O taylı bu-taylı şairlərimizin Vətən sevgisi Güney Azərbaycan

O taylı bu-taylı şairlərimizin Vətən sevgisi

1950-1980-cı illərin ictimai-sosial məzmunu ilə şərtlənən poetik düşüncə yeniliyi onlardan sonra poeziyaya gələn şairlərin poeziyasının bədii quruluşunda və təsvir sistemində öz əksini tapdı. Cənubi Azərbaycan şeirinin, daha doğrusu, 1950-1980-ci illərdə fəaliyyət göstərən və onlardan sonra poeziya dəryasında üzməyə başlayan şairlərin praktik üstünlükləri, ideya poetik baxımdan irəliyə doğru hərəkətlə, yeniləşmədə özünün yaxşı bəhrələrini verdi. Şəhriyar, Sahir, Səhənd, Məhzun, H.Tərlan, M.Dərəfşi, Ə.Nabdil Oxtay və b. kimi şairlərin fərdi-poetik üslublarında həmin illərin duyum və ifadə tərzinin müsbət təsiri, öz səmərəli bəhrələrini üzə çıxararaq, H.Xətibi, Ə.Həddad, H.Nitqi, Urmulu, İldırım, Ə.Möhsünü, Bariz, Savalan, Alov, Sönməz kimi öz sələflərinin ədəbi irsini uğurla davam etdirən poeziya müəllimləri yetişdirdi, İsmayıl Məmmədli, Məhərrəm Pərizad Sürgün, Tariyel Ümid, Fəraməz Dehqan, Günəşoğlu, Himayət Qədimpur, Məxməl İşıq, Bəxtiyar Muğanoğlu, Sədyar Eloğlu, Ənsari, Saplaq, Əli Daşqın, Aqşin Ağkəmərli, Əbdülqədir Salehoğlu Rəsuli, Piruz Dilənçi, Əziz Cabbarlı Sazlı, Türkan Nəsim, Lalə Cavanşir, Rizvanə Behin və b. kimi sənətkarların poeziya xəzinəsinə nəfis töhfələrini vermələrinə vəsilə oldu.
İnqilabdan sonra İranda azərbaycan dilində qəzet və jurnallar buraxılmağa başladı. "Ulduz", "Yoldaş", "Koroğlu", "İşıq", "Çənlibel", "Qardaşlıq", "Molla Nəsrəddin", "Azadlıq", "Odlar yurdu", "Birlik", "Azərbaycan", "Muştuluq", "Yazmaca", "Azərbaycan səsi", "Xalq sözü", "Varlıq", "Dədə Qorqud", "İnqilab yolunda", "Ülkər" və s. qəzet-jurnallar dərc edildi.

Dur ayağa, ocağın qur!
Çırağın yax!
Qızıl şəfəq yayılmada
Dur bir yana.
Al silahın, gir meydana
Vuruş! Vuruş!
Gələk cana..

