Azərbaycanla İtaliya müxtəlif sahələrdə möhkəm əlaqələr qurub – Deputat Siyasət

Azərbaycanla İtaliya müxtəlif sahələrdə möhkəm əlaqələr qurub – Deputat

Azərbaycan Prezidenti Vətən müharibəsinin davam etdiyi günlərdə bildirmişdi ki, bu müharibə Azərbaycan üçün həqiqət anıdır. Bu günlərdə bizə dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq. Dövlət başçımızın İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söylədiyi fikirlər Azərbaycanı hər zaman olduğu kimi dostluğa yüksək qiymət verdiyini təsdiq edir.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-İtaliya, Parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü Soltan Məmmədov bildirib.

Onun fikrincə, 44 günlük Vətən Müharibəsində işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək quruculuq tədbirləri böyük siyasi mənaya və ciddi iqtisadi əhəmiyyətə malikdir.

S.Məmmədov Azərbaycanla İtaliyanın müxtəlif sahələrdə möhkəm əlaqələr qurduğunu, iki ölkənin bir çox istiqamətlrədə maraqlarının üst-üstə düşdüyünü vurğulayıb:

“Azərbaycan üçün İtaliyanın, İtaliya üçün isə Azərbaycanın iqtisadi əhəmiyyəti kifayət qədər böyükdür. Eyni zamanda, iki ölkəni birləşdirən geosiyasi maraqların da olduğunu nəzərdən qaçırmaq olmaz. Ən əsas məqam ondan ibarətdir ki, hər iki tərəf əlaqələrin inkişafında, əməkdaşlıq spektrinin genişlənməsində maraqlı olduğunu fəaliyyəti ilə nümayiş etdirir”.

Deputat hesab edir ki, İtaliyanın Azərbaycanın birinci ticarət tərəfdaşı olması, yaxın vaxtlarda istismara verilməsi planlaşdırılan TAP layihəsi üzrə əməkdaşlıq mövcud əlaqələrin qarşılıqlı inama əsaslandığının göstəricisidir. Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlərdə dövlətlərarası əlaqələrdə qarşılıqlı etimad ən mühüm amillərdən biri kimi çıxış edir.

S.Məmmədov qeyd edib ki, bu həm İtaliya şirkətləri üçün yeni fəaliyyət sahəsi olmaqla yanaşı, əlaqələrin tarixində də yeni bir səhifə açacaq. Deputat vurğuayıb ki, bu tədbirlərdə iştirak edən İtaliya şirkətləri şübhəsiz ki, iqtisadi fayda götürəcək:

“Eyni zamanda, Azərbaycanla İtaliya arasında əlaqələrin daha geniş müstəvidə inkişafı üçün də imkanlar yaradır. Bundan başqa, cənab Prezidentin söylədiyi fikirlər həm də Vətən Müharibəsi zamanı qərəzli mövqe tutan, Azərbaycanın beynəlxalq hüquqa, tarixi ədalətə söykənən haqlı mübarizəsini müdafiə etməkdən çəkinən ölkələr üçün ciddi bir mesaj kimi qəbul oluna bilər. Güman edirəm ki, Azərbaycanın haqq işini dəstəkləyən digər ölkələrin də şirkətləri işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək işlərdə fəal iştirak etmək imkanı qazanacaqlar”.