Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr əbədidir Siyasət

Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr əbədidir

Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr əbədidir və əminəm ki, qarşıdan gələn 10 illiklərdə də bu əlaqələr möhkəmlənəcək və inkişaf edəcək.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda deyib.

Hikmət Hacıyev bildirib ki, ölkə liderləri şəxsində aparılan siyasət iki ölkə arasında inkişafın nümunəvi şəkildə həyata keçirilməsinə imkan verir.

PA rəsmisi qeyd edib ki, bizim vəzifəmiz iki ölkə arasında əlaqələri bütün istiqamətlərdə inkişaf etdirməkdir.

Hikmət Hacıyev Azərbaycanın öz ərazilərini işğaldan azad etdiyini və bunun indi regionumuzda yeni imkanlar açdığını deyib.

Hikmət Hacıyev bildirib ki, bu xüsusda bütün regionun geniş mənada geosiyasətini dəyişdirərək əməkdaşlığa və inkişafa yönəltmək istiqamətində Türkiyə ilə Azərbaycan qarşısında mühüm vəziflər durur.

PA rəsmisi bildirib ki, Türkiyə Cənubi Qafqazın hər üç ölkəsi ilə həmsərhəddir. Ona görə də Türkiyə regionda əldə olunmuş kövrək sülhün davamlı sülhə çevrilməsində mühüm rol oynamalıdır. Azərbaycanla Türkiyənin sıx birliyi üçün möhkəm zəminlər var.
PA rəsmisi qeyd edib ki, Azərbaycan ilə Türkiyə TAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi qlobal layihələri birgə həyata keçirib. Türkiyə və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində və diaspor sahəsində də sıx əməkdaşlıq edir.

Hikmət Hacıyev deyib ki, Türkiyə ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın Vətən müharibəsində uğurlu nəticə verib: “Bayraktarların döyüşlərdə nə qədər faydalı olduğunu gördük. Bütün bunların arxasında böyük elmi potensial dayanır”.

Hikmət Hacıyev bildirib ki, Türkiyə ilə Azərbaycan arasında da elm sahəsində sıx əməkdaşlıq mövcuddur: “Qarşıdan gələn müddətdə bizim əsas məqsədimiz bu əməkdaşlığımızı daha da möhkəmləndirməkdir”.

PA rəsmisi qeyd edib ki, bu əməkdaşlıq regionda sülhü gücləndirir, bu əməkdaşlıq heç kimin əleyhinə yönəlmir, regionda hər kəs bu əməkdaşlıqdan faydalana bilər. Ermənistan da öz işğalçılıq siyasətindən əl çəkərsə, regionda əməkdaşlıqdan faydalana bilər və onun üçün də yeni imkanlar açıla bilər.