(Həbib Sahir. "Dur ayağa ocağın qur"). İnqilabdan sonra Cənubi Azərbaycan yazıçılarının da birlikləri yarandı; Təbrizdəki birliyin ədəbi orqanı "Ülkər", Tehrandakı birliyin ədəbi orqanı "Günəş" nəşrə başladı. Cənubi Azərbaycanın çox istedadlı sənətkarları Savalanın, Qəşəm Qələndərin, Məftun Əlinin, Sətta Gülməhəmmədinin, Həbib Fəribafın, Bəhman Zəmaninin kitabları nəşr edildi. Mətbuatda şifahi xalq ədəbiyyatı nümunələri ardıcıl şəkildə çap olunmağa başladı ki, bu da mətbuatın dilinə xalq danışıq leksikası gətirməyə başladı. Müəyyən bir çərçivədə, şah üsuli-idarəsinin hər iki tərəfi dişli mişar tək kəsən qılıncı altında yazıb-yaradan sələflərindən üslub, forma, şəkil, vəzn, rəfid, qafiyə, təşbih, təkrir, istiarə incəliklərini mükəmməl bir şəkildə əxz eləmiş inqilab şairləri odlu-alovlu çıxışlar eləməyə başladılar.
Beləliklə, 1950-ci illərdən başlayaraq yaşadığımız dövrə, daha doğrusu, 21-ci əsrin əvvəllərinə qədər - 60 ildən yuxarı bir dövrün poetik düşüncə tərzinin kontekstində davam və inkişaf edən Cənubi Azərbaycan poeziyası müasir Azərbaycan poeziyasının ictimai-siyasi mündəricəsini bütün dolğunluğu ilə özündə əks etdirdi. Nəticə olaraq demək olar ki, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında tərəqqi yolunda, elm, maarif, mədəniyyət yolunda mübarizə daha qızğın hal alır, Azərbaycanda teatr dəstələri, dram dərnəkləri əmələ gəlirdi. Bakı, Təbriz, Ərdəbil, Gəncə, Naxçıvan kimi şəhərlərdə çoxlu müəllim, yazıçı və başqa ziyalılar yetişib qəzetlər çap edir, zülmə, haqsızlığa, ayrıseçkiliyə, istibada, eyni zamanda din pərdəsi altında maskalanmış yalançı din xadimlərinə qarşı mübarizə aparırdı.
1905-ci ildə Rusiyada və Rusiyanın yarı müstəmləkəsi olan bölgələrdə inqilab baş verdi. Sovet dönəmində bu inqilaba yalnız bolşevik inqilabı donu geyindirirdilər, belə ki, guya bu inqilab gələcəkdə, daha doğrusu, on iki ildən sonra baş vermiş Oktyabr inqilabının təməli olub, deyə fikir formalaşdırırdılar. Lakin bu, necə deyərlər, göz görə-görə yalan danışmaq idi, çünki 1905-ci ildə eyni zamanda Sərdari-milli Səttarxanın başçılığı ilə Təbrizdə Təbriz inqilabı baş vermiş, məşrutə əldə edilmişdi və bu inqilabın bolşevizmlə heç bir əlaqəsi yox idi. Buna sübut üçün elə təkcə bolşevizmə nifrət bəsləyən Hacı Zeynalabdin Tağıyevi göstərmək olar ki, Məşrutə hərəkatına imkanı daxilində cür yardım göstərirdi. Bundan başqa da o zaman hələ bolşevik deyilən bir məfhum yox idi və 1905-ci il inqilabı Şimali Azərbaycanda sadəcə olaraq çar mütləqiyyətinə, zülmə, istibdada qarşı mübarizə aparırdı. Təsadüfi deyil ki, o dövrdə hələ cəmisi 21 yaşında olsa da, dərin biliyə, yüksək intilektə, iti şuura və heyrətamiz bir vətənpərvərliyə malik olan Məhəmməd Əmin Rəsulzadə inqilabçılar arasında idi. Bir qədər sonra isə burdakı aparıcı qüvvələrin, o cümlədən xain və pozğun Şaumyanın sinfi mübarizə deyil, iyrənc məqsədlərinə yetmək üçün, o cümlədən "Böyük Ermənistan" yaratmaq xülyası ilə mübarizə apardığını görüncə onlarla əlaqəni kəsmiş və gələcəkdə Vətənini, torpağını, xalqını, millətini azad, müstəqil görməkdən ötrü başqa yollar, üsullar axtarmağa başlamışdı. Lakin bu dövr özlüyündə bir keçid dövrü idi və siyasi-ictimai hadisələrin gedişatından asılı olmayaraq hər sahədə dəyişikliklər baş verirdi.
