Müsavat partiyası növbədənkənar qurultaya gedir? Siyasət

Müsavat partiyası növbədənkənar qurultaya gedir?

Vurğun Əyyub: "Partiyanın indiki rəhbərliyini qeyri-legitim hesab edirəm"

Müsavat Partiyasının sonuncu qurultayının rəsmi nəticələrini tanımayan şəxslərin yaratdığı işçi qrup toplantı keçirib. Müsavatın sonuncu qurultayında başqanlığa namizəd olmuş Qubad İbadoğlu bildirib ki, işçi qrupun dekabrın 3-də keçirilən son toplantısında Müsavatın növbədənkənar qurultayının çağırılması və partiyada fraksiya yaradılması məsələləri müzakirə edilib. Toplantıda növbədənkənar qurultayın çağırılması üzrə təşəbbüs qrupu yaradılıb. Təşəbbüs qrupunun işini təşkil etmək, qrupu formalaşdırmaq Qubad İbadoğluna tapşırılıb.
Toplantı iştirakçıları Müsavat Partiyasında fraksiya yaradılmasını da məqbul hesab ediblər. Fraksiyanın yaradılmasını təşkil etmək partiyanın son qurultayında başqanlığa namizəd olmuş digər şəxsə - Tural Abbaslıya həvalə edilib.
Tural Abbaslı bildirib ki, hələlik fraksiyanın nə vaxt elan ediləcəyi, adının necə olacağı bilinmir, amma bu məsələlərə tezliklə aydınlıq gətiriləcəyi gözlənir.
Toplantıda növbədənkənar qurultayın çağırılması üzrə təşəbbüs qrupu ilə fraksiyanın yaradılması işini koordinasiya etmək də qərara alınıb.
"Mən indiki məqamda yenidən qurultay keçirilməsinin tərəfdarı deyiləm və bunun texniki və siyasi baxımdan mümkün olmadığını düşünürəm",- deyən Tural Abbaslının sözlərinə görə, istənilən halda nizamnaməyə əsasən növbədənkənar qurultay barədə son qərarı partiyanın Məclisi verməlidir: "Nəzərə alsaq ki, Məclisdə Arif Hacılının tərəfdarları üstünlük təşkil edir və deməli bu məsələnin imkansızlığı bir daha ortaya çıxır. Odur ki, indiki məqamda partiyadaxili barışığı və demokratiyanı təmin etmək üçün fraksiyanın yaradılması daha faydalı ola bilər".
Müsavat partiyasının Qadınlar Birliyinin sədri Ellada Məmmədli deyib ki, noyabrın 8-də yaranan İşçi Qrupunun fəaliyyyəti başa çatıb: "Qərara alınıb ki, növbədənkənar qurultayın çağırılması üçün Təşəbbüs qrupu yaradılsın. Buna məsul şəxs Qubad İbadoğlu seçilib. İkincisi isə fraksiyanın yaradılması məqbul hesab edilib. Bunun məsuliyyəti isə Tural Abbaslının üzərinə düşüb. Hər iki qurum bir-biri ilə əlaqəli şəkildə işləyəcək". E.Məmmədli bildirib ki, növbədənkənar qurultayla bağlı təşəbbüs qrupunun məqsədi partiyada yaranmış vəziyyəti müzakirə etmək, partiyadan xaric olmaların, əsası olmayan saxta bəyanatların və o çümlədən avtoritar idarəçiliyin, qurultaydan öncəki qanunsuzluqların qarşısını almaqdır.
Növbədənkənar qurultaya hazırlıq məsələsi də təşəbbüs qrupunun funksiyasına daxil edilib.
Müsavat Partiyasının üzvü Vurğun Əyyub isə "yeni yaratdığımız hərəkatı Müsavatda kim necə qarşılayır özü bilər, öz işləridir",- deyə bildirib. Başqanlığa keçmiş namizəd Qubad İbadoğlu ilə birgə yaratdıqları hərəkatın Müsavatda etiraza səbəb olmasına münasibət bildirən Vur]un Əyyub iradların əsassız olduğunu deyib: "Hərəkat yaradılanda bunun məqsədləri bəyan edilib. Başqa deyiləsi söz yoxdur. Haqqımda kiminsə nə deməsi məni qətiyyən maraqlandırmır. Partiyanın indiki rəhbərliyini qeyri-legitim hesab edirəm. Qurultayda sərbəst Məclis üzvü seçilməyimə baxmayaraq, özümü Məclis üzvü hesab etmirəm. Digər seçilənlər də legitim deyil. Ona görə də onların atacaqları hansısa addım məni qətiyyən narahat etmir".
Partiyanın sədr müavini Gülağa Aslanlı isə mətbuata açıqlamasında bunu şəxsi istəklərin həyata keçirilməsi istiqamətində atılan addım kimi qiymətləndirib:
"Qurultayın nəticələrini seçki komissiyasının bütün üzvləri tanıyıb və lehinə səs verib. Əgər kimlərsə belə olan təqdirdə növbədənkənar qurultayın keçirilməsini israr edirsə, bu şəxsi istəklərin həyata keçirilməsinə xidmət edir. Düşünürəm ki, bu istiqamətdə yaradılan təşəbbüs qrupu da Müsavatçılıq ideyasına xidmət etmir".

Əli