“Paşinyan danışıqlara hazır deyil” Layihə

“Paşinyan danışıqlara hazır deyil”

"Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqlara hazır deyil". Bunu politoloq Elxan Şahinoğlu deyib. Ekspert Paşinyanın İrana səfəri zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə diqqət çəkib: "Paşinyanın Tehranda "Ararat" idman-sağlamlıq kompleksində ermənilər qarşısındakı çıxışının mətni ilə tanış oldum. O, çıxışında növbəti dəfə dedi ki, "Mən Dağlıq Qarabağın əvəzinə danışa bilmərəm, Bakı birbaşa Qarabağ ermənilərilə ilə danışıqlar aparmalıdır".
Paşinyan Azərbaycan prezidenti ilə keçirdiyi iki görüşdən nəticə çıxmadığını belə izah edib: "Danışıqlarda nəticə yoxdur. Vasitəçilər mənə "hansı güzəştlərə hazırsınız" sualını ünvanlayanda onlardan soruşuram ki, Azərbaycan hansı güzəştlərə hazırdır? Biz o zaman bu suala cavab verəcəyik ki, birinci bu suala Azərbaycan cavab versin".
Paşinyan Tehrandakı çıxışında müharibə ehtimalına da toxunub: "Kimsə düşünürsə ki, Qarabağ problemini güc yolu ilə həll etmək olar, kökündən yanılır. Bunu deyən anlamalıdır ki, qarşısında təkcə Ermənistanı yox, bütün dünya ermənilərini görəcək". Göründüyü kimi, bu adam danışıqlara hazır deyil, az qala qışqırır ki, məndən əl çəkin. Belə isə mənasız danışıqlarda vaxt itirməyin mənası varmı? Danışıqların imitasiyasından imtina edib doğru bildiyimiz yolla getməliyik".
Elxan Şahinoğlu qeyd edib ki, erməni baş nazir Azərbaycanı dünyada yaşayan ermənilərin bir yumruq kimi işğal altındakı torpaqları "müdafiə" edəcəyi ilə qorxutmağa çalışır: "Halbuki mövcud durumu ondan yaxşı bilən eks-prezident Robert Köçəryan bu yaxınlarda dedi ki, Qarabağda müharibə gedəndə xaricdə yaşayan ermənilərdən barmaqla sayılacaq qədər könüllü gəlmişdi".
Sabiq dövlət müşaviri Qabil Hüseynli isə deyib ki, Paşinyan məntiqsizliyinin içərisində boğulur. O bildirib ki, Paşinyan kifayət qədər bir-birini təkzib edən fikirlər irəli sürür: "Onun "qarabağlılar mənə səs verməyib, mən Qarabağı danışıqlarda təmsil edə bilmərəm" tezisi başdan-ayağa cəfəngiyyatdır, riyakarlıqdır, qeyri-səmimilikdir. Əgər bu adam Qarabağın erməni icması adından danışa bilmirsə, onda niyə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindədir? Niyə Ermənistan ordusu Qarabağdadır? Qarabağla bağlı danışmaq səlahiyyətinin olmadığını deyən Paşinyanın oğlu niyə Qarabağda hərbi xidmət keçir? Nəyə görə sənin oğlun televiziyaya çıxaraq, "mən Qarabağa döyüşə gedirəm" sözlərini deyir?! Nəyə görə sən "mən başqa rəhbərlərdən fərqli olaraq, öz oğlumu Qarabağ cəbhəsinə, təmas xəttinə göndərirəm" deyib bu faktdan reytinq toplamaq üçün istifadə edirsən?! Oğlunu "ön cəbhəyə" göndərə bilirsən, amma "ön cəbhə" ilə bağlı danışıqları apara bilmirsən?"
