Xınalıq və xınalıqlılar Layihə

Xınalıq və xınalıqlılar

Xınalıqlılar qədim adət-ənənələrini qoruyub saxlayıblar

IV yazı

Xınalıqlılar qədim adət-ənənələrinə hörmətlə yanaşıb, qoruyub saxlayıblar. Toylar və digər mərasimlər əvvəllər olduğu kimi keçirilir. Qədim sənətlərdən heç biri qorunmayıb. Yalnız yundan toxuculuq, əsasən rəngli corablar toxunulur. Kəndə diqqət artdığından bura turist axını da çoxalıb. Gündəlik həyata xalq mətbəxinə və məişət adətlərinə yeni-yeni adlar daxil olub. Xınalıqlıların əsas məşğuliyyətlərindən biri dərman bitkiləri və otların yığılması və qurudulmasıdır, sonra onlardan həm mətbəxdə istifadə edilir, eləcə də gələn qonaqlara satılır.
Xınalıqda dağın ətəklərindən yamaclara doğru mərtəbə-mərtəbə qalxan, xırman-xırman olan, tala-tala görünən, təmizlənib, hamarlanan sahələr bir birindən aydın seçilir. Əsrlərlə əkin yeri kimi istifadə edilən və bol məhsul verən bu sahələr daha çox terras üsulu ilə əkinçiliyi xatırladır. Vaxtı ilə dəmyə əkinçiliyi üçün istifadə edilən taxtaları Xınalığın hər səmtində görmək mümkündür. Lək-lək, tala-tala olan bu sahələrdən hazırda biçənək, örüş yerləri kimi istifadə edilir. T.Bünyadov: "Əsrlər boyu bu sahələrdən bol məhsul götürülərmiş, sarı buğda qaraqılçıq, zoğal çərdəyi boyda olarmış. Bol taxılı yığıb-yığışdırmaq olmazmış. Buranın taxılı Xınalıq camaatına da yetərmiş, hətta artıq da qalarmış. Əkin yerləri xışla bir neçə dəfə şumlanar, zəmilər çinlə biçilərdi. Su dəyirmanlarında üyüdülən undan təndirdə və ya sacda çörək bişirilərdi. Bu dəmyə taxıldan hazırlanan çörəyin başqa ətri, özgə tamı vardı. Yeməklə doymaq olmazdı. Xınalıqda dədə-babadan arıçılıqla məşğul olublar. Arıçılıq camaatın əsas məşğuliyyətlərindən biri olub. Yüksək keyfiyyətli Xınalıq balı çox məşhur olub. Hazırda Xınalıqda arıçılığın inkişafı üçün son dərəcə əlverişli imkan var. Bu yerlərin min bir çiçəyindən yüksək keyfiyyətli təmiz bal şirəsi əldə etmək olar".
Qədimdə Xınalıqda müxtəlif sənətkarlıq növləri yayılmışdı. Bizim dövrümüzə gəlib çatan əsas sənətkarlıq toxuculuq və onun xüsusi növü olan xalçaçılıqdır. Xınalıqda həm xovlu (xalça, xurcun), həm də xovsuz xalça məhsulları (palaz, kilim, hidyə, əl çantaları, corablar, yəhərüstü) hazırlanır. Kənddə corab toxuma geniş yayılıb. Qiymətinin ucuzluğu turistlər tərəfindən onu geniş alınan məhsul edib. Bu sənət növləri ilə əsasən qadınlar məşğul olurlar. Son vaxtlar Xınalıqda xalçaçılıqla 10-15 ailə məşğuldur. Qədim dövrdən etibarən Xınalıq sakinləri ovçuluqla məşğul olublar. Ovladıqları heyvanlar əsasən, dağ kəli, dağ keçisi idi. Xınalıqlılar qaban ovlasalar da, heç vaxt ətini yeməyiblər. Həmin ovu qonşu kəndlərə göndərirdilər. Ovçular ova getmənin vaxtını heç kimə bildirmir, vurulan heyvanları öz aralarında bərabər bölür, qonşu payı saxlayır, kənar adam rast gələrsə, ona da ovlarından pay verirlər. Xınalıq kəndinin tarixi ərazisi Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2007-ci il tarixli, 2563 nömrəli Sərəncamı ilə "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu elan edilib. Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 220 nömrəli qərarı ilə isə "Azərbaycan Respublikasının "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun əsasnaməsi" təsdiq edilib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun özünəməxsusluğunun qorunub saxlanılması üçün qoruq ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilib, komissiyalar yaradılıb, uyğun işlər aparılıb. Eyni zamanda qoruğun qarşıdakı illər üzrə Dövlət İnkişaf Proqramının layihəsi işlənib. Xınalıqda onlarla ailə (şəxsi evlərdə) turist qəbul edir. İl ərzində kəndə təxminən 250-300 turistə (xarici ölkə vətəndaşlarına) şəxsi evlərdə xidmət göstərilir.