Təsadüfi deyil ki, sorağı bütün müsəlman Şərqinə yayılan "Füyuzat", "Molla Nəsrəddin" məcmuələri bu dövrdə öz fəaliyyətinə başladı. Məhz bu dövrdə yenə də böyük Hacı Zeynalabdin Tağıyevin sayəsində Azərbaycan dilində qəzetlər nəşr edilməyə başladı. Cənubi Azərbaycanda Səttarxanın qətiyyəti və təşəbbüsü ilə ana dilində qəzet və kitablar nəşr edilməyə başladı. 1950-1980-ci illərdə Cənubi Azərbaycan poeziyası, Şimali Azərbaycanda olduğu kimi böyük bir inkişaf yolu keçdi, cənublu şairlər yuxarıda dəfələrlə qeyd olunduğu kimi bir-birindən dəyərli, ümumazərbaycan ədəbiyyatı xəzinəsini bəzəməyə layiq olan mükəmməl əsərlər meydana gətirdilər. Şübhəsiz ki, bu, o qədər də asan bir iş deyildi. Çünki dünənki oxucu bugünkündən fərqlənirdi. Onun dünyayabaxışı, zövqü tamamilə başqa cür idi.
Zəmanə oxucusunun estetik zövqü, həyat və hadisələrini, sənət, ədəbiyyat və mədəniyyəti tənqidi şəkildə dərketmə qabiliyyəti elə bir səviyyəyə çatmışdı ki, artıq onu təkcə poetik istedadın gücü, yaxud təsvirin şirinliyi ilə əfsunlamaq, cəlb etmək mümkün deyildi. Vaxtilə müəyyən bir mətləbi dilinin ifadəliliyi, hadisənin maraqlı təhkiyəsi, təsvirin romantikliyi hesabına oxucuya təqdim etmək və beləliklə, onun qəlbinə yol tapmaq, hisslərini coşdurmaq mümkün idisə, 1950-1980-ci illərdə bunlarla effekt yaratmaq olmurdu. Artıq o əsərlər məqbul sayılırdı ki, onlarda təlqin edilən məzmun, fikir və ideya yeni, dərin və mənalı olmaqla yanaşı, elmin o günkü inkişaf səviyyəsi ilə səsləşə bilməli idi.
Böyük Füzulinin məşhur "Elmsiz şeir əsassız divar kimidir" kəlamı həmin dövrdə də öz mənasını saxlamaqda idi. Etiraf etmək lazımdır ki, heç bir zaman bədii təfəkkürlə elmi təfəkkür 1950-1980-ci illərdəki kimi yaxın olmamış, bir-biriylə bu dərəcə çulğaşmamışdı. Daha doğrusu, şeirin idrak əhəmiyyəti xeyli artmışdı. Artıq şimallı şair əsərlərindəki gurultulu misraların arxasında gizlənə bilməzdi. Şimalda 1953-cı ildən etibarən "Şəxsiyyətə pərəstiş" dövrü bitdi, lakin cənubda şah üsul-idarəsi qüvvədə idi. Lakin yuxarıda qeyd olunduğu kimi vahid bir xalqın xalq poeziyasından qaynaq götürən intəhasız çeşməsi bir-biriylə yaxşı mənada bəhsə girən poeziya yarışına hakimlik edirdi. Şimalda Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Rəsul Rza, İslam Səfərli, Əli Kərim, Məstan Əliyev, Mirvarid Dilbazi, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza, Cabir Novruz, Söhrab Tahir, Tofiq Bayram, Qabil, Qasım Qasımzadə, Fikrət Qoca, Nəriman Həsənzadə və başqaları, cənubda isə Şəhriyar, Həbib Sahir, Səhənd, Savalan, Sönməz, Yəhya Şeyda, Süleyman Salis, Hökümə Billuri, Məhəmməd Biriya, Aşıq Hüseyn Cavan, Əlirza Nabdil Oxtay, Haşım Tərlan və başqaları, o cümlədən quzeyli-güneyli şairlər Məhəmmədəli Məhzun, Balaş Azəroğlu, Əli Tudə, Söhrab Tahir, Mədinə Gülgün bu olduqca xoşməramlı qardaşlıq yarışına girdilər. Səbəb nə idi bu xalqın ruhunu oxşayan, xalqa sevinc bəxş edən qabiliyyətə?! Bunun yalnız bir səbəbi vardı - Vətən Sevgisi... Bu sənətkarlar Azərbaycan deyilən bir məmləkəti canlarından, qanlarından çox sevirdilər. Şübhə etmirəm ki, ümumazərbaycan ədəbiyyatına xidmət göstərən şairlər bundan sonra da öz sələfləri kimi Vətəni canlarından, qanlarından artıq sevəcəklər, yaratdıqları bütün əsərlər yalnız Azərbaycan deyilən bir məmləkətdən ötrü yaranacaq.


Vüqar Əhməd
professor