Saxurların toy adətləri Layihə

Saxurların toy adətləri

Saxurların toy-düyün adət-ənənələri və mərasimləri maraq doğurur. Əslən saxur olan araşdırmaçı-alim Cuma Məmmədov saxurların etnoqrafik həyatının bəzi cizgiləri haqqında danışır. Araşdırmaçı bildirir ki, saxurların etnik-milli adət-ənənələri də özünəməxsusluğu ilə fərqlənir: "Bunlardan məsələn, qız evinə elçiliyə gedilmə mərasiminin necə baş verməsinə nəzər yetirmək maraqlı olardı. Oğlanla qız öz aralarında razılığa gəldikdən sonra oğlan tərəfindən qıza üç dəfə elçi gəlməsi qəbul edilirdi. Bu mərasim ağağıdakı kimi yerinə yetirilirdi.
Nəzakət qaydalarına görə birinci dəfə oğlanın valideynləri elçi gələndə onlar oğlanın qıza olan istəyini söyləməli olurdular. Qızın valideyinləri isə öz növbəsində bundan bixəbər olduğunu bildirirdilər. Onlar qızın şəxsi rəyini öyrənməyi lazım bilirdilər. Oğlanın valideynləri qızın böyükləri ilə razılaşırdılar. Həmin vaxtdan etibarən gəlin gedəcək gız öz ata-anası və böyüklərindən gizlənə-gizlənə, utana-utana gəzərdi. İkinci dəfə qız elçiliyinə oğlanın valideyinləri ilə yanaşı onun dayısı və bibisi də gələrdilər. Qız evi bu dəfə də oğlanın elçilərini müxtəlif bəhanələrlə yola salardılar.
Üçüncü dəfəki elçilikdə isə oğlanın babası və onun daha hörmətli qohumları da iştirak edərdilər. Məhz bundan sonra elçilərə razılıq cavabı verilərdi və nişan üzüyü gətirilməli gün təyin edilərdi. Qız evi bundan sonra nişan üçün hazırlıq işlərinə başlayardı".
Elçilər dördüncü dəfə gələndə qıza nişan üzüyü gətirildikdən sonra qızla oğlanın görüşüb söhbət etməsinə razılıq verilirdi: "Nişan üçün bir üzük və bir paltar gətirilərdi. Nişan mərasimində qonaqların sayı elçilikdəkinə nisbətən daha çox olardı. Nişan mərasimindən sonra qızın cehizi üçün yun yuyulması və əyrilməsi ilə bağlı iməcilik təşkil olunardı. "M a f r a c" (cehiz) üçün tələb olunan yorğan-döşək və s. də məhz iməciliklərdə düzəldilərdi. Evlənmənin bundan sonrakı mərhələləri də özünəməxsusluğu ilə seçilir. Toya bir həftə qalmış qız rəfiqələri ilə bir həftə müxtəlif qohumlara əylənmək üçün dəvət olunardı. Hər bir qohum qızı başının dəstəsi ilə qonaq çağırardı. Buna saxurlar "y ı ğ n a q" deyirlər. Yığnaq qurtardıqdan sonra toyun ən mühüm mərhələsinə hazırlıq başlayardı".
Qız və oğlan evində toyun eyni vaxtda başlanmasına baxmayaraq, oğlan evində məclis üç gün davam edərdi: " Birinci gün toyun başlıca mərasimi qız evində olardı. Toyun birinci günü gəlin üçün parça kəsilər və xınayaxdı keçirilərdi. Bəyin soldışı isə toy şənliyinin musiqiçilərini öz evinə dəvət edər və qohumları üçün xudmani qonaqlıq verilərdi. Buna saxurlar "d a v a t" deyirlər. Oğlan evində qalan toy adamlarını isə aşıq əyləndirərdi. Oğlan evinin adamları qız evindən paltar kəsdi, xınayaxdıdan və soğdışın qonaqlığından qayıdanlar günortadan sonra oğlan evində məclisi daha da şənləndirərdilər. Toy şənliyi gecə saat 12-yə kimi davam edərdi. Buna saxurlar "m ə r ə k ə" deyirlər. Mərəkədə qonşu kəndlərdən gələn cavanlar da iştirak edərdilər. Bəzən toylarda cavanlar arasında şuluqluq salanlar da olurdu. Sərpayının təkidi ilə onun köməkçiləri həmin cavanları toy məclisindən uzaqlaşdırardı. Beləliklə, çalıb oynamaq üç gün davam edərdi".