Xınalıqda bələdçilik xidməti də inkişaf edib. Bələdçilər cığırları, tarix və təbiət abidələrini tanıyan, nəqliyyat xidməti təklif edən şəxslərdir. Xınalıq kəndini əhatə edən yaylaqlara və dağlara səyahət etmək istəyən şəxs bələdçinin köməyi olmadan keçinə bilməz. Yerli sakinlər isə zəruri davranış qaydalarını bilirlər. Xınalıqdan Şahdağ yaylağına, Qusar rayonun Laza kəndinə, Xınalıq ətrafındakı dağlara və yaylaqlara turist səyahəti üçün bələdçilər var. Bələdçilik yerli sakinlər üçün qazanc mənbəyidir. Kəndə gələn turistlərə kənd uşaqları tərəfindən, habelə, müxtəlif bitkilər, əsasən kəkotu, ətotu və s. təqdim edirlər.
Tanınmış publisist Flora Xəlilzadənin Xınalıqla bağlı qeydləri maraqlıdır: "Qubanın məşhur kəndlərindən olan Xınalıq rayonun ən ucqar və qeyri-adi yaşayış sahələrindən sayılır. Yaşı minilliklərlə ölçülən Xınalıq Azərbaycanın ən qədim kəndlərindən biridir. Bu kəndin özünəməxsus xüsusiyyətlərindən biri də odur ki, Xınalıq açıq səma altında yerləşən bir muzeydir. Kəndin təkcə təbiət mənzərələrində, relyefində, abidələrində, qədim qəbiristanlıqlarında deyil, adi daşında, qayasında da bir qədimlik var. Vaxtilə bu kəndin başqa yaşayış yerlərilə əlaqəsi yalnız yayda mümkün idi. Onda da keçilməz dağ yollarını, körpüsüz çayları, sıldırım qayalıqları, ensiz cığırları, hər an təhlükə ilə üzləşiləcək gədikləri ancaq və ancaq at belində keçmək olardı. Xalq yazıçısı Anar söyləyir ki, ötən əsrin 60-cı illərində atamla Xınalığa getmişdim. Neçə gün at belində yol getdik. Çox çətinliklə ora çatdıq. Amma gördüyümüz heyrətedici mənzərədən, mehriban insanlardan heç ayrılmaq istəmirdik. İndi də o günləri xatırlayanda qəlbimə bir rahatlıq çökür. Çox ağır, şəraitdə, dağlar qoynunda, soyuq iqlim şəraitində yaşayan insanlar məhz torpaq sevgisinə, vətən eşqinə görə bu yerlərin qayası, daşı kimi doğma torpağa möhkəm yapışmışdılar. Onlar rahatlıq naminə ocaqlarını tərk edib heç yerə getmədilər. Doğrudur, xınalıqlıların dünyada baş verən hadisələrdən, yeniliklərdən o qədər də ətraflı xəbərləri olmurdu. Sanki bu dağ kəndinin insanları öz hücrələrinə çəkilərək Xınalığı yaşatmaq üçün fədakarcasına çalışır, şaxtaya, borana, qara dözüm göstərir, yalnız yaydan-yaya işıq üzünə çıxırdılar. Üzü qibləyə salınmış Xınalıq haqqında danışdıqca adamın qəlbi qəribə duyğularla çırpınır. Dağların başında, qayaların ucunda tikilmiş bir evin damı o biri evin həyətidir, eyvansız evlər, divarların hər daşından bir tarixin səhifəsi boylanır. Sanki bu evlərin hər biri nəhəng qartaldır, eləcə dağa qonub. Qədim qəbiristanlıqlar, ocaqlar, türbələr çox keçmişdən xəbər verir. Özünü burada əski zamanların qoynunda hiss edirsən. Halbuki Xınalığın özündə də yeni yaradılmış tarixi-etnoqrafik muzey var, amma bu kəndin nəinki özü, elə insanları da canlı muzeydir.
Xınalıq atəşgahında icra olunan ayinlərdə qədim türk inancları sisteminin izləri duyulur. Özlərinə məxsus danışıq dili olan xınalıqlıların adət-ənənələrində şumerlərin də izi var. Bizə elə gəlir ki, Xınalıq dərindən araşdırılmalı, onun tarixi keçmişinə, sözün əsl mənasında, aydın işıq salınmalıdır.
