DÇ-2018: Qırılması gözlənilən 5 rekord İdman

DÇ-2018: Qırılması gözlənilən 5 rekord

Hər dünya çempionatında bir çox rekord yenilənir. DÇ-2018 də bu baxımdan istisna deyil. Xüsusən də, diqqət çəkən 5 rekord var ki, onların Rusiyada qırılması real görünür.

Ən yaşlı futbolçu
Dörd il əvvəlki dünya çempionatında Kolumbiyanın çərçivəsini qoruyan Əli Fərid Mondraqon 43 yaşında meydana çıxmaqla, ən yaşlı oyunçu ünvanına sahib olmuşdu. Misir yığmasının qolkiperi Essam əl-Hadari bu rekordu yeniləməyə çox yaxındı. Belə ki, 45 yaşlı kapitan meydana çıxsa, Mondraqonun rekordunu geridə qoyacaq.

Ən çox qarşılaşan cütlük
Dünya çempionatları tarixində azarkeşlər 7 dəfə Braziliya – İsveç və Almaniya – Argentina matçlarına şahidlik ediblər. Mundialın gedişində bu komandalardan hansılar yenidən üz-üzə gəlsə, bu baxımdan rekordu ələ keçirəcək. Braziliya öz qrupunda 1-ci, İsveç isə 2-ci yeri tutsa, komandalar 1/8 finalda qarşılaşacaqlar. Almaniya və Argentina isə yer aldıqları qrupu zirvədə tamamlasalar, 1/4 finalda yolları kəsişə bilər.

Ardıcıl 4-cülük
Braziliya ev sahibi olduğu 2014-cü ildəki dünya çempionatının yarımfinalında Almaniyaya 1:7, 3-cü yer uğrunda görüşdə isə Hollandiyaya 0:3 hesabı ilə məğlub olaraq, turniri 4-cü pillədə tamamlamışdı. Braziliya builki yarışda da eyni nəticəni təkrarlasa, ardıcıl 2 dəfə 4-cü yeri tutmaqla, tarixdə bir ilk həyata keçirəcək. Dünya çempionatlarında ən çox 4-cü olan komanda Uruqvaydı (3 dəfə).

Ən uzun həsrət
Dünya çempionatında çempion olduqdan sonra növbəti zəfəri ən çox gözləyən yığma 44 illə İtaliya olub. 1938-ci ildə çempion olan Skuadra Adzurra növbəti birincilik üçün 1982-ci ilə qədər gözləyib. Bu rekordu iki komanda qıra bilər. Belə ki, Uruqvay sonuncu dəfə 1950, İngiltərə isə 1966-cı ildə kubokun sahibi olub.

Penaltilərlə ən çox qələbə
Mundiallar tarixində penaltilər seriyası ilə ən çox qələbəsi olan komanda sayı 2-di. Belə ki, Almaniya və Argentina 4 dəfə "lotereya"nın qalibi olublar. Bu iki yığmadan biri eyni ssenari ilə kimisə məğlub etsə, rekorda sahib olacaq. Penaltilər seriyasının ən uğursuzları isə İngiltərə və İtaliyadı.