Cəbhə xəttində hər gün artan gərginlik Siyasət

Cəbhə xəttində hər gün artan gərginlik

İşğalçı dövlət hər gün sərhəd bölgəsində dinc əhalini atəşə tutur

Cavid

Yanvarın 3-də Ermənistan ordusunun bölmələri iri çaplı silahlardan, tank əleyhinə qumbaraatanlardan, 60 və 82 millimetrlik minaatanlardan istifadə etməklə Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrini intensiv atəşə tutublar.
Azərbaycan Müdafiə Nazirliyi birmənalı şəkildə bəyan edir ki, kəndlərin və dinc əhalinin atəşə məruz qalması Azərbaycan tərəfini qəti surətdə bütün hərbi imkanlardan istifadə etməklə adekvat və sərt tədbirlər görməyə məcbur edir, bu Ermənistanın Silahlı Qüvvələrinin daha ağır və sarsıdıcı itkilər verməsinə səbəb olacaq, məsuliyyət isə tamamilə səbatsız erməni rəhbərliyinin üzərinə düşəcəkdir.
Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş torpaqlarımızın düşməndən azad olunmasına tam hazırdır və bu haqq savaşında qalib gələcəyimizə əminik.
Ermənistan tərəfi isə atəşkəs rejiminin pozulmasında rəsmi Bakını ittihamlayıb. Lakin rəsmi Bakı düşmən ölkənin ittihamlarını eədd edir. Azərbaycanın Xarici işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi kobud şəkildə pozularaq, Azərbaycan Respublikasına qarşı təcavüz edilmiş və Azərbaycanın əraziləri işğal edilmişdir: "Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğalının davam etdirilməsi və işğal olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələrinin mövcudluğu yalnız neqativ fəsadlara yol aça bilər. Ermənistan işğal olunmuş Azərbaycan ərazilərindən öz işğalçı silahlı qüvvələrini çıxarmayaraq, regionda təhlükə və gərginliyin artmasına və insan tələfatına rəvac verir. İşğalçı və təcavüzkar dövlət kimi buna görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür".
Dünən də Ermənistan tərəfi cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 83 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,erməni silahlı bölmələri Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Millət vəkili Fuad Muradov son günlər ermənilərin atəşkəs rejimini hansı səbəbdən pozmasını şərh edərkən deyib ki, ermənilər tərəfindən bu cür yanaşmaları tez-tez görürük. Amma dünya ictimaiyyəti də görür ki, Ermənistan bütün öhdəliklərininin yerinə yetirilməsindən boyun qaçırır. Onun sözlərinə görə, beynəlxalq təşkilarla yanaşı dünya ictimaiyyətində belə bir fikir formalaşıb ki, bu, Ermənistanın siyasətidir: "Onlar bütün danışıqlardan qaçaraq vaxtı uzatmaq və vəziyyəti indiki kimi saxlamaq niyyətindədirlər. Digər tərəfdən Serj Sarkisyan nəsə etməlidir ki, daxili problemlərlə bağlı insanların fikirləri dəyişsin. Həmin fikirlər isə Dağlıq Qarabağ məsələsi ilə bağlıdır. Bütün bu hərəkətlərlə Sarkisyan bəyan edir ki, korrupsiyaya bulaşmış insanı hakimiyyətdən devirsəniz, o zaman ermənilər torpaqları itirə bilər". Millət vəkili onu da qeyd edib ki, atəşkəs rejiminin pozulması hər dəfə ya xarici işlər nazirlərinin görüşü, ya da ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı müşahidə olunur: "Ermənistan dövlət rəhbərliyinin əsas məqsədi odur ki, özünü və ətrafdakıları qoruyub saxlaya bilsin və onlar da Ermənistan xalqını talamağa davam etsinlər. Ali baş komandanımız İlham Əliyev hər dəfə bəyan edir ki, torpaqlarımızın işğaldan azad olunmasını istənilən vaxt həyata keçirə bilərik. Bu danılmaz faktdır ki, Ermənistan separatizm üzərinə qurulan dövlətdir. Bu dövlətin mahiyyəti isə başqalarının əlində alət olmaq, parçalamaq, öz insanlarını diaspor təşkilatları vasitəsi müxtəlif ölkələrdə yerləşdirməkdir".