Bu onu göstərir ki, Azərbaycan nə qədər zəngin ölkədir: həm təbii ehtiyatlar, həm gözəl təbiət, həm də insanların - millətlərin, etnik qrupların müxtəlifliyi. Biz Azərbaycanda bir ailə kimi yaşayırıq".
Hər gün bu kəndə qonaq gəlir. Hər gün bu kəndin adamları özləri də bir tamaşaçıyaçevrilirlər. Gələn də tamaşa edir,orada yaşayan da. Biri qədimlikdən heyrətlənir, digəri müasirliyə maraq göstərir. Burada təkcə ağsaqqallar, ağbirçəklər deyil, uşaqlar da qonaqlara xoş lətafət,
mehribanlıq göstərirlər. Kimi su gətirir, kimi çörək dalınca qaçır, kimi evlərinin yerini nişanə verir, kimi də qolundan tutaraq söyləyir: "Bizim də evdə televizor var".
Özünəməxsusluğu qoruyub saxlayan Xınalığın sakinləri bir fikrin üzərində möhkəm dayanıblar: "Bizim kəndimiz özü bir muzeydir. Ona görə də çalışacağıq ki, onun bu görünüşünə xələl gəlməsin, ahəngi pozulmasın. Yeni tikiləcək evlər də bu ansambla uyğun gəlsin. Biz kəndimizlə fəxr edirik".
Tarix üzrə fəlsəfə doktoru, etnoqraf B.Faziloğlu yazır: "Kənddə Məmmədyarlılar, Qancıl, Kaka, Əhmədlilər, Hacıəhmədlilər, Qaryağdılar, Mollabeylər, Hişani, Bakkarlar və s. kimi nəsillər yaşayır. Xınalıqda da belədir, amma təxminən 100-150 il əvvəl bu kənddə qız çox az doğulduğundan gənclər 30 km uzaqda yerləşən Dağıstanın Quruş və Qəbələnin Vəndam kəndinə üz tutublar. O da maraqlıdır ki, məsələn, Quruş kəndindən olan qaynana öz oğluna həmin kəddən olan gəlin alıb. Xınalıqda nişan mərasimi zamanı "çörək kəsdi", toy günü gəlinin dayı evindən bəy evinə göndərilməsi, bəyin dayı evindən gəlini gətirməyə getməsi kimi adətlər hələ də qalıb. Maraqlıdır ki, 40-50 ildir ki, bu kənddə boşanma yoxdur. Kənd sakinləri bunun səbəbini ailələrin qohumluq zənciriylə bir-birinə bağlanmasıyla əlaqələndirdilər. Bir zamanlar Xınalığın toy məclislərini Aşıq İzzət, Dədə Əmin, Aşıq Həsrət, Aşıq Məhəmmədağa, Mikayıl Azaflı şənləndiriblər. İndi Xınalığın öz sənətkarı yetişməkdədir.
Tarixən Xınalıqda təsərrüfatın müxtəlif sahələri inkişaf etsə də, maldarlığa üstünlük verilib, 1962-ci ildə Xruşşovun zamanında bu kənddə qoyunçuluq təsərrüfatı yaradılıb. Ancaq Qudyalçayın vadisi boyu əkin sahələri dəyişmə yolu ilə (hər il bir yerdə əkin əkilməklə) taxıl əkilib-becərilib, kənddə kənardan taxıl gətirilməyib, burada 7 dəyirman fəaliyyət göstərib. Ölkə müstəqillik əldə etdikdən sonra Xınalıq kolxozuna məxsus 51 min baş qoyun əmlak bölgüsü əsasında camaata paylanılıb.
Torpaq islahatı zamanı əkin sahələrindən adambaşına 25 sot torpaq düşüb, dəmyə sahələrindən düşən adambaşına 45 sot ərazidən isə kənd sakinləri örüş yeri, biçənək yeri kimi yararlanır. Kəndin siması gündən-günə dəyişir. Kənd sakinləri bildirdilər ki, 1972-ci ildə kənddə ev tikmək üçün yer yox idi, ancaq indi Qudyalçayınsahili boyu müasir evlər tikilir. Qədim qalalara bənzəyən Xınalıq kənd etnoqrafiya muzeyi də bizdə dərin təəssürat yaratdı. Muzeydə toplanan xeyli sayda maddi mədəniyyət nümunələri, qədim əlyazmalar və s. muzey əşyaları oranı ziyarət edənlərin marağına səbəb olur. Xınalıq Azərbaycan mədəniyyətinin tərkib hisssidir, Azərbaycan dövləti, cəmiyyətimiz ümumi inkişafa nail olmaqla bu zəngin mədəniyyəti qoruyur, inkişaf etdirir, gələcəyə ərməğan saxlayır".

Uğur