Tikdim ki, izim qala... Layihə

Tikdim ki, izim qala...

Xudu Məmmədovun Vətən sevgisi

Xudu Məmmədov 1927-ci ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. Ağdamda orta məktəbi bitirib, Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinin geologiya şöbəsinə daxil olub, Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alıb. SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun aspiranturasında təhsil alıb. Namizədlik dissertasiyasının ilkin mövzusu "Borosilikat-aksinit mineralının quruluşunun təyini" olub. Amma quruluşu açmaq üçün eksperimental materiallar alınması ərəfəsində (1952-ci il) yapon tədqiqatçıları bu mineralın quruluşunu təyin ediblər. 1955-ci ildə X.Məmmədov SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun elmi şurasında "Kristalloqrafiya və kristallofizika" ixtisası üzrə "Ksonolit və vollastonit minerallarının kristal quruluşu" mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edib. O, bir neçə dəfə Con Bernalın qonağı olub, 1 il (1966) onun laboratoriyasında çalışıb. Azərbaycanlı kristalloqraf-alim 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülür.
O, 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışıb. Əsas elmi işləri kristallokimya sahəsindədir.
Xudu Məmmədov bir neçə illik tədqiqatların yekunu olaraq 1960-cı ildə "Kalsium-silikatları və hidrosilikatları və hidrosilikatların kristallokimyası" monoqrafiyasını yazır. Silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirir, həmin birləşmələr sinfi ilə boratlar, karbonatlar, yarımkeçiricilər və s. arasında kristallokimyəvi qohumluq olmasını aşkara çıxarır, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristall quruluşunu öyrənir, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə edir. Onun yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında müstəsna xidmətləri var. Alim 1988-ci ildə Bakıda vəfat edib. Xudu Məmmədov elmi fəaliyyəti ilə yanaşı bayatıları ilə də tanınır.

Çiy yumurta soyulmaz,
Göydə ulduz sayılmaz,
Bütün xalqlar oyandı,
Mənim xalqım ayılmaz.

Elm köməyim olsun,
Əlim köməyim olsun,
Kimsəyə yük olarsam,
Ölüm köməyim olsun.

Bu qala, bizim qala,
Həmişə bizim qala.
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.

