“Ermənistanda Köçəryanı çox adam dəstəkləmir” Siyasət

“Ermənistanda Köçəryanı çox adam dəstəkləmir”

"Ermənistanda Köçəryana azadlıq tələbi ilə bağlı etiraz aksiyaları müvəqqəti xarakter daşıyır". Bu sözləri İrəvanda ölkənin ikinci prezidenti Robert Köçəryanın həbsdən azad olunması tələbilə etiraz aksiyalarının keçirilməsini şərh edən politoloq İlqar Vəlizadə deyib.
"Ümumiyyətlə, Ermənistanda Köçəryanı çox adam dəstəkləmir. Köçəryana azadlıq tələbi ilə bağlı etirazlar aksiyadan daha çox piketdir və arxasında da məhz Köçəryanın yaxınları durur. Piketlər də çox güman ki, Köçəryanın yaxın qurumlarının maliyyə dəstəyi ilə keçirilir. Bu piketlər davamlı və geniş olmayacaq. Hadisə köhnəldikcə Ermənistanda Köçəryana azadlıq tələbi ilə bağlı tədbirlər də səngiyəcək. Ancaq məsələ ilə bağlı Avropa institutlarına müraciətlər ola bilər", - ekspert bildirib. Politoloq bütün hallarda Ermənistanda vəziyyətin getdikcə gərginləşəcəyini deyib: "Baxmayaraq ki, parlament seçkilərindən sonra vəziyyətin bu və ya digər şəkildə stabilləşəcəyi və iğtişaşların təxirə salınacağı gözlənilirdi. Hətta bəzi ekspertlər Paşinyanın səlahiyyətlərinin 100 günündən tez böyük iğtişaşların planlaşdırılmadığını bildirirdilər. Ancaq ölkədəki ümumi vəziyyət və hadisələr göstərir ki, ara-sıra nümayişlər olacaq və daxili-siyasi situasiya pozulacaq".
Qeyd edək ki, "Prezidentə azadlıq" təşəbbüs qrupu ölkənin ikinci prezidenti Robert Köçəryanın həbsdən azad olunması tələbilə elan etdiyi silsilə aksiyalar çərçivəsində ötən gün ilk piketini keçirib.