunu politoloq Mübariz Əhmədoğlu bildirib. Politoloq qeyd edib ki, məhz buna görə Gürcüstanın indiki hökuməti Dağlıq Qarabağ tənzimlənməsi ilə məşğul olmağa meyllənib: "Dağlıq Qarabağ tənzimlənməsinə Gürcüstanın marağına da məhz Ermənistanı ram etmək kontekstindən yanaşılmalıdır. Bu həm də Gürcüstanın özünün ərazi bütövlüyünə dəstək olacaq. Gürcüstanın Dağlıq Qarabağ tənzimlənməsində məşğul olmaq üçün müstəsna imkanları mövcuddur. Gürcüstanda çoxlu sayda (500 min azərbaycanlı, 300 min erməni) azərbaycanlı və ermənin yaşaması, bir-biri ilə normal əlaqədə olması bu müstəsna imkanın əsas tərkib hissəsidir. Həm də Dağlıq Qarabağda müharibə olacağı təqdirdə bu icmalar Gürcüstanın daxilində vəziyyəti gərginləşdirə bilərlər. Gürcüstanda başa düşürlər ki, Dağlıq Qarabağ probleminin həlli, Azərbaycanın gücünün artması, Ermənistanın isə gücünün zəifləməsinə gətirib çıxaracaq".
M. Əhmədoğlunun sözlərinə görə, Gürcüstanda müəyyən qrup Azərbaycanın gücünün artmasının əleyhinə olduğu üçün Ermənistanın zəifləməsinin tərəfdarı deyil: "Amma indi Gürcüstan Ermənistanı zəiflədərək özünün təsiri altına sala bilər və beləliklə İvanişvili Gürcüstanı keyfiyyətcə yeni Gürcüstana çevrilir. Bu işdə Dağlıq Qarabağ tənzimlənməsində Gürcüstanın vasitəçilik missiyası çox vacib regional tutuma malik olur. Ermənistanın zəiflətdiyi kimi Gürcüstan Azərbaycandan problemin həllinə yardım etdiyinə görə əlavə divident istəyəcək və ya Azərbaycan özünü Gürcüstanın qarşısında borclu biləcək. Ona görə Q.Marqvelaşvilinin müşaviri T.Pxaladzenin "Gürcüstan Dağlıq Qarabağ tənzimlənməsində vasitəçilik edə bilər" tezisini və bu tezisə B.İvanişvili komandası tərəfindən dərhal reaksiya verilməsini təsadüfi hesab etmirik".