“Görüş öncəsi Ermənistan ordusunun təxribatından aydın olur ki...” Siyasət

“Görüş öncəsi Ermənistan ordusunun təxribatından aydın olur ki...”

"Azərbaycanın substantiv danışıqların Madrid prinsiplərinə uyğun olaraq keçirilməsinə, yəni Qarabağ məsələsinin mərhələli şəkildə həllinə dair gözləntiləri var".
Bu sözləri açıqlamasında politoloq Arzu Nağıyev deyib. Politoloq bildirib ki, buna görə də İrəvan artıq konkret mövqe ortaya qoymalıdır:
"Qarabağ məsələsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində dörd, dövlət rəhbərləri səviyyəsində qeyri-rəsmi üç görüş baş tutub. Bu görüşlər əsasən tərəflərin münasibəti və mövqelərin araşdırılması istiqamətində idi və konkret olaraq məsələnin həlli öz əksini tapmadı. İndiyə qədər keçirilən görüşlərdə vətəndaşların sülhə hazırlığı, regional inkişafla bağlı mühüm addımların atılması istiqamətində bir sıra məqamlara aydınlıq gətirilib. Lakin qeyri-adekvat çıxışları ilə yadda qalan Paşinyan separatçı qüvvələri üçüncü bir subyekt kimi danışıqlara cəlb etməyə cəhdlə sülh prosesini ləngidib. Təbii ki, Azərbaycan da İrəvanın bu absurd cəhdlərini boşa çıxarıb. Ancaq Paşinyanın vaxtı tükənib və o artıq mövqeyinə aydınlıq gətirməlidir. Çünki apreldə Paşinyanın hakimiyyətə gəlməsinin ildönümüdür və o hesabat verməlidir".
Ekspert Bakının qarşıdakı danışıqlarda İrəvanı mövqeyini konkretləşdirməyə məcbur edə biləcəyini deyib:
"Azərbaycan suveren əraziləri işğala məruz qalan və 1 milyon qaçqını olan tərəfdir. Bakının istəyi işğalçıların torpaqlarımızı dərhal boşaltması və bununla da danışıqların digər mərhələsinin başlanmasıdır. Azərbaycan birmənalı şəkildə bütün prinsipləri nəzərdən keçirib və öz ərazi bütövlüyü çərçivəsində sülh danışıqlarına hazırdır. Əks təqdirdə bütün məsuliyyət Ermənistanın üzərində qalacaq. İrəvan unutmamalıdır ki, Azərbaycan məsələnin hərbi yolla həllini də bir varinat olaraq gündəmdə saxlayır və bu indiki reallıqda tamamilə mümkündür. Azərbaycan bu varinatı 2016-ci ildə sınaqdan keçirib və ölkəmizə hər hansı bir irad tutulmayıb".
Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Vyanada Azərbaycan və Ermənistan rəhbərləri arasında keçiriləcək görüşdən əvvəl düşmən tərəfdən atəşkəsin pozulması danışıqlar prosesinin qarşısının alınmasına yönəlib.
Ekspertin fikrincə, düşmən tərəfin bu təxribatı eyni zamanda, qarşılıqlı etimad mühitinin formalaşmasının qarşısının alınmasına da hesablanıb:
"Görüş öncəsi Ermənistan ordusunun təxribatından aydın olur ki, ordu tam şəkildə Paşinyana tabe deyil. Qənaətimə görə, erməni ordusu kompromisin əldə olunmasının qarşısını almaq məqsədilə qiyama da əl ata bilər. Bu baxımdan da, hazırkı situasiyada İrəvanla danışıqlar aparmaq nəticə verməyəcək. Erməni ordusunda kök salmış Rusiyanın agentura şəbəkəsi pozuculuq fəaliyətinə əl atıb, Paşinyana qarşı təzyiq edəcək".
Məhəmməd Əsədullazadə bildirib ki, Paşinyan orduda təmizlik işləri aparmadan, Qarabağdakı Kremlə bağlı separatçı rejimi prosesdən uzaqlaşdırmadan münaqişəi ilə bağlı Qərbin planını reallaşdıra bilməyəcək:
"Hesab edirəm ki, Vyana görüşündə müsbət nəticəyə gətirib çıxaracaq anlaşma olmasa, bundan sonra nəticəsiz danışıqları uzatmağın da mənası olmayacaq. Buna görə də, Azərbaycan görüşdən sonra işğalçını yola gətirmək üçün təzyiqləri artırmalıdır. Bundan əvvəl də bildirmişdim ki, Rusiyayönümlü qüvvələr təxribata əl ata bilər. Bu, özünü doğrultdu. Vyana görüşü ərəfəsində Rusiyaya bağlı olan erməni ordusu təxribata əl ataraq, əsgərimizi şəhid etdi.
Qənaətimə görə, Kreml Paşinyana müstəqil formada danışıqlar aparmasına imkan verməyəcək. Bu vəziyyətdə də, müsbət irəliləyiş gözləməməliyik. İlk növbədə Ermənistan tərəfi buna getməyəcək, çünki ərazilərin boşaldılmasına hazır deyil".
Politoloq Elxan Şahinoğlunun fikrincə isə atəşkəsin qorunmasında ən çox Ermənistanın hazırki Baş naziri Nikol Paşinyan maraqlı olmalıdır.
Onun sözlərinə görə, Paşinyan bilir ki, Azərbaycan ordusunun istənilən itkisi cavabsız qalmayacaq, cavab olaraq qarşı tərəf də itki verməlidir:
"Başqa cür mümkün deyil. Belə olan halda ermənilər dünən cəbhənin Füzuli rayonu istiqamətində niyə atəşkəsi pozaraq hərbçimizi şəhid etdilər?
Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri bir neçə gündən sonra Vyanada görüşməlidirlər. Hərbçimizin görüş ərəfəsində şəhid edilməsi danışıqların pozulmasına və ya nəticəsiz qalmasına yönəlib. Danışıqların başlamamış pozulması ən çox Qarabağdakı separatçıların və Ermənistanda kök salmış "Qarabağ klanı"nın maraqlarına xidmət edir.
Paşinyan bu iki qüvvənin qorxusundan Azərbaycan prezidenti ilə görüşlərdə Qarabağ mövzusunun detallı müzakirəsindən yayınır. Buna baxmayaraq, separatçılar Paşinyana etibar etmirlər. Ona görə də atəşkəsi pozurlar . Bizim üçün isə fərqi yoxdur, atəşkəsin pozulması əmrini İrəvanda, yoxsa Xankəndində verirlər. Müdafiə nazirimiz Zakir Həsənovun "hər itkimizin on qat cavabını alacaqlar" əmrinin yerinə yetirilməsini gözləyirik".
Qeyd edək ki, dünən axşam saatlarında düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu şəhid olub.