Şair Qəşəm İlqar Xudu Məmmədov haqqında xatirələrində yazır: "Xudu müəllimlə şəxsi tanışlığımın dəqiq tarixi (günü, ayı, ili) yadımda deyil. Ağdama qısamüddətli ezamiyyəyə getmişdim. O vaxtlar Ağdam rayon mədəniyyət şöbəsinin müdiri işləyən Çimnaz Əliyeva məni mehribanlıqla qarşılayıb, sanki müjdə verirmiş kimi dedi: - Sabah Xındırıstan mədəniyyət evində gənc istedadlara baxış - müsabiqə keçiriləcək. Baxış - müsabiqə barədə "Mədəni-maarif" jurnalında da yazı versəniz yaxşı olardı. Xudu müəllimi də dəvət etmişik.
Məmnuniyyətlə razılığımı bildirdim. Və deyilən vaxtda şöbədə oldum. Elə burada Xudu müəllimlə və onun yaxın dostu, füzulişünas Zeynal Məmmədovla da görüşdüm. Birlikdə Xındırıstana yollandıq. Həmin gün demək olar ki, münsiflər heyətinin mülahizələrinə Xudu Məmmədovun dolğun fikirləri aydınlıq gətirirdi. Tədbir səhər saat 11-dən axşamacan çəkdi. Həmin vaxt futbol üzrə dünya çempionatı keçirilirdi. Münsiflər heyətinin üzvlərindən bir çoxu yarışlara baxmaq üçün çox tələsirdi. O cümlədən mən də. Amma Zeynal müəllim təkidlə dedi ki, bugünkü görüşü "Ozan"da davam etdirməliyik. Xudu müəllimlə bir süfrə arxasında oturmaq yeniyetmə bir gənc üçün həm də böyük bir şərəf idi. Odur ki, təklifdən imtina edə bilmədim. Xudu müəllim, Zeynal müəllim, Respublika Həmkarlar İttifaqından olan bir yoldaş və mən dəstədən ayrılıb "Ozan" restoranına yollandıq. O vaxta qədər Xudu müəllim barədə çox eşitmiş, "Qoşa qanad" kitabını, "London dumanlı görünür" və digər yazılarını böyük könül xoşluğu ilə oxumuşdum. Masa arxasında oturan insan sanki dünya şöhrətli alim deyildi. Sadədən-sadə, olduqca təvazökar və mülayim, son dərəcə səmimi bir insan tikə kəsirdi bizimlə birgə. Zeynal müəllimlə mən əvvəllər də görüşmüş, Ağdamda redaksiya yerləşən bağda çay içmişdik. Çox yaxından olmasa da, aramızda tanışlıq vardı. Demə, Xudu müəllim də mətbuatda gedən yazılarımdan və şeirlərimdən məni qiyabi tanıyırmış. Odur ki, Zeynal müəllimin təklifinə Xudu müəllim də tərəfdar çıxıb, şeir oxumağımı təkid etdi. Düzü, onların hər ikisinin yanında şeir oxumaq mənim üçün çətin idi. Amma sözlərindən çıxa bilmədim. Çəkinə-çəkinə bir-iki şeir oxudum. Məclisimiz xeyli çəkdi. Oradan Zeynal müəllim bizi öz evinə gətirib təzədən çay dəstgahına, sonra isə kofeyə qonaq etdi. Axşam qaranlığı çökəndə Novruzluya getdik. Zeynal müəllim dedi ki, dostun Cahangirə ata-baba ocağımızda ev tikdirmişəm. Gedək onu gör, sonra səni Pirzatlıya, Xudu müəllimi isə Mərziliyə apararıq. Dediyi kimi də oldu. Amma Novruzlu - Mərzili daş yolunda nə illah elədimsə, Xudu müəllimlə Zeynal müəllim razı olmadılar. Mən istəyirdim ki, əvvəlcə Xudu müəllimi aparaq Mərziliyə, qayıdanbaş mən düşərəm. Dedilər: - Olmaz!
Heyiflər ki, həmin axşam bizimkilərdən heç kəs evdə olmadı. Bu, ürəyimdə bir nisgil olaraq həmişəlik qaldı: Xudu müəllimi mənim ata ocağımda bir stəkan çaya qonaq edə bilmədim. Nə bilim, bəlkə də qismətdən deyilmiş...
Xudu müəllim ürəyimdən keçənləri oxuyurmuş kimi: "Eybi yox, gələn dəfəyə qalsın"-dedi. Ara yolla Mərziliyə yön aldılar. Maşın Tutduxlu bağı keçənədək arxalarınca təəssüflə baxdım: Elə bu vaxt açıq darvazamızdan qardaşımgil deyə-gülə həyətə girdilər. Uşaqlar maşından tökülüb üstümə cumdular. Qardaşım bikef, fikirli olduğumun səbəbini soruşdu. Xuduyla Zeynalın beş dəqiqə əvvəl burda olduqlarını bildirdim. Dedi ki, otur maşına bu dəqiqə gedib yoldan qaytaraq. Dedim, artıq gecdir, qayıtmazlar...
Bir xatirə də deyim: "İşıq" nəşriyyatından sifariş almışdım. 25 nəfərdən ibarət siyahıda Azərbaycanın tanınmış elm, ədəbiyyat və incəsənət xadimlərinin, qabaqcıl əmək adamlarından bir neçəsinin uşaqlıq xatirələrini hazırlamalıydım. Xudu müəllimin də adı ön sıralarda idi.
