Sarkisyan istefaya göndərilir? Dünya

Sarkisyan istefaya göndərilir?

Rusiya prezidenti Vladimir Putin avqustun 8-də Bakıya nəzərdə tutulan səfərini yekunlaşdırdıqdan dərhal sonra avqustun 10-da Ermənistan prezidenti Serj Sarkisyanı Moskvada qəbul edəcək.

Rəsmi məlumata görə, prezidentlər bir sıra aktual beynəlxalq və regional problemlər üzrə də fikir mübadiləsi aparacaqlar. Eyni zamanda danışıqlar zamanı siyasi, ticari-iqtisadi və humanitar sahələrdə qarışlılıqlı əlaqələrin ən yüksək səviyyədə müzakirəsi, həmçinin Avrasiya məkanında inteqrasiya prosesləri diqqət mərkəzində olacaq.

Bəs, Sarkisyanın qəfil Moskvaya dəvət edilməsi hansı zərurətdən irəli gəlib?

Siyasi ekspert Arzu Nağıyev bildirib ki, Sarkisyan müəyyən təlimatlar verilməsi üçün Moskvaya dəvət olunub:

"Ermənistandakı son hadisələrdən sonra Sarkisyan Dağlıq Qarabağa dair sərsəm bir bəyanat verdi. Bu isə İrəvanda təşkil edilən axırıncı siyasi şouda Sarkisyanın öz arzusuna çata bilməməsi ilə əlaqədardır. Çünki, əsas tələb oluna məsələ Dağlıq Qarabağ münaqişəsində güzəştə getməmək idi. Bununla belə Dağlıq Qarabağdakı separatçılar qarşısında da "müstəqillik" sözü verməkdə davam edən Sərkisyan öz hakimiyyətini qoruyur və Dağlıq Qarabağda status-kvonu saxlayır. Deməli danışıqları uzadır. Məqsəd də müddəti seçkilərə qədər uzatmaq və hakimiyyətdən getməkdir.

Təbii ki, bu, ilk növbədə Azərbaycanı qane etmir. Əsas oyunçu kimi Rusiya da stabillikdə maraqlı olmalıdır. Yəqin ki, Türkiyənin də Rusiya ilə yaxınlaşması problemin həllinə müsbət təsir edə bilər".


A.Nağıyev vurğulayıb ki, Qərb heç cür Türkiyə-Rusiya yaxınlaşmasını istəmir: "Hətta bu baş tutsa belə NATO-Rusiya sərhəddinin Ermənistandan keçdiyi üçün orada nəzarəti öz əlinə alaraq loyal bir Qərbyönümlü hakimiyyət qurmağa çalışır. Buna görə də Putinin Azərbaycana səfərindən dərhal sonra müvafiq təlimat üçün Sarkisyan Moskvaya gedəcəyi haqda anons verilir.

Rusiya üçün Sarkisyan vacib fiqurdur, lakin hazır digər kadr olandan sonra istefası qaçılmaz ola bilər. Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstindən yanaşanda isə Rusiya təşəbbüsü ələ alaraq müəyyən irəliləyiş etmək istəyir. Çünki onun da yeganə çıxış yolu budur"