“Əgər ABŞ-ın Ermənistandakı səfiri bu cür ifadələr səsləndirirsə...” Siyasət

“Əgər ABŞ-ın Ermənistandakı səfiri bu cür ifadələr səsləndirirsə...”

Fikrət Sadıqov: "Bu, rəsmi Vaşinqtonun mövqeyidir"


ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün işğal olunmuş ərazilərin bir hissəsi Azərbaycana qaytarılmalı, İrəvan kompromislərə getməlidir. Mills indiyədək eşitdiklərinin narahatlıq doğurduğunu deyib: "Mən birinci dəfə ölkəyə gələndə təəccüblənmişdim ki, ermənilərin böyük hissəsi işğal olunmuş ərazilərin qaytarılmasına qarşı çıxırlar.
Torpaqların qaytarılması "Madrid prinsipləri"nin əsas müddəalarındandır. İstənilən nizamlama işğal olunmuş ərazilərin müəyyən hissəsinin qaytarılmasını zəruri edəcək". Ermənistan tərəfi səfirin açıqlamasını cavabsız qoymayıb. Baş nazir Nikol Paşinyan amerikalı diplomatın bəyanatını şərh edərkən deyib ki, Millsin Dağlıq Qarabağla bağlı sözlərini İrəvana mesaj hesab etmək olar: "ABŞ səfiri "Qarabağı qaytarın" dedi. Ermənistan tərəfi münaqişənin nizama salınmasında öz mövqeyini dəfələrlə aydın şəkildə elan edib".
Məsələni dəyərləndirən Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov bildirib ki, hansısa ölkənin səfiri bəyanat verərkən bunu sadəcə onun şəxsi fikri kimi dəyərləndirmək olmaz. Diplomatik nümayəndənin rəsmi açıqlaması birbaşa təmsil etdiyi dövlətin bəyanatı hesab olunur:
"Əgər ABŞ-ın Ermənistandakı səfiri fəaliyyət göstərdiyi ölkədə bu cür ifadələr səsləndirirsə, bu özü-özlüyündə rəsmi Vaşinqtonun mövqeyidir. Əlbəttə, səfirin Dağlıq Qarabağ münaqişəsinin həllinə bu şəkildə yanaşması bizi qane edir və maraqlarımıza cavab verir. Reallıq odur ki, işğal olunmuş torpaqlarımız azad edilməyənə qədər heç bir maddə ətrafında danışıq aparmaq mümkün deyil. Bu məsələ münaqişənin mərhələli həllində, yəni "Madrid prinsipləri"ndə də öz əksini tapıb. Sözsüz ki, bu cür açıqlama erməniləri qıcıqlandırmaya bilməz. Amma hər halda reallıq budur. Düşmən ölkənin yeni rəhbərliyi bəyanata xüsusi diqqət yetirməli, həmsədr ABŞ-ın mövqeyini nəzərə almalıdır".