Rumın prezident: “Siyasi böhranın içindəyik” Dünya

Rumın prezident: “Siyasi böhranın içindəyik”

Rumıniya tam olaraq siyasi böhranının içindədir. Bunu parlamentdə çıxışı zamanı Rumıniya Prezidenti Klaus Yohannis söyləyib. "Rumınların böyük hissəsi artıq ölkənin doğru olmayan istiqamətdə inkişaf etdiyini düşünürlər. Rumıniyanın şəffaf işləyən hökumətə ehtiyacı var", – deyə o bildirib. Qeyd edək ki, Yohannis bundan öncə hakim Sosial Demokrat Partiyasını ölkədəki vəziyyəti gərginləşdirməkdə ittiham edib. Hökumət formalaşdıran partiyanın deputatları isə prezidentin çıxışı zamanı parlament zalını tərk ediblər.
SDP Rumıniya hökumətini təkbaşına formalaşdırıb. Partiyanın istəyi ilə qanunvericilikdə bəzi dəyişikliklərin edilməsi əhalinin kəskin etirazına səbəb olub. Müxalifət iqtidarın bununla korrupsiyaya bulaşmış siyasətçiləri cinayət məsuliyyətindən azad etmək istədiyini bildirib. Artıq Rumıniyada etiraz aksiyasına qoşulanların sayı yarım milyonu keçib.