Siyasi bayquşların videosöhbəti Siyasət

Siyasi bayquşların videosöhbəti

Sosial şəbəkələrdə "Milli Şura"nın videoqeybət formatında keçirilən növbəti "toplantısı"nın videosu yayımlanıb. Doğrudur, bu dəfə gün işığına çıxan "videoqeybət" köhnə tarixlidir. Yəni elə "Milli Şura"nın özü kimi vaxtı ötüb. Amma iştirakçıların Azərbaycan xalqına, dövlətinə olan düşmən münasibətinin miqyasını müəyyənləşdirmək naminə bu istifadəyə yararsızların elə özləri kimi vaxtı keçmiş "məhsulları"nın ürək bulandıran qoxusuna dözmək olar.

Deməli, videoqeybətin baş tutduğu zaman kəsiyi neftin qiymətinin kəskin şəkildə aşağı düşdüyü vaxta təsadüf edir. Və bu xəbərdən aşırı dərəcədə xoşbəxt olan Gültəkin Hacıbəyli sevincini xüsusi şadyanalıqla, yürüyərək "həmŞura"larıyla bölüşmək istəyir. Videodan da görünür ki, digər iştirakçılardan fərqli olaraq, Hacıbəyli "videoqeybət"ə küçədən qoşulub... Bu xəbərdən də elə küçədəcə, yürüyə-yürüyə ekstaza gəlib. Beləcə yaşantılarının bütün elementlərini telefonunun kamerasına yansıtmaq üçün haldan-hala düşən Gültəkin Hacıbəyli "videoqeybət"ə qoşular-qoşulmaz qəhqəhələri ilə bütün küçəni başına götürüb deyir:

- A millət, a millət, xəbəriniz var, xəbəriniz var... Hamınızı təbrik edirəm, yeri gəlmişkən... Neft 14 dollara düşüb...

Doğrusu, videodan Gültəkin Hacıbəylinin eyni sözləri hansı səbəblərdən "əks-səda" effekti ilə təkrarladığını müəyyənləşdirmək olmur. Bəlkə də qısa fasilələrlə həm eşitdiyi, həm də paylaşdığı xəbərin ani xoşbəxtliyi hisslərinin dibinə vurub geri qayıdır və "əks-səda" effekti yaradır...

Bu xəbərin "videoqeybət" iştirakçılarında yaratdığı hisslər barədə, bütün incəliklərinə kimi yazmaq niyyətindən çox uzağam. Amma formal "Milli Şura"nın formal sədri Cəmil Həsənlinin Gültəkin Hacəbəylinin "şad" xəbərindən ən azı onun qədər ekstaza gəldiyini görməmək mümkün deyil. Həsənlinin səsi də başlanğıcda "həmŞura"sı Hacıbəylinin səsi kimi əks-səda verir...

Gültəkin Hacıbəyli: - Cəmil müəllim, şəxsən mən də sizdən təbrik qəbul edə bilərəm, neftin 14 dollara düşməsi münasibəti ilə... Cəmil Həsənli: - Bu... Bu... Bilirsən, bu... bu son hədd olsaydı, təbrik etmək olardı, amma son hədd deyil də...

Təsəvvür edək ki, bu videonu və bu dialoqu başqa ölkələrin vətəndaşları, o cümlədən müxalifət nümayəndələri də izləyirlər. Şübhə etmirəm ki, ağıllarından keçən ilk sual "bu adamlar nəyə və niyə sevinirlər" olacaq... Başa düşməyəcəklər, anlamayacaqlar...

Çünki sağlam düşüncə ilə dövlətinə, xalqına dəyən zərərə sevinən insanları anlamaq mümkün deyil. Çünki neftin qiymətinin aşağı düşməsi sosial problemlərin həllinə, silahlı qvvələrin maddi-texniki bazasının yenilənməsinə, qeyri-neft sektorunun inkişafına, təhsilə, elmə, səhiyyəyə, mədəniyyətə... ayrılan vəsaitlərin azalması deməkdir. Buna isə ancaq və ancaq düşmən sevinə bilər.

Neftin qiymətinin kəskin aşağı həddə düşdüyü zaman kəsiyində Ermənistan mediasını izləyirdim və hətta onların reaksiyaları belə Gültəkin Hacıbəylinin, Cəmil Həsənlinin və onlarla eyni düşüncəni bölüşənlərin münasibətindən daha yumşaq görünürdü. Hətta Ermənistan siyasətçiləri belə neftin ucuzlaşmasından Rusiyada yaşayan ermənilərin ziyan çəkəcəyini, gəlirlərinin azalacağını və bunun öz ölkələrinə, ailələrinə göndərdikləri vəsaitlərdə də özünü büruzə verəciyini deyib, narahatlıqlarını ifadə edirdilər...

"Milli Şura"dakılar isə sevinirlər...

Bu "videoqeybət" heç şübhəsiz ki, "Milli Şura" rəhbərliyinin anti-milli mahiyyətinin bariz nümunələrindən biridir və bu adamların öz xalqlarına, ölkələrinə düşmən mövqedə dayandıqlarını bir daha sübuta yetirir.

Sübuta yetirir ki, bu anti-Milli Şuranın hədəfi hakimiyyət uğrunda mübarizə deyil, Azərbaycan dövləti, xalqı, Vətənimizin bu günü və gələcəyidir.

İqtisadiyyatının önəmli bir hissəsini enerji sektoru təşkil edən bir ölkənin parlamentində təmsil olunmuş, prezident seçkilərində namizəd kimi iştirak etmiş şəxsin neftin qiymətinin 14 dollardan da aşağı düşəcəyi günü gözlədiyini və yalnız bundan sonra ürəkdən sevinərək, onunla eyni siyasi əxlaqı və düşüncəni bölüşənləri təbrik edəcəyini bildirməsi, deqrodasiyanın, anti-milli düşüncənin ən son həddidir. Bilmirəm, özləri bunun fərqindədirlər ya yox, amma hesab edirəm ki, bu adamlar əgər ibtidai-icma dövründə yaşasaydılar, heç tayfa, qəbilə başçısı da ola bilməzdilər. Çünki bunun üçün ən azı tayfa, yaxud qəbilənin mənafeyini düşünə biləcək bir qafaya sahib olmaq gərəkərdi. Bu adamların neondertal qafaları ilə dövlətçi təfəkkür arasında isə ən azı 150 min illik bir məsafə var.

Bu necə düşüncədir? Bu necə mənəviyyatdır? Öz xalqının, dövlətinin pis gününü arzulayan bir insan, yaxud insanlar toplusu hansı haqla Azərbaycan torpağının üzərində gəzə bilir, görəsən? Ayaqlarının altından...

Qənimət Zahid məlum videoda "neftin qiymətinin sürüşdüyünü" deyir. Görünür neftin qiymətini özünün siyasi və jurnalist fəaliyyətilə səhv salıb. Belələrinə görə bu dünyada hər şey buz üstə hərəkət edir, hətta dövlətin və xalqın maraqları da...

Neftin qiyməti, şübhəsiz ki, son həddə düşməyəcək, yüksələcək! Azərbaycan da həmçinin! Azərbaycan xalqı və dövləti pandemiya sınağından uğurla çıxacaq, islahatlar dərinləşdiriləcək, ölkə iqtisadiyyatının diversifikasiyası, qeyri-neft sektorunun inkişaf prosesi sürətlənəcək, ancaq bu adamlar ömürləri boyu son həddə qalacaqlar...

Elçin Mirzəbəyli