Qarabağ münaqişəsinin “amerikan həll variantı” Siyasət

Qarabağ münaqişəsinin “amerikan həll variantı”

Mübariz Əhmədoğlu: "Olandın prezidentlərin görüşü təşəbbüsünü ABŞ-ın iflasa uğratması Rusiyanı yeni təşəbbüsə təhrik edə bilər"

"Fransa prezidenti Fransua Olandın Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə təşəbbüsü iflasa uğradıldı". Bu barədə "Trend"ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq qeyd edib ki, Azərbaycan iflasa uğradılma prosesində iştirak etmədi: "Bir neçə arqument var: Azərbaycanla Fransanın münasibətləri müsbət artan dinamikaya malikdir və hər iki tərəf bu münasibətləri dəyərləndirir; Fransa hətta Azərbaycana hərbi texnologiya və silah satmağa başlayıb. Üçüncü arqument Azərbaycan prezidentinin Bastiliyanın alınması günü münasibətilə Fransa prezidentinə göndərdiyi təbrik məktubunun mətnidir. Amma Azərbaycan görüş xatirinə görüşün əleyhinədir. Rəsmi Bakı Dağlıq Qarabağ tənzimlənməsinin praktiki mərhələsinin başlanmasına əsas yaradan sənədin imzalanması ilə başa çatan görüşün tərəfdarıdır".
M.Əhmədoğlu qeyd edib ki, Fransa prezidentinin təşəbbüsünü Ermənistan və ABŞ iflasa uğratdı: "F.Oland Ermənistanda olarkən açıq mətnlə bildirdi ki, Dağlıq Qarabağ məsələsində ermənilərin tapdığı həll düzgün həll deyil, Oland Azərbaycan və Ermənistan prezidentlərinin görüşü təşəbbüsünü irəli sürəndə əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin düzgün həllini tapmaq idi. Ermənilərin həllini düzgün hesab etməməklə Oland ermənilərə ciddi zərbə vurdu. Düzgünlüklə, həqiqətlə ermənilərin arasındakı məsafə Yerdən Aya qədərdir. Ona görə ermənilərin Olanddan acığı gəldi. Bundan başqa Olandın Gürcüstan rəhbərliyi ilə Dağlıq Qarabağ tənzimlənməsini müzakirə etməsi də erməniləri qıcıqlandırdı. Ermənistanın bəxti gətirib ki, Dağlıq Qarabağ tənzimlənməsində "Gürcüstan" adlı mexanizm işə düşmür".
Ekspert hesab edir ki, ənənəvi ermənipərəst dövlət hesab olunan Fransada Dağlıq Qarabağ tənzimlənməsinə dair sənədin imzalanması dünya erməniləri üçün böyük zərbə ola bilərdi.
M.Əhmədoğlunun sözlərinə görə, ABŞ Dağlıq Qarabağ tənzimlənməsində ədalətli tənzimlənmənin tərəfdarı deyil: "Tərəfdarı olsaydı ATƏT MQ həmsədrlərinin atəşkəs rejiminin 20 illiyinə həsr olunmuş bəyanatından üç gün qabaq fərqli mövqe ortalığa qoymazdı".
Politoloqun fikrincə, "amerikan" variantının mahiyyəti həmsədrlərin ədalətli mövqe nümayiş etdirən bəyanatının effektini əvvəlcədən öldürmək idi: ""Amerikan" variantında əvvəlcə Dağlıq Qarabağ ermənilərinə statusun (oxu: müstəqilliyin) verilməsi sonra isə Laçın dəhlizi istisna olmaqla Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tutulur. Üç həmsədr ölkənin birgə yaydığı bəyanatda isə əvvəlcə Dağlıq Qarabağ ətrafındakı bütün ərazilərin Azərbaycana qaytarılması sonra isə Dağlıq Qarabağın statusunun müəyyənləşməsi nəzərdə tutulur. Eləcə də bu halda statusun müəyyənləşməsində təkcə Dağlıq Qarabağın erməniləri deyil, həm də azərbaycanlıları iştirak etməlidir".