Q.Hüseynli vurğulayıb ki, Ermənistanda Paşinyan dönəminin Sərkisyan və Köçəryan dönəmindən heç bir fərqi yoxdur: "Çünki Paşinyan da öz xələfi kimi saxtakarlıqla, riyakarlıqla məşğuldur. Məsələn, necə ola bilir ki, bir gün də olsun Ermənistan vətəndaşı olmayan bir şəxs Ermənistanda prezident seçilə bilmişdi?! Burada Köçəryanı və Sərkisyanı nəzərdə tuturam. Çünki onların pasportu Azərbaycan pasportu, özləri isə Azərbaycan Respublikasının vətəndaşları idi. Amma Ermənistanda prezident seçkilərinə qatıldılar və seçkidə qalib gəldilər. Halbuki Ermənistanda prezident seçilmək üçün qanunvericiliyə əsasən, prezidentliyə namizəd olan şəxs ən azı 10 il orada yaşamalı, Ermənistanın vətəndaşı olmalıdır. Bu kritetiyaların heç biri nə Köçəryanda, nə də Sərkisyanda var idi. Bəs onlar necə prezident seçildi?! İndi isə bu "zat"dan soruşmaq lazımdır ki, əgər sən Qarabağı təmsil edə bilmirsənsə, onda oğlun niyə hələ də Qarabağda hərbi xidmətdədir?! Niyə Ermənistanın fərqli bölgəsində hərbi xidmət keçmir?"
Politoloq bildirib ki, Paşinyan öz sözlərinə kimisə inandırmaq istəyirsə, ilk növbədə ordusunu Azərbaycan ərazisindən rədd eləməlidir: "Bu addımla Paşinyan doğrudan da Qarabağ adından danışmağa "haqqı çatmadığını" isbat etmiş olar. Yəni qışqırıb-bağıran faktlar Paşinyanın nə qədər riyakar, aşağı səviyyəli və məntiqsiz adam olduğunu sübuta yetirir və onu gülünc vəziyyətinə salır".
Politoloq Natiq Miri isə deyib ki, "Paşinyan hakimiyyətə gələndən sonra xalqa müəyyən vədlər verib. Bu vədlər korrupsiyaya qarşı mübarizə ilə bərabər, yeni bir iqtisadi sistemin yaradılması, iqtisadi sıçrayış və insanların rifah halının yaxşılaşdırılması ilə bağlıdır. Bunun üçün təbii ki Ermənistana yeni maliyyə imkanları və bu kontekstdə yeni perspektivlər açılmalıdır. Ermənistan indiki vəziyyətdə xilas yolu kimi İranı düşündüyü üçün bu səfər də təxminən bu yöndə planlaşdırılmışdı".
O, Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfərini şərh edərkən bunu tam bir fiasko adlandırdı: "İranın vəziyyəti ortadadır və bildiyiniz kimi, ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalar üzündən özü can çəkişməkdədir. Çünki İran iqtisadiyyatının əsasını təşkil edən enerji daşıyıcılarından gələn gəlirlər çox sürətlə azalmaqdadır. Bu da İranın neft və qazını dünya bazarında satmaqla bağlı üzləşdiyi məhdudiyyətlə əlaqəlidir. Belə olan təqdirdə, İranın hansısa qlobal layihələrə dəstək verməsi və yaxud Ermənistana yeni qaz xəttinin çəkilməsi kimi fikirlərin həyata keçirilmə ehtimalı sıfıra bərabərdir. Bu gün İran böyük məbləğdə investisiya imkanlarından məhrumdur. İran öz daxilində sosial tələbatı təmin etmək üçün min-bir yola əl atmaqdadır. Ayrıca, İran təkcə sanksiyalarla boğuşmur, həm də Suriyada hərbi varlığını davam etdirir ki, bu da böyük məbləğdə maliyyə itkisi deməkdir. Ona görə də bu səfərin perspektivsiz olacağı əvvəlcədən bəlli idi".
Paşinyanın İranda Azərbaycanı terrorla hədələməsinə gəldikdə politoloq qeyd etdi ki, nəticə etibarilə uğursuzluğu ört-basdır etmək üçün Paşinyanın İranda bir neçə populist çıxışlar etməsinə ehtiyac vardı. Onun səsləndirdiyi bütün fikirləri məhz bu kontekstdə dəyərləndirmək lazımdır: "Paşinyanın Dağlıq Qarabağla bağlı Azərbaycanı terrorla təhdid etməsi həm də terrorçuları zərərsizləşdirmək üçün Azərbaycana hüquqi zəmin yarada bilər. Heç kimə sirr deyil ki, Ermənistan terror ənənəsi olan bir dövlətdir. ASALA kimi bir çox terror təşkilatı Ermənistanda və bəzi xarici ölkədə fəaliyyət göstərir. Bunu sübut etməyə artıq ehtiyac da yoxdur. Bu baxımdan, nə qədər populist çıxış olmuş olsa da, düşünürəm ki, bu, həqiqət olmadığı kimi həm də absurd, eləcə də Ermənistanın əleyhinə istifadə oluna biləcək tutarlı dəlillərdir".
