“Mehri dəmir yolu indiki vəziyyətdə qalmalıdır” Dünya

“Mehri dəmir yolu indiki vəziyyətdə qalmalıdır”

Mübariz Əhmədoğlu: "Dəmir yolunun fəaliyyəti Rusiya-Ermənistan münasibətlərinin ən böyük müəmmasıdır"


"Mehri dəmir yolunun fəaliyyəti Rusiya-Ermənistan münasibətlərinin ən böyük müəmmasıdır. Hər iki dövlət bir-biri ilə strateji münasibətlərə can atdığını bildirir. İki ölkə arasında yük dövriyyəsini artırmağa hazır olduğunu dəfələrlə bəyan edirlər". Bu fikirləri politoloq Mübariz Əhmədoğlu səsləndirib. Politoloq diqqətə çatdırıb ki, reallıqda həm strateji əlaqənin davamlığı, həm də yük dövriyyəsinin artırılması üçün ən əlverişli kommunikasiya vasitəsi SSRİ dövründə fəaliyyət göstərmiş Moskva-Tehran dəmir yoludur: "Bu yolun o zaman SSRİ üçün mühüm hərbi-strateji əhəmiyyəti var idi. İranın Ermənistan və Azərbaycan sərhədindən keçən Mehri dəmir yolu həmin strateji əhəmiyyəti yenə də daşıya bilər və ya daşıyır. SSRİ dövründə Ermənistana yüklərin 80 faizi bu yolla daşınırdı. Digər yollarla müqayisədə bu həm coğrafi, həm də digər parametrlər üzrə ən təhlükəsiz yol idi.
Ermənistana İran, Türkiyə və Gürcüstan ərazisi vasitəsilə nəqliyyat-kommunikasiya əlaqələri qurmaq mümkündür. Rusiya da nəzəri cəhətdən bu əlaqələrdən istifadə edə bilər. Amma Rusiyanın Türkiyə və İran ərazisi vasitəsilə kiçik strateji müttəfiqi olan Ermənistana etibarlı nəqliyyat əlaqəsi qurması mümkün deyil. Türkiyə və İran istənilən anda Ermənistana qarşı digər maraqlarını reallaşdırmağa başlayarlar.
Gürcüstan ərazisindən Ermənistana nəqliyyat-kommunikasiya əlaqəsinə Rusiya tərəfdən baxdıqda ən azı 3 faktor diqqətdən kənarda qala bilmir:
I. Qərb Ermənistanla Rusiya arasında davamlı ciddi əlaqədə maraqlı deyil. Ona görə istənilən anda Gürcüstan öz ərazisindən Ermənistana gedən yolun nəzarətini Qərbə verə bilər.
II. Gürcüstan uzun müddət Ermənistanın təhdidlərindən əziyyət çəkib. Ermənistanı təhlükəsiz qonşuya çevirmək üçün Gürcüstanın əlinə şans düşüb. Rəsmi Tbilisi bu şansdan hökmən istifadə etməlidir.
III. Gürcüstan ərazisində nəqliyyat xətlərinə qarşı terror hadisələrinin baş verməsini heç kim istisna edə bilməz. Ermənistan təbii ki, bu terror hadisələrini Türkiyə və Azərbaycanla əlaqələndirəcək.
Ermənistanın Dağlıq Qarabağ məsələsində sağlam təhlil və düşüncədən məhrum olduğu heç kimə sirr deyil. 90-cı illərdə daşnaklar üstün rola malik olarkən Mehri dəmir yolunu Azərbaycanın işğal olunmuş ərazilərindəki və Ermənistanın daxilindəki hissəsini yerlə-yeksan etdilər. Hətta dəmir yolunun keçdiyi torpağı 1 metr qazıyıb atdılar.
Rusiyanın Mehri dəmir yoluna laqeyd münasibəti ciddi şübhələr yaradır. Bu vaxtadək heç bir Rusiya rəsmisi və ciddi siyasətçisi Mehri dəmir yolunun açılması mövzusu barədə bircə kəlmə də fikir bildirməyib. Belə alınır ki, Ermənistan və Rusiyanın bir-biri ilə əlaqələri qurmaq barədə dediyi fikirlər blefdir. Reallıqla əlaqəsi olmayan məsələdir. Rusiya ilə Ermənistan arasında əlaqələr güclü kommunikasiya vasitələrini diktə edir. Mehri dəmir yolunun fəaliyyətə başlaması Rusiyanın Cənubi Qafqazda mövqeyini xeyli möhkəmləndirir və Qərb üçün əlçatmaz edir. Ona görə Mehri dəmir yolunun fəaliyyətə başlamasını Rusiya ilə Ermənistan arasında münasibətlərin səmimiliyinin testi kimi başa düşmək olar. Əgər bu 2 dövlət bir-birinə kələk gəlmirsə, Mehri dəmir yolunun fəaliyyətə başlanması üzərində fokslanmalıdırlar. Yox əgər hər birisi Dağlıq Qarabağ tənzimlənməsinin yubanmasında özlərinin destruktiv maraqlarını reallaşdıracaqlarına ümid edirlərsə, bu halda Mehri dəmir yolu indiki vəziyyətdə qalmalıdır".