Gülağa Aslanlı partiya üzvlərini hədələdi Siyasət

Gülağa Aslanlı partiya üzvlərini hədələdi

"ADR-in təsis konfransına gedənlər cəzalandırılacaqlar"

Qubad İbadoğlu: "Belə anti-demokratik açıqlamalar partiyanın onsuz da gündən-günə azalan nüfuzuna ciddi zərbədir"

Səxavət Əlisoy: "Onların yalnız bir dili var - cəzalandırmaq və partiyadan qovmaq, dialoq dilləri yoxdur"

Ellada Məmmədli: "Partiya rəhbərliyi idarəçilikdə qüsura yol verir, azadfikirli insanları partiyadan çıxarır"

Fevralın 21-də Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunun rəhbərlik etdiyi Demokratiya və Rifah Hərəkatı təsis konfransı keçirəcək. Bu barədə mətbuata açıqlama verən hərəkatın üzvü, Müsavat Partiyası Qadınlar Birliyinin rəhbəri Ellada Məmmədli deyib ki, ADR-in 30 rayon təşkilatı, gənclər və qadınlar qolu olaraq təşəbbüs qrupu yaradılıb. Təşkilat Naxçıvanda da şöbə yaradıb. ADR-in təsis olunması Müsavat partiyasında narahatlıqla qarşılanıb. Müsavat başqanının müavini Səxavət Soltanlı ABŞ Dövlət Departamentinin Amerika vətəndaşlarına "filan ölkəyə getməyin" tipli bəyanatına oxşar şəkildə müsavatçılara "ADR-in təsis yığıncağına qatılmayın" mesajını verib. Səxavət Soltanlı deyib: "Üzvlərimizə də tövsiyə edərdim ki, orda təmsil olunmaları onlar üçün uğur vəd etmir. O təşkilat Müsavata qarşı yaradılmış formal bir təşkilat olacaq. Ona görə də üzvlərimizə də tövsiyə edərdim ki, doğru qərar versinlər. Özləri də görəcəklər ki, o təşkilat Müsavata qarşı yaradılmış formal bir təşkilat funksiyasını üzərinə götürəcək". Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə deyib ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatında təmsil olunan Müsavat Partiyasının üzvləri nizamnaməni pozduqları halda cəzalandırılacaqlar: "Həmin qurumda təmsil olunan Müsavat üzvləri hər hansı nizamnamə pozuntusuna yol verəcəklərsə, bunlar partiya rəhbərliyi tərəfindən araşdırılacaq və nizamnaməyə uyğun tədbir görüləcək. Orada təmsil olunanların əksəriyyəti Müsavat Partiyasından çıxarılmış və ya istefa vermiş şəxslərdir. Ancaq hazırda partiya üzvü olan şəxslər də var ki, onlar nizamnamə pozuntusuna yol verəcəklərsə, cəzalandırılacaqlar". ADR-in Təşkilat Komitəsinin üzvü, Müsavat Partiyası Qadınlar Birliyinin sədri Ellada Məmmədli isə bildirib ki, ADR ictimai hərəkat olduğu üçün həm orada, həm də Müsavatda fəaliyyətini davam etdirəcək və bu, nizamnamə pozuntusu deyil. Ellada Məmmədli onu da deyib ki, Müsavat Partiyası Qadınlar Birliyinin buraxılması üçün zəmin hazırlayırlar.
Görünən odur ki, Ellada Məmmədlinin ADR-ə qoşulması, toplantılarda iştirak etməsi Müsavat üçün problemdir. Əgər ADR-in təsis yığıncağı ləngisəydi, Qubad İbadoğlunun ardınca digər funksionerlər də partiyadan çıxarılacaqdı. Özəlliklə, Vurğun Əyyubun partiyadan, Ellada Məmmədlinin Müsavat Qadınlar Təşkilatının sədri vəzifəsindən çıxarılması gözlənilirdi. Daha doğrusu, Arif Hacılının komandası bunu edəcəkdi. Lakin vaxt uduzuldu. İndi ADR müsavatçılar üçüm çox cəlbedicidir. Çünki bu qurumun təsis olunmasında bir sıra tanınmış müsavatçılar iştirak edir. Müsavatın rayon təşkilatından da quruma qoşulanlar var. Arif Hacılı müsavatçıların ADR-ə qoşulmasının qarşısını ala bilmədi. Səxavət Soltanlı, Gülağa Aslanlının çağırışı, hədə bəyanatları o qədər də effektli olmayacaq. Yəqin ki, ADR-in təsis yığıncağına xeyli sayda müsavatçı gələcək. Fevralın 21-i müsavatçılar üçün seçim anıdır. ADR-in təsis yığıncağında olanlar Müsavatda olmayacaqlar. Təsis yığıncağı Qubad İbadoğlunun gücünü göstərəcək, perspektivini müəyyən edəcək. Bu yığıncaqla Müsavatın parçalanması rəsmiləşəcək. Yığıncaqda iştirak edən müsavatçılar böyük ehtimalla partiyadan xaric olunacaqlar. Baş verənlər göstərir ki, Müsavatın birliyini qorumaq mümkün olmadı. Partiya ilk dəfədir ki, bu miqyasda parçalanma və qopmalara məruz qalır. ADR-ə gəlincə, güman ki, seçkiyə qədər bu qurum ictimai təşkilat olaraq fəaliyyət göstərəcək. ADR gələn ilin martına qədər partiyaya çevriləcək.
