ABŞ İrana yeni sanksiyalar tətbiq etdi Dünya

ABŞ İrana yeni sanksiyalar tətbiq etdi

ABŞ İrana balistik raket proqramı və "terror qruplaşmalarına yardım etməsi" səbəbiylə yeni iqtisadi sanksiyalar tətbiq edib. ABŞ Xarici İşlər Nazirliyi yeni sanksiyaların 18 təşkilat və fərdə təsir edəcəyini açıqlayıb. Bu təşkilat və insanların İranın ballistik raket proqramı, ya da pilotsuz hava vasitələri ilə İran İnqilabi Mühafizəsini dəstəklədiyi bildirilib.
Həmin insanlar və təşkilatlar arasında "ABŞ və Qərb təminat proqramlarını oğurlayaraq İran hökumətinə satmaqda" ittiham olunan şəxslər və şəxslərlə əlaqəsi olan təşkilatların da yer aldığı bildirilib. Xarici İşlər Nazirliyinin açıqlamasında İranın Suriya rejiminə, Hizbullah və Həmas kimi qruplaşmalara göstərdiyi dəstək də tənqid edilib. Açıqlamada "ABŞ İranın Orta Şərqdəki regional sabitliyi, təhlükəsizliyi və zənginliyi zəiflədən xəbis fəaliyyətindən çox narahatdır" deyilib.
Açıqlama belə davam edib: "İran, İsrail və Orta Şərqdəki sabitliyi təhdid edən Hizbullah, Həmas və Fələstin İslami Cihad kimi terrorçu qruplaşmalarını dəstəkləməkdə davam edir. İran Bəşər Əsədin öz xalqına etdiyi zülmə baxmayaraq Əsəd rejiminə davamlı dəstəyini qoruyub saxlayır." ABŞ İranı Husi qiyamçılarını dəstəkləyərək Yəməndəki müharibəni uzatmaqda ititham edib.
İran yeni sanksiyalara qarşılıq verəcəyini bəyan edib. İran Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada sanksiyaların "tək tərəfli və qanuna zidd" olduğu bildirilib. "İran bu sanksiyalara qarşılıq verəcək, iranlılara və bölgədəki digər müsəlman xalqlara qarşı fəaliyyətlərdə olan amerikalı şəxslərə sanksiyalar tətbiq edəcək", - açıqlamada belə deyilib.
ABŞ bir gün əvvəl Tehranın nüvə fəaliyyətinin məhdudlaşdırılması istiqamətində 2015-ci ildə imzaladığı razılaşmanın maddələrinə riayət etdiyini açıqlamışdı. Ağ Ev hər üç aydan bir İranın razılaşma maddələrinə riayət edib-etmədiyi ilə bağlı ABŞ Konqresinə məruzə etmək məcburiyyətindədir. İran BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə 2015-ci ildə əldə etdiyi razılaşma nəticəsində uranın zənginləşdirilməsində istifadə olunacaq sentrifuqaların sayını ücdə iki nisbətə azaldacağını qəbul etmişdi. Bunun qarşılığında isə İrana qarşı tətbiq edilən sanksiyalar yüngüləşdiriləcəkdi.