Saxurların toylarında gəlinin bəy evinə gətirilməsi XX əsrin 60-cı illərinə kimi daha maraqlı və rəngarəngliyi ilə fərqlənirdi: "Həmin dövrdə gəlinin gətirilməsində nəqliyyat vasitəsi kimi yalnız atdan istifadə edilirdi. Gəlinin gətirilməsi üçün oğlan evi tərəfindən at bəzədilirdi. Atın cilovuna bəy evi tərəfindən yaylıq xələt bağlanırdı və gəlin evinə yola salınırdı. Bəy evini təmsil edən dəstə qız evinə çatanda dəstənin qarşısını qapıda kəsərdilər. Bəy evindən gələn dəstə başçısından xələt alandan sonra onlar içəri buraxılardı. Dəstə gəlinin ata evinin həyətində qısa müddətdə çalıb-oynadıqdan sonra, dəstə başçısı qız atasından gəlini bəy evinə aparmaq üçün icazə alardı. Bəy evindən bəzədilib gətirilmiş atın üstünə gəlini, tərkinə yengəni mindirib əlinə yanan lampa verməklə yola salardılar. Gəlinin ağlaması doğma ata evindən ayrı düşməsini bildirirdi. Gəlin bəy evinə getmə anında çaparlar üçün qız evindən hədiyyə verilər və bəy evinə gəlinin gəlməsi barəsində şad xəbər aparardılar. Birinci çatan çapara bəy evindən hədiyyə olaraq yenə də yaylıq verilərdi. Gəlin bəy evinin həyətinə çatanda gəlin evinin adamları xələt tələb edərdilər. Xələt sinidə 3-4 kq-a yaxın çiy ətdən, düyü unundan çalınmış bir kündə halvadan, bir şüşə içkidən və bıçaqdan ibarət olardu. Gəlin evindən gələn dəstə başçısı bıçağı ətə sancandan sonra sinini geri qaytarardı. Bu isə həmin gündən etibarən "Qanımız qanınıza qarışdı" ifadəsinə gəlirdi. Gəlin evindən gələn qonaqları xüsusi ayrılmış yemək stoluna dəvət edərdilər. Ata, ana, qardaş və bacı nəzakət qaydalarına riayət etdiklərinə görə gəlinlə bəy evinə getməzdilər. Yeməkdən sonra gəlin evindən gələnlər üçün hörmət baxımından onlara söz verilər və qəbul olunmuş qaydalara görə qohumlar qarışıb rəqs edərdilər. Gəlin bəy evinə catandan sonra toyxanadan əvvəl onu bəy evinə dəvət edərdilər. Gəlin bəy evində qısa müddətdə oturduqdan sonra bəylə birlikdə toy məclisinə dəvət olunardı. Bəy evi imkanlı olduqda gəlinin gəlişi ilə əlaqədar evə qədəm qoyma anında qoç kəsilərdi. Adət-ənənə baxımından toy şənliyində gəlinin bəy evinə qədəm qoyma anında gəlinin başına şirniyyat tökülərdi. Bu anda pilləkən başında dayanmış bəy tüfənglə havaya atəş açardı. Bu o demək idi ki, bu andan etibarən sən mənim evimdəsən. Qız evindən gəlinin cehizinin "m a ş r a f "ın müşayiət edilməsi cavan oğlana həvalə edilərdi. Bu qaydaya görə bəy evi oğlana xələt verərdi".
Araşdırmaçı bildirir ki, bəy üçün səciyyəvi olan maraqlı xüsusiyyətlərdən biri də bəyin sağdış və sol dışın müşayəti ilə toy məclisinin kandarında qohumları və yaxınları xüsusi təbrik qaydalarını qeyd etmək olar: "Bəyin qohumlarından qadınlar bəyi və soldışı kələğayı və ya parça boynuna salmaqla, kişilər cibinə pul qoymaqla təbrik edərdilər.Toyun yemək məclisində qadınlar bir tərəfdə, kişilər isə digər tərəfdə əyləşərdilər. Toyu idarə etməyə masabəyi kimi bir nəfər seçilərdi. Hamı onun qaydalarına qeyd-şərtsiz əməl etməli idi. Əgər kimsə toyda şuluqluq salardısa, bunun üçün əvvəlcədən hazırlanmış iki güclü cavan tərəfindən məclisdən uzaqlaşdırılardı. Yalnız masabəyinin icazəsi ilə oynamaq üçün sifariş verilə bilərdi. Toy məclisləri bu şəkildə idarə olunardu. Toyda iştirak edənlərdən pul yığılması yol verilməz idi. Toy şənliyinin sonu toyu idarə edən nümayəndə tərəfindən elan edilər və "Koroğlu" musiqi havası ilə yekunlaşdırılardı. Toy axşamının sabahı gəlini salamlamaq məqsədi ilə süfrə açılardı. Bu müddətə kimi qız evindən iki nəfər qadın badyada plov və şirniyyat gətirirdilər. Buna saxurlar "b a d y a l a r ı n g ə t i r i l m ə s i" deyirlər. Bundan sonra gəlinin salamlaması mərasimi başlayır. Əvvəlcə bəy, sonra atası, anası gəlini salamlayar, ona pul "h a b a ğ" verilərdi. Adətə görə səhər bəylə gəlin üçün oyun havası çalınardı. Buna saxurlar "m i ç e d i y n a m a ka m" (səhər havası) deyirlər. Bəylə gəlin həmin oyun havası ilə oynayar və onlara qohumları tərəfindən şabaş verilərdi. Bir həftədən sonra gəlini baldız və ya yaxın qohumu ilə bulağa göndərirdilər. Buna "gəlinin el arasına çıxması" deyilirdi. Gəlin bulağa gələndə ona ya bir sini düyü halvası və ya şirniyyat verərdilər. Bulağa gələnlər halvadan və şirniyyatdan yeyib onu təbrik edərdilər. Bir aydan sonra əvvəlcə qız evi, sonra isə oğlan evi ailələri qohumlarla qonaq çağırardılar. Buna saxurlarda qohumların "a y a q a ç d ı s ı" deyilir. Beləliklə, qohumlar arasında gəliş-gediş başlanır. Birinci ilin bayramlarını cavanlar öz evlərində qarşılayardılar. Böyüklərini və qohumlarını təbrik etmək üçün səhərisi gün gedərdilər.
