“Vətəndaşların aldığı səhiyyə xidmətləri də genişlənəcək” Siyasət

“Vətəndaşların aldığı səhiyyə xidmətləri də genişlənəcək”

Oktyabrın 2-də Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov BMT-nin İİV/QİÇS üzrə Birgə Proqramının (UNAIDS) Şərqi Avropa və Mərkəzi Asiya üzrə xüsusi məsləhətçisi Mişel Kazaçkin ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetinin (NK) mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.
Baş Nazirin müavini bildirib ki, Azərbaycanda səhiyyənin inkişafına güclü dövlət dəstəyi göstərilir. Onun sözlərinə görə, Dövlət Başçısı səhiyyənin inkişafını daim diqqət mərkəzində saxlayır.
“Azərbaycanda səhiyyə sahəsinin maddi-texniki bazasının gücləndirilməsi üçün dövlət səviyyəsində zəruri addımlar atılıb. Məhz bu dəstəyin nəticəsidir ki, son illər yüzlərlə tibb ocağı tikilib istifadəyə verilib. Bu yöndə işlər uğurla davam edir”-deyə, Əli Əhmədov qeyd edib.
Bu il ölkə miqyasında geniş səviyyədə tətbiq olunacaq icbari tibbi sığorta haqqında qonağa məlumat verən Baş Nazirin müavini deyib ki, icbari tibbi sığortanın tətbiqindən sonra vətəndaşların aldığı səhiyyə xidmətləri də genişlənəcək.
Əli Əhmədov BMT-nin qeyd olunan istiqamətlərdə fəaliyyətini təqdir edərək, dövlət və vətəndaş cəmiyyətlərinin səyləri nəticəsində bütün dünyada yoxsulluğun və aclığın aradan qaldırılması, ana sağlamlığını yaxşılaşdırmaq və uşaq ölümü hallarını azaltmaq, malyariya, vərəm, QİÇS və s. kimi xəstəliklərə qarşı müvəffəqiyyətlər əldə olunduğunu bildirib.
BMT-nin İİV/QİÇS üzrə Birgə Proqramının (UNAIDS) Şərqi Avropa və Mərkəzi Asiya üzrə xüsusi məsləhətçisi Mişel Kazaçkin isə Azərbaycanda da QİÇS, vərəm və hepatit epidemiyalarına qarşı əhalinin köməyə daha çox ehtiyacı olan təbəqələrinin profilaktika, müalicə və qayğı ilə daha yaxşı təmin olunması istiqamətində həyata keçirilən fəaliyyətlərdən, o cümlədən epidemiyaya nəzarət olunması, qiymətləndirilməsi və ona qarşı tədbirlərin görülməsindən məmnunluğunu ifadə edib.