M.Əhmədoğlunun sözlərinə görə, ABŞ fransalı həmsədri Vaşinqtona dəvət etdi və Ollandın təklifinin zərərli olduğunu bildirdi: "Rəsmi Vaşinqtonun fikrincə, ermənilər güclü antirusiya maşındır və bu maşın fəaliyyətdə olduğu üçün onun nazı ilə oynamaq lazımdır. Ona görə Uorlik yenidən aktivləşdi və özünü ATƏT MQ həmsədrlərinin rəhbəri kimi aparmağa başladı. Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana və Ermənistana son səfəri zamanı Dağlıq Qarabağ tənzimləməsi barədə eyni mövqe nümayiş etdirdi ki, status-kvo dəyişilməlidir, praktiki addımların vaxtı çatıb. O, "dinc tənzimləmə" terminini işlətmədi, Olandın təşəbbüsünə dəstək verdi".
M.Əhmədoğlu qeyd edib ki, F.Olandın təşəbbüsünün sonu bəllidir: "ABŞ prezidentlərin görüşünü təşkil etmək təşəbbüsünü öz əlinə keçirib. Həmsədrlər son bəyanatında BMT BA çərçivəsində Nyu-York görüşünü gündəliyə gətiriblər".
Politoloq hesab edir ki, iki məsələ ən ciddiliyi ilə nəzərə alınmalıdır: "Birincisi, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aydın fəaliyyət planı var və bu plan reallaşır. Dünyada heç bir qüvvə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Azərbaycanın fəaliyyət proqramını dayandıra bilməyəcək. Həmsədrlərin ehtimali diplomatik qalmaqal yaratma imkanları nəzərdən keçirilib. Onlar bilsinlər ki, diplomatik qalmaqal, beynəlxalq hay-küy yarada bilməyəcəklər və ya effekt ala bilməyəcəklər. İkincisi, Rusiyanın Ermənistandakı maraqlarının müəyyən keyfiyyət mərhələsinə çatmasıdır. "ArmRosQazProm" Gorusdan Dağlıq Qarabağa təbii qaz daşıyan "Tex-Stepanakert" qaz kəmərini öz balansından çıxartdı".
Politoloqun fikrincə, bu, Dağlıq Qarabağın Ermənistandan uzaqlaşdırılması istiqamətində Rusiyanın atdığı ən effektli praktiki addımdır.
M.Əhmədoğlunun sözlərinə görə, Rusiya bu istiqamətdəki fəaliyyətini davam etdirəcək: "Qarabağ ermənilərinin qışda qazla təmini üçün Rusiya tərəfi hüquqi baza yaratmalıdır. Bu isə yalnız Dağlıq Qarabağ münaqişəsinin praktiki tənzimləməsinə imkan verən sənəd imzalandıqdan sonra mümkündür. Belə sənəd yalnız Ermənistan və Azərbaycan prezidentlərinin görüşü zamanı imzalana bilər. ABŞ-ın təşəbbüsü ilə keçirilən prezidentlərin görüşündə danışıqlar "amerikan variantı" ətrafında gedir. Ona görə rəsmi Moskva Azərbaycan və Ermənistan prezidentlərinin barədə təşəbbüs irəli sürə bilər".
Politoloq əlavə edib ki, "Tex-Stepanakert" qaz kəməri ilə bağlı Rusiyanın qəbul etdiyi qərar rəsmi Moskvanın Dağlıq Qarabağ tənzimlənməsində açıq kartla oynamağa başladığının göstəricidir; Rusiya Ermənistandan çəkinmir: "Ona görə prezidentlərin görüşü barədə təşəbbüs irəli sürməklə ABŞ-ın ATƏT-in həmsədrləri arasında "sədrliyinə" də son qoya bilər. Rusiyanın təşəbbüsü ilə keçirilən bu görüş DQ münaqişəsinin tənzimlənməsi, regionda sabitliyin möhkəmləndirilməsi ilə bağlı mühüm addım ola bilər. Bu həm də Rusiya və Azərbaycanın bir-birini tamamlayan maraqlarının qarşılıqlı inkişafına da ciddi şərait yaradacaq. İndi Rusiyanın Azərbaycanla bir-birini tamamlayan qarşılıqlı maraqlar üzərində qurulmuş münasibətlər sxeminə ciddi ehtiyacı var. Təkcə Rusiyanın yox".