IV Bakı Təhlükəsizlik Forumu: ümumi mənzərə və mühüm amillər
23 Sentyabr 23:37

Bakı son illərdə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən aparıcı məkana çevrilib. Bu baxımdan artıq dördüncüsü təşkil edilən Bakı Təhlükəsizlik Forumu da xüsusi əhəmiyyət daşıyır. Ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksəksəviyyəli nümayəndələrinin iştirakı ilə “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusunda IV Bakı Təhlükəsizlik Forumu keçirilib. Forumda Prezident İlham Əliyevin iştirakçılara müraciəti səsləndirilib. Prezident müraciətində qlobal təhlükəsizlik məsələlərinin aktuallığı, terrorçuluqla mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti və təhlükəsizlik sahəsində birgə səylərin zəruriliyini ifadə edib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev “Xalq Cəbhəsi”nə bildirib ki, Prezident İlham Əliyev forum iştirakçılarına ünvanladığı müraciətdə bir sıra və çox ciddi məqamlara toxunub: “Forumda koordinasiyalı şəkildə işin qurulması, məlumat mübadiləsinin çox mühüm olduğu bir daha qeyd edilib. Təhlükəsizlik məsələsində dialoq üçün institusional bir platforma yaratmağa ehtiyac var. Düşünürəm ki, Azərbaycan bu platformalardan biridir və ümumi mənzərədə bir neçə mühüm aspekti göstərmək olar. Bakı Təhlükəsizlik Forumu Azərbaycanın rolunu təhlükəsizlik problemlərindən təsirlənən regional dövlət çərçivəsinə çıxarıb, təhlükəsizlik gündəliyinin formalaşdırılmasında, dövlətlərarası dialoqda və praktiki əməkdaşlıqda platforma yaradıb, bir ev sahibi dövlət istiqamətində genişləndirib. Bu rolun möhkəmlənəcəyini forumun gələcəkdə hansısa konkret mexanizmlər və nəticələr yaratması müəyyən edəcək”.
“Azərbaycan körpü rolunda güclənəcək”
A.Nağıyev vurğulayıb ki, Azərbaycan 2026-cı ildə özünü Cənubi Qafqazda sülh quruculuğu ilə yanaşı, daha geniş Avrasiya təhlükəsizliyi ilə bağlantıda aktor kimi təqdim etməyi bacarır: “Bu, Azərbaycanı təhlükəsizlik dialoqunun məkanı kimi möhkəmləndirir. 2025-ci ildə keçirilmiş bu forumda təxminən 90 ölkədən yüksək səviyyəli nümayəndələr iştirak etmişdi. 2025-ci ildə forumun keçirilməsi, təşkilat komitəsi və katibliyinin yaradılması da çox mühüm addım idi. Düşünürəm ki, Azərbaycanın rolu güclənəcək. Prezident İlham Əliyev 2026-cı ilin sentyabrında Türk Dövlətləri Təşkilatının təhlükəsizlik rəsmiləri ilə görüşdə də enerji və nəqliyyat təhlükəsizliyi, terrora qarşı mübarizə və digər məsələlərin mühüm olduğunu bir daha qeyd etmişdi”.
“Bu, çox mühüm əhəmiyyət kəsb edən forumdur”
Deputat əlavə edib ki, budəfəki forum da enerji, nəqliyyat, terrorizmlə və kibertəhlükəsizliklə mübarizə kimi gündəmin müzakirəsinə imkan yaradır, təhlükəsizlik anlayışını daha geniş çərçivəyə çıxarır: “Beynəlxalq diplomatik çəkisi olan bir dövlət kimi Azərbaycan əlavə kanal yaradır, beynəlxalq konvensiyalara, eyni zamanda, BMT səviyyəsində aparılan dialoqlara qoşulur. Yəni bu, çox mühüm əhəmiyyət kəsb edən bir forumdur. Forumun real təsiri iştirakdan daha çox nəticələrindən asılıdır və düşünürəm ki, biz bu nəticələri də görəcəyik”.
Əməkdaşlığın genişləndirilməsi
Hərbi ekspert Anar Şuşalı deyib ki, Bakı Təhlükəsizlik Forumu kimi beynəlxalq platformalara xüsusi önəm verməsi ölkənin təhlükəsizlik gündəliyində yalnız iştirakçı deyil, həm də dialoq və əməkdaşlıq imkanları yaradan tərəf kimi çıxış etmək siyasətini gücləndirir: “Prezident İlham Əliyevin IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciətində vurğuladığı kimi, Azərbaycanın prioritetləri beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsidir”.
