ASEAN Gənclər Təşkilatının internet səhifəsində Azərbaycanın tolerantlıq mühitindən bəhs edən məqalə yayımlanıb Siyasət

ASEAN Gənclər Təşkilatının internet səhifəsində Azərbaycanın tolerantlıq mühitindən bəhs edən məqalə yayımlanıb

İndoneziyada fəaliyyət göstərən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) Gənclər Təşkilatının internet səhifəsində Azərbaycandakı zəngin tolerantlıq mühitindən bəhs edən məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, “Tolerantlıq ölkəsindən ASEAN gəncləri üçün öyrəniləcək dərs” adlı məqalənin müəllifi təşkilatın layihələrin inkişaf etdirilməsi bölməsinin rəhbəri Hendi Santosodur. Məqalədə Asiya və Avropa mədəniyyətlərinin qovşağında yerləşən və qədim mədəniyyətə malik olan Azərbaycanın həm də əsrarəngiz təbiətə və füsunkar memarlıq abidələrinə sahiblik etdiyi vurğulanıb. Ölkəmizdə bir çox turistik məkanların olduğunu bildirən müəllif UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İşərişəhər haqqında məlumat verib.
Müəllif Azərbaycanda tarix boyu bir çox etnik və dini qrupların sülh və harmoniya şəraitində birlikdə yaşadığına diqqət çəkərək, tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan ölkəmizin fəxrlə “Tolerantlıq ölkəsi” adlandırıla biləcəyini qeyd edib.
ASEAN ölkələrinin yerləşdiyi bölgədə din, terrorizm və ekstremizm zəminində baş verən münaqişələrə istinad edən müəllif, ASEAN gənclərinin bu kimi münaqişələrin aradan qaldırılmasında Azərbaycanın tolerantlıqla bağlı zəngin təcrübəsindən istifadə edə biləcəyini vurğulayıb. H.Santoso ölkəmizdəki milli, etnik, mədəni və dini fərqliliklərə baxmayaraq, insanların nümayiş etdirdikləri tolerantlıq münasibətlərini, ölkəmizin təşəbbüsü ilə mədəniyyətlərarası dialoq fəaliyyəti çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan fərqli dini inanclara sahib insanları bir araya gətirən və təcrübə mübadiləsini təşviq edən layihələri uğurlu və nümunəvi təcrübə kimi təqdim edib.
Məqalədə Azərbaycanda multikulturalizmi və tolerantlığı təşviq edən və dəstəkləyən düzgün, düşünülmüş dövlət siyasətinin mövcudluğuna diqqət çəkilərək, bu uğurda cəmiyyətdə müxtəlif etnik və dini icmalar arasında güclü tolerantlıq və qarşılıqlı hörmət ənənələrinin qorunmasına səy göstərən və həmin icmaların hər cür qayğısına qalan dövlət rəhbərlərinin rolunun danılmaz olduğu xüsusilə vurğulanıb.
Ölkəmizin multikulturalizm və tolerantlıq sahəsindəki uğurlarına ətraflı şəkildə yer verən H.Santoso yekunda ASEAN gənclərini Azərbaycan təcrübəsini öyrənməyə dəvət edərək, məqaləni ulu öndər Heydər Əliyevin ifadə etdiyi “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”, - müdrik fikri ilə başa vurub.