Toyun ən mühüm mərhələlərdən biri kəbin kəsmə hesab olunur. Kəbinin kəsilmə mərasimi oğlan evində aparılardı. Oğlan və qızdan kəbin üçün razılığın alınması xüsusi qaydaya riayət etməklə aparılırdı. Bunun üçün qızdan şəxsi razılıq almaq məqsədi ilə molla qız evinə gələrdi. Qız pərdə arxasında dayanmaqla mollanın üç sualına təkrarən cavab verməli idi. Belə ki, sən filankəs qızı filankəsin oğluna ərə getməyə razısanmı? Qız iki dəfə utanaraq cavab versə də üçüncü dəfə mütləq hə, və ya yox cavabını verməli idi. Bundan sonra molla qızın razılıq verməsini sübut edən vəkilini götürərək oğlan evinə gələrdi. Eyni qayda ilə oğlandan da razılıq alınardı. Saxurlar hər iki vəkilin nikahdakı iştirakına nigahda əl tutmaq - "n i k a h e x ı l a v k u y" deyirlər.
Bununla yanaşı molla qız və oğlan evləri tərəfindən verilən bəxşişləri də qeyd edərdi. Bəxşişlər torpaq sahəsindən, mal-qaradan və s. ibarət ola bilərdi. Qeyd edilən ənənə forması sovet hakimiyyətindən əvvəlki dövrə aid idi. Sovet hakimiyyəti dövründə molla (dibır) kəbinindən sonra qız və oğlanın qanuni nigaha getməsi də zəruri idi. Kəbindən sonra xüsusi yemək süfrəsi açılardı. Mərasim iştirakçılarına yemək-içmək verilirdi. Kəbindən sonra qızın oğlan evinə köçməsinə icazə verilərdi".
Bu yerdə saxurların məişətdə istifadə edilən sözlərinin bir qismini təqdim edirik. Araşdırmaçı C.Məmmədov bu tipli sözlərin Azərbaycan dilində qarşılığını belə izah edir: Ku r ku r - aftafa, ç a t u - kəndir, v i ş - sap, s i m - məftil, m ı k e y - açar, v a z - at nalı, ç ü y - paz, p a r ç - səyəng, x e v - at yükü, m o o x-mum, yapışqan, a d e s s a - qayçı, ç ə p ə n i y - beşiyə uşağı bağlamaq üçüm istifadə edilən bağ, kı r ı s - süpürgə, ç i r ğ a t - tiyan qoymaq üçün yeri çərtməklə əmələ gətirən ocaq yeri, o s - odun, x u ç a-qopalaq, x u t x a - kiçik səhəng, q u r ə n b ə y - tonqal, ocaq, ğ a d ı r - kömür, y ı k - kül, k o t a - nərdivanın pilləsi, v a z - təqvim ayı, nal, Ay, x a v - ev, bina, ç a n k - tələ, b i x - kərki, ç e m ç e - səbət, ko n a k (k o n) - ov, ç e k i s a n d - sapand, e n a - ip, ə r x - yapaq, i d a ğ - peyğəmbər, l a h a r - ev işi, s i m a m r a y - qaynı, s o s - gəlin, s ı p r i y - dul, i z d a ğ - təzə gəlin, ç u m a - bəy, a b a t t e y - qaynata, a b a y - qaynana, v u h u r - dar küçə, y i ç u - bacı, k ə c ə m - qayın arvadı, a d a m i y - kişi, k u n a ş ş e - arvad, y e d a r - qadınlar, m a m a y - bibi, d ə k - ata,y e d -ana, ç o c - qardaş, a n a y (a d i y) - nənə, d i d e y – baba və s".

Uğur