Azərbaycanın təhlükəsizlik diplomatiyası
A.Şuşalı qeyd edib ki, bu yanaşmanın mühüm tərəfi ondan ibarətdir ki, müasir təhlükəsizlik artıq ayrı-ayrı dövlətlərin sərhədləri daxilində həll olunan məsələ kimi qiymətləndirilmir: “Terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq, kibercinayətkarlıq, qanunsuz silah və narkotik dövriyyəsi, eləcə də yeni texnologiyaların, o cümlədən süni intellektin terror fəaliyyətində sui-istifadəsi müxtəlif ölkələrin birgə fəaliyyətini tələb edən təhdidlər sırasında göstərilir. Məhz bu baxımdan Bakı Təhlükəsizlik Forumu Azərbaycanın təhlükəsizlik diplomatiyasında praktiki əməkdaşlıq alətlərindən biri kimi diqqət çəkir. Forumun əvvəlki mərhələlərində müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik qurumlarının rəhbərləri bir araya gəlib, regional və qlobal təhdidləri müzakirə edib, ikitərəfli və çoxtərəfli görüşlər keçiriblər. 2025-ci ildə keçirilən III Bakı Təhlükəsizlik Forumunda təxminən 90 ölkənin xüsusi xidmət orqanlarının yüksək səviyyəli nümayəndələri iştirak edib”.
Yeni platforma
Ekspertin fikirlərinə görə, Forumun institusional inkişafı da Azərbaycanın bu sahədə təşəbbüsünün miqyasını göstərən amillərdən biridir: “2025-ci ildə Forumun Əsasnaməsi və Bəyannaməsi qəbul edilib, onun fəaliyyətinin davamlılığını təmin etmək üçün Təşkilat Komitəsi və Katibliyin yaradılması istiqamətində addımlar atılıb. Həmin Forumun Bəyannaməsi və Prezidentin müraciəti sonradan BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədləri kimi yayımlanıb. 2026-cı ilin iyununda isə Bakı Təhlükəsizlik Forumu Nyu-Yorkda BMT-nin mənzil-qərargahında keçirilən yüksək səviyyəli antiterror tədbiri çərçivəsində beynəlxalq ictimaiyyətə təqdim olunub. Forumun daimi Katibliyi yaradılıb və 100-dən çox ölkədən 150-dən artıq təhlükəsizlik və kəşfiyyat qurumunu əhatə edən əməkdaşlıq mexanizminin institusional inkişafı istiqamətində iş aparılır. Burada Azərbaycanın rolunun dəyişməsini bir neçə istiqamətdə müşahidə etmək mümkündür. Birincisi, Bakı təhlükəsizlik məsələlərinin müzakirə edildiyi məkanlardan birinə çevrilir. İkincisi, Azərbaycan müxtəlif ölkələrin təhlükəsizlik qurumları arasında informasiya mübadiləsi və peşəkar əlaqələrin inkişafına şərait yaradan mexanizmlərin formalaşmasına töhfə verir. Üçüncüsü isə ölkə regional təhlükəsizlik gündəliyini daha geniş beynəlxalq təhlükəsizlik məsələləri ilə əlaqələndirən diplomatik platformalar yaradır”.
Azərbaycanın beynəlxalq təhlükəsizlik məsələlərində rolu
O əlavə edib ki, bu proses Azərbaycanın enerji və nəqliyyat qovşağı kimi formalaşmış beynəlxalq mövqeyinə təhlükəsizlik diplomatiyası ölçüsünün də əlavə olunması kimi xarakterizə edilə bilər: “Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin məlumatında Prezident İlham Əliyevin “Bakı artıq yalnız enerji və nəqliyyat qovşağı deyil, həm də qlobal təhlükəsizlik müzakirələrinin məkanıdır” fikrinin bu baxımdan əhəmiyyət daşıdığı qeyd olunur. Nəticə etibarilə, Bakı Təhlükəsizlik Forumu Azərbaycanın beynəlxalq təhlükəsizlik məsələlərində rolunun yalnız mövcud proseslərə münasibət bildirməklə məhdudlaşmadığını, dialoq, etimad, informasiya mübadiləsi və institusional əməkdaşlıq üçün platformalar yaratmaq istiqamətində də təşəbbüslər irəli sürdüyünü göstərən nümunələrdən biridir. Forumun coğrafiyasının genişlənməsi və BMT çərçivəsində təqdim olunması isə bu platformanın beynəlxalq təhlükəsizlik gündəliyində görünürlüğünün artdığını göstərən konkret faktlardır”.
Röya İsrafilova