“Oyunların açılış mərasiminə akkreditasiya olunmuş media nümayəndələri...” İdman

“Oyunların açılış mərasiminə akkreditasiya olunmuş media nümayəndələri...”

Azad Rəhimov:" Oyunları xüsusi yerlərdən müşahidə edə biləcəklər"

Biz çox istərdik ki, gələcəkdə Avropa Oyunlarının məşəli Avropanın ən tanınmış alov mənbəyindən, Bakıdan alovlandırılsın. Bunu Azərbaycanın gənclər və idman naziri və Bakı 2015-in İcraçı direktoru Azad Rəhimov dünən Bakı 2015 birinci Avropa Oyunlarının məşəl səfərinin iyunun 12-də keçiriləcək Açılış Mərasimində Olimpiya Stadionuna gətirilməzdən əvvəl iyunun 7-10-da Bakı şəhərindən keçəcəyi marşrutun açıqlanması mərasimində deyib.
O qeyd edib ki, Azərbaycan bundan sonra keçiriləcək Avropa Oyunlarının məşəlinin Bakıdan alovlandırılması marağındadır: "Azərbaycan bir dövlət kimi bundan sonra Avropa Oyunlarını təşkil edəcək ölkə kimi məşəlin burada alovlandırılması mərasimini təşkil etməyi öz öhdəsinə götürməyə hazırdır".
Nazir xalq artısti İ.Quliyevanın məşəli daşıyacağı ilə xəbərlərə aydınlıq gətirib: "Təəcüblənirəm ki, İlhamə xanımın məşəli daşıyacağı ilə bağlı xəbər niyə bu qədər təəccüblə qəbul edilir? Xalq bu xanımı çox istəyir. O da 150-dən artıq məşəl daşıyanların sırasındadır. Bakıda İlhamə xanım ola bilsin ki, qaça bilməsə də, məşəli 10-20-30 m daşıya bilər. Mən şəxsən buna çox şadam".
A.Rəhimov tanınmış futbolçu Zlatan İbrahimoviçin Bakı 2015 birinci Avropa Oyunlarının açılış mərasimində iştirakı və məşəl daşıyacağı barədə məlumatlara da aydınlıq gətirib. O bildirib ki, bu doğru məlumat deyil: "O şəxsi dəvət əsasında Bakıya tanışlıq məqsədi ilə gəlib".
Nazir məşhur müğənni Adelin də açılış mərasimində iştirak etməsi ilə də bağlı məlumatın həqiqətə uyğun olmadığını deyib.
Avropa Oyunlarının Ermənistanda yayımlanması məsələsinə gəlincə, o bildirib ki, hələlik bununla bağlı hər hansı müqaviləyə imza atılmayıb: "Ola bilsin ki, istək var. Bununla bağlı danışıqlar gedir. Hələlik yayılacağı ilə bağlı məlumat yoxdur".
A.Rəhimov ilkin məlumata görə, ilk Avropa Oyunlarının açılış mərasimində 30-a yaxın dövlət başçısının iştirakının gözlənildiyini açıqlayıb. O həmçinin bildirib ki, Oyunların açılış mərasiminə akkreditasiya olunmuş media nümayəndələri Oyunları xüsusi yerlərdən müşahidə edə biləcəklər: "Açılış mərasiminə akkreditasiyası olmayan jurnalistlər isə yalnız adi qaydada bilet alaraq onu izləyə bilərlər".