Nədənsə, elə ilk olaraq Xudu müəllimin çalışdığı laboratoriyaya getdim. Bilmirəm o baxış-müsabiqədən sonra yadında qalmışdım, ya yox. Axı aradan çox illər ötmüşdü. Amma yenə məni çox mülayimliklə, səmimiyyətlə qarşıladı. İşimlə-gücümlə, ailə vəziyyətimlə maraqlandı. Söhbət zamanı yeri gəldikcə dəyərli məsləhətlər verdi. Kirayədə yaşadığımı biləndə halı dəyişdi, dözümlü, əzmkar olmağı tövsiyə etdi. Nəşriyyatın rəsmi məktubunu nəzərdən keçirib, "çox maraqlıdır", dedi. Suallara mütləq cavab hazırlayacağını yəqin ki, maraqlı bir şey alınacağını bildirdi. Vədələşib, ayrıldıq. Arada-bir zəng edib, yazının hazır olub-olmadığı ilə maraqlanırdım. Çox zaman yerində olmurdu. Mən də digər müəlliflərlə məşğul olduğumdan iş yerinə baş çəkməyə macal tapmırdım. Məndə çox böyük inam vardı ki, suallar ətrafında nə isə yaxşı bir material hazırlayır. Heyflər ki, qəfil ölüm xəbəri bütün istəklərimi alt-üst etdi. İş yerində də, evində də nə verdiyim məktub tapıldı, nə də suallara münasibətini bildirən cavabı. Naəlac qalıb yarımçıq qalmış "Baharın ardınca" kitabından bir hissəni "Biz də uşaq olmuşuq" kitabına daxil etdik. İstəmirdim ki, əqidə dostları Bəxtiyar Vahabzadədən və Nurəddin Rzayevdən bu kitabda da ayrı düşsün. "Yarımçıq kitab"dan götürülən hissələr o qədər rəvan, səmimi idi ki, digər yazılardan seçilmir, ümumi ahəngi pozmurdu. Əksinə, kitabı daha oxunaqlı, daha diqqətçəkən edirdi. Bir sözlə, Xudu dünyasını tam dolğunluğu ilə göstərirdi".
Asif Ata Xudu Məmmədovun ziyalılığını belə dəyərləndirir: "Xudu Məmmədov fitri yurdçudur, onun yurdçuluğunda oyun yoxdur, yalan yoxdur. O, fitri ziyalıdır, onun ziyalılığında oyun yoxdur, yalan yoxdur. O, fitri insansevərdir, onun insansevərliyində oyun yoxdur, yalan yoxdur. Mühitdə, şəraitdə, cəmiyyətdə yurdçuluq oyunu oynanır, yurdçuluq yalanı söylənir. Mühitdə, şəraitdə, cəmiyyətdə ziyalılıq oyunu oynanır, ziyalılıq yalanı söylənir. Mühitdə, şəraitdə, cəmiyyətdə insansevərlik oyunu oynanır, insansevərlik yalanı söylənir. Çətin günlərin yurdçusudur Xudu Məmmədov. Oyunçu, yalançı yurdçular doğru yurdçulara əyri gözlə baxırlar.
Oyunçu, yalançı insansevərlər doğru insansevərlərə əyri gözlə baxırlar. İngilis Bernal Xudu Məmmədovu vəsf eləmişdi. Xudu Məmmədov Bernalçı olmadı, yurdçu oldu. Dünya bizə çox yamanlıq elədi. Amma fitrətimizi yox edə bilmədi. Xudu Məmmədov yurdçuluğun, ziyalılığın, insansevərliyin təsdiqidir".
Professor İxtiyar Bəxtiyarlının Xudu Məmmədov alimliyi, şəxsiyyəti haqqında fikirləri maraqlıdır: "X.Məmmədov kristallokimyəvi məsələlərin həllində informasiya nəzəriyyəsinin və Şennon düsturunun tətbiq olunması barədə yeni ideya irəli sürüb. O, bu ideyanı apardığı tədqiqat işlərinə tətbiq edərək nəzəri kristallokimyanın gələcəyi üçün geniş imkanlar açıb. Eləcə də o, enerji və quruluş anlayışlarının bir nəzəriyyədə - kəmiyyət nəzəriyyəsində uzlaşdığını sübut edib. Bu, çox çətin məsələdir. Hətta onu atomun nüvə nəzəriyyəsi ilə müqayisə edənlər də var. X.Məmmədov kristalların quruluşu ilə onların termokimyəvi xassələri arasındakı əlaqəni müəyyənləşdirib kimyəvi birləşmələrin təsviri üçün yeni parametr "Mürəkkəblik dərəcəsi" təklif edib. "Mürəkkəblik dərəcəsi" quruluşla termokimyəvi xassələr və simmetriya ilə konfuqurasion entrapiya arasındakı əlaqəni əks etdirir. Bundan başqa o, oxşar kristalların quruluşunu ortaq motiv axtarışı baxımından analiz edərək kristallokimya elminə "quruluş vahidi" anlayışını daxil edib. Onun əsas mahiyyəti aydınlaşdırılaraq anlayışa yeni tərif verilib və qeyri-üzvi maddələrin məqsədli sintezi məsələsində bu anlayışın aparıcı ideya olacağı qeyd edilib. Xudu müəllim görkəmli kristalloqraf olmaqla yanaşı həm də görkəmli vətəndaş - ziyalı idi. Onun vətəndaşlıq, ziyalılıq haqqında xüsusi konsepsiyası var. O, tək elmi nəticələrinə görə xalq məhəbbətini qazanmayıb. Xudu müəllimin iti ağlı və güclü təfəkkürü vardı. O, elmin çox sahələrində tədqiqat problemlərinin istiqamətini müəyyən edən tezislər verib".

Uğur