"Ermənilər hər zaman Böyük Ermənistan Respublikası yaratmaq sevdası ilə yaşayıblar. Bir sıra beynəlxalq təşkilatlar var ki, onlar da ölkəmizə qarşı qərəzli münasibət bəsləyirlər. Bunlara misal olaraq, "Freedom House", "Human Rights" və bu kimi təşkilatları göstərmək olar. Həmin təşkilatların əsas məqsədləri də Azərbaycanda stabilliyi pozaraq öz dediklərini yeritmək və özlərinə uyğun hakimiyyəti formalaşdırmaqdır. Bir sözlə, Azərbaycanın ərazi bütövlüyü məsələsi gündəmə gələndə bəzi beynəlxalq təşkilatlarda olan insanlar ya susurlar, ya da Ermənistanın mövqeyini tuturlar. Lakin bir həqiqət də var ki, Azərbaycanın ədələtli mövqeyini dəstəkləyən insanlar da çoxdur. Bugünkü nüfuzumuz onu deməyə əsas verir ki, bir çox beynəlxalq təşkilatlar Azərbaycandakı inkişafı görüb bizimlə sıx əməkdaşlıq etməyə təşəbbüs göstərirlər" – deyə millət vəkili Fuad Muradov məsələ ilə bağlı fikirlərinə əlavə edib.
Qarabağ Azadlıq Təşkilatının (QAT) yaydığı məlumatda isə bildirilir ki, düşmən torpaqlarımızdan geri çəkilmək istəmir, mütəmadi olaraq atəşkəsi pozur, hətta Azərbaycana qarşı hücum və diversiya-kəşfiyyat xarakterli hərəkətlərdən də çəkinmir: "Dünya birliyi, beynəlxalq təşkilatlar da bu gün işğalçı dövlətlərə qarşı daha obyektiv mövqe tutmağa çalışır, Ukraynaya qarşı Rusiyanın işğalçılığını, Fələstinə qarşı İsrailin işğalçı hərəkətlərini pisləyir. Belə şəraitdə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə, işğalçı dövlətə qarşı hərbi əməliyyatlara tam haqla başlaya və ciddi nəticələrə nail ola bilər. İndi beynəlxalq hüquq və beynəlxalq şərait Azərbaycanın tərəfindədir. İşğalçı Ermənistanın atəşkəs rejimini kobud şəkildə pozması, ölkəmizin içərilərinə doğru irəliləmək cəhdləri, əsgərlərimizi qətlə yetirməsi, dinc sakinləri girov götürməsi, girovları öldürməsi və meyitləri geri qaytarmaq istəməməsi bizə tam əsas verir ki, torpaqlarımızı azad etmək üçün hərbi əməliyyatlara başlayaq.
"Ağ Yol" Vətəndaş Hərəkatı da Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması və insan təlafatına səbəb olan hərəkəti ilə bağlı bəyanat yayıb.
"Ağ Yol" Vətəndaş Hərəkatı Ermənistanın atəşkəs rejimini pozaraq Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərini öldürməsinı və bununla bərabər sülh prosesini pozmasını şiddətlə qınayır: "Ermənistanın bu vəhşiliyi fonunda ATƏT-in Minsk Qrupu həmsədrlərinin bayağı çağırışı bizi daha da təəssüfləndirir. Ermənistanın işğalçı hərəkətini pisləmək əvəzinə, onlar ənənələrinə sadiq qalaraq, yenə də status-kvo barədə danışırlar.
Bu gün Azərbaycan anaları və bacıları gözüyaşlı qalır, cavan Azərbaycan əsgərləri yaşamını itirir. Milyondan çox Azərbaycan qaçqın və məcburi köçkünləri Azərbaycan hakimiyyətindən və Prezidentindən qətiyyətli addım gözləyir, müharibənin bağlanmasını və ermənilərin doğma yurd və yuvalarından qovulmasını tələb edir. Bütün bu daxili təzyiqlərə baxmayaraq Azərbaycan Prezidenti və xalqı sülh prosesinə sadiqlik nümayiş etdirib, ermənilərə geniş muxtariyyət vəd edib, amma yenə də məkrli düşmən öz mövqeyindən geri çəkilməyib.
ATƏT-in Minsk Qrupu həmsədrləri isə münaqişənin həllinə turizm kimi yanaşmaqda davam edirlər. VİP xidmət, biznes klass təyyarə biletləri, beş ulduz hotellər və qayğısız həyat Dağlıq-Qarabağ münaqişəsini sanki onlar üçün bir turizm marşrutuna çevirib. Belə görünür ki, onlar status-kvonun qalmasında və turizm fəaliyyətlərini davam etdirmək niyyətindədirlər. Buna çox təəssüf edirik. ATƏT-in Minsk Qrupu Ermənistanı işğalçı olduğuna görə müdafiə etməkdən vaz keçməlidir. Azərbaycanla bağlı ritorikalarına isə diqqətli yanaşmalıdır. Çünki, Azərbaycan işğalçı yox, zərərçəkən tərəfdir. BMT-nin qəbul etdiyi 4 qətnamə yerinə yetirilməmiş qalır. Əgər qətnamə yerinə yetirilməyəcəksə və BMT öz qərarına özü hörmət etmirsə, o zaman dünyada sülh və tərəqqidən danışmaq absurd deyilmi? "Ağ Yol" Vətəndaş Hərəkatı inanır ki, beynəlxalq təşkilatlar Ermənistanın işğalçı siyasətinə və vəhşiliyinə susqun qalmayacaq və atəşkəs rejimində öldürdüyü günahsız qurbanlara görə onu cavab verməyə məcbur edəcəklər".