Onu da əlavə edək ki, Gülağa Aslanlı ADR rəhbərliyini nizamnaməni pozmaqda günahlandırmışdı. Bu ittiahama cavab verən Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin sədri, Divanın qərarı ilə partiyadan kənarlaşdırılan Qubad İbadoğlu "nizamnaməni pozanlar bu cür açıqlama verənlərdir və ilk cəzanı da Nizamnaməyə zidd bəyanatla çıxış edənlərə vermək lazımdır. Çünki bu açıqlama nəinki Müsavat Partiyasının Nizamnaməsinə, ən əsası Azərbaycan qanunvericiliyinə və insanların fundamental azadlığına ziddir. Onlar bilməlidirlər ki, istənilən şəxs azad şəkildə ictimai təşkilatlarda birləşə və fəaliyyət göstərə bilər. Bu, hər bir vətəndaşın fundamental hüquqlarından biri olan birləşmək hüququdur. Bu dəyərlərə hörməti olmayan adamların siyasi fəaliyyətlə məşğul olması partiyadakı vəziyyəti aydın göstərir",-deyə bildirib. Q. İbadoğlu deyib ki, partiya daxilində Nizamnamə norması insanların ictimai mənsubiyyətinə görə tətbiq oluna bilməz: "Bu açıqlama həm də Müsavatda partiyadaxili demokratiyanın olmamasının, əks fikirə dözümsüzlüyün göstəricisidir. Belə anti-demokratik açıqlamalar partiyanın onsuz da gündən-günə azalan nüfuzuna ciddi zərbədir.
Bu açıqlama mənim partiyadan nəyə görə uzaqlaşdırıldığıma da aydınlıq gətirdi. Bu açıqlama göstərdi ki, mənim partiyadan uzaqlaşdırılmağım rəhbərlik etdiyim Azərbaycan Demokratiya və Rifah Hərəkatının uğurlarına görədir, bu qərar hüquqi deyil, siyasi müstəvidə sifarişlə və rəqiblərə qarşı qeyri-sağlam yanaşmadan, qısqanclıqdan irəli gələrək verilib. Bu isə acizlərə məxsus xüsusiyyətdir. Bu açıqlama Müsavat Partiyasında yeni "təmizləmə" əməliyyatlarına başlanacağından da xəbər verir. Belə gedişlə bir də görəcəklər ki, partiyada mövcud rəhbərlikdən başqa heç kim qalmayıb. Onlar hələ də başa düşmürlər ki, sıravi üzvlərsiz rəhbərlik heç kimə lazım olmayacaq".
ADR Təşkilat Komitəsinin üzvü Səxavət Əlisoy deyib ki, ADR ictimai hərəkat olduğundan siyasi partiya rəhbərləri yığıncağa dəvət olunmayacaq: "Cəmiyyətdə nüfuza malik bitərəf ziyalılar, bəzi gənclər təşkilatları və QHT-lər konfransa qatılacaq. Gələcəkdə hər hansı tədbir keçiriləndə və ya qurultayımızda başqa siyasi partiyalardan da dəvətlilər olacaq".
O, partiya tempi ilə təşkilatlanan ADR Hərəkatının partiyaya çevrilmə perspektivinə də toxunub: "Hərəkat siyasi partiyadan da böyük anlayışdır. ADR-in hərəkat kimi qalması və ya siyasi partiyaya çevrilməsi istiqamətində müzakirələri davam etdiririk. Ayrı-ayrı qüvvələr var ki, bizimlə birləşmək üçün mesajlar göndərirlər. Biz bu ərəfədə məsələləri konfransdan sonraya saxlamışıq. Bütün gücümüzü təşəbbüs qruplarının yaradılmasına yönəltmişik. Çünki qarşıya məqsəd qoymuşduq ki, Azərbaycanın ən azı 30 rayonunda təşəbbüs qrupu yaradaq. Bizim yeni sultan, padşah, əvəzolunmaz lider yetişdirmək planımız yoxdur. ADR kollegial qaydada idarə olunur və olunacaq da. Şəffaf olacağıq, media ADR-də baş verən proseslər barədə anında dəqiq məlumatlar alacaq. Bu gün kəsin olaraq heç kəs deyə bilməz ki, ADR sabah partiyaya çevrilməyəcək. Hərəkatın partiyaya çevrilməsini istəyənlər də, hərəkat kimi qalmasının tərəfdarları da var. Azərbaycanın bütün rayonlarında təşkilatlanma prosesinin gedişində hansı gücə malik olduğumuz üzə çıxacaq".
S.Əlisoy Müsavat rəhbərliyinin ultimatumunu da şərh edib: "ADR rəhbərliyində ortaq məxrəcə gəldiyimiz bir fikir var ki, pozitiv enerjimizi Müsavat rəhbərliyinin səsləndirdiyi sərsəm fikirlərə yönəltməyək. Onların yalnız bir dili var - cəzalandırmaq və partiyadan qovmaq. Dialoq dilləri yoxdur. Bu, saxtakarlara xas olan danışıq tərzidir. Adama sual verərlər, sən kimsən? Demokratik partiyasan, yoxsa cəza dəstəsinin, terror qruplaşmasının üzvüsən, gestaposan, ETTELAAT-sanmı cəzalandırmaqdan danışırsan? Demokratiyada fikrə görə cəzalandırmaqmı var? Bir adam hərəkatı dəstəkləyirsə, ona cəzamı düşür? Sadəcə olaraq, Müsavat rəhbərliyi əndişə içindədir. Müsavatın intellektual kəsiminin böyük qisminin ADR-də təmsil olunması onları ciddi narahat edir. Ona görə də onların ancaq bir danışıq dili qalıb yalnız cəza".

Əli