N.Miri Paşinyanın İranın ali dini lideri ayətullah Əli Xamenei ilə görüşünə də diqqət çəkdi: "Xameneinin bir ifadəsi oldu ki, Dağlıq Qarabağ problemi yalnız Azərbaycan və Ermənistan tərəflərinin mütəmadi görüşləri çərçivəsində həll oluna bilər. Bu, dolayısı ilə Paşinyanın Dağlıq Qarabağı müstəqil subyekt, müstəqil tərəf kimi bu danışıqlarda görməsi təklifinin əslində üstündən xətt çəkilməsi anlamına gəlir. Ona görə də İranda təkcə iqtisadi deyil, həm də Dağlıq Qarabağ yönündə Paşinyanın istəklərinin üstündən bir xətt çəkilmiş oldu. Bu anlamda Paşinyanın bu səfərini tam bir fiasko kimi dəyərləndirmək olar. Ayrıca, İran səfəri bir gerçəyi də ortaya qoydu. Belə ki, nə qədər gec deyil, Paşinyan hökuməti anlamalıdır ki, əgər Ermənistan üçün hər hansı bir iqtisadi perspektiv düşünürsə, bu perspektiv yalnız regionun həlledici ölkələri olan Azərbaycan və Türkiyə ilə münasibətlərdən keçir. Bu münasibətlər olmadan və Ermənistan işğal faktını aradan qaldırmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. "İşğal edilmiş Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin "nümayəndələri"nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində aparılan danışıqlara xələl gətirən yersiz və qeyri-konstruktiv açıqlamaları artıq təəccüb doğurmur. Tiqran Abramyanın səsləndirdiyi fikirlər bunu birmənalı şəkildə təsdiqləyir. O, qoşunların təmas xəttində hazırkı vəziyyəti şərh edərək, vəziyyətin qiymətləndirilməsi üçün çoxsaylı amillərin nəzərə alınmalı olduğunu və Azərbaycanın təmas xəttində guya qeyri-sabitlik yarada biləcək fəaliyyət apardığını iddia edib".
Bu arada Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev özünü Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "prezidentinin müşaviri" qismində təqdim edən Tiqran Abramyanın erməni KİV-lərində səsləndirdiyi fikirlərə cavab verib: "Tiqran Abramyanın və qondarma rejimin diqqətinə çatdırmaq istərdim ki, münaqişənin sülh yolu ilə birdəfəlik tənzimlənməsinin yeganə yolu işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması və oradan qovulmuş azərbaycanlı əhalinin öz torpaqlarına geri dönüşü ilə mümkündür. Bunun əvəzinə, qondarma rejimin "təmsilçiləri"nin dili ilə qeyri-konstruktiv atmosfer yaradılması qəbuledilməz haldır.
Tiqran Abramyana, həmçinin xatırlatmaq lazımdır ki, işğalçı Ermənistan adambaşına düşən gəlir səviyyəsi və həbi sahəyə ayırdığı xərclərə görə təkcə regionda deyil, beynəlxalq səviyyədə hərbiləşmiş ölkə kimi tanınır.
Onu da qeyd etmək yerinə düşər ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırda aparılan danışıqların ruhuna və formatına zidd olaraq, qondarma rejimin nümayəndələrinin danışıqlara cəlb edilməsi ilə bağlı Tiqran Abramyanın səsləndirdiyi təxribat xarakterli fikir və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının bərabərhüquqlu icmalar olduğunun qeyd edilməməsi Ermənistanın münaqişəsinin birdəfəlik sülh yolu ilə həll edilməsində maraqlı olmadığına dəlalət edir. Qondarma rejim bilavasitə Ermənistanın təsiri altındadır və onun siyasi, maliyyə və hərbi dəstəyi sayəsində mövcuddur. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan sadə ermənilər də bu işğalçı siyasətdən əziyyət çəkirlər".
Cavid