Paşinyan Cənubi Qafqazda xaosa yol açmaq niyyətindədir Dünya

Paşinyan Cənubi Qafqazda xaosa yol açmaq niyyətindədir

Paşinyan indiyə qədər aparılmış danışıqlar prosesinin üstündən xətt çəkərək, yeni qarşıdurmalar və Cənubi Qafqazda xaosa yol açmaq niyyətindədir.
Bu sözləri Prezident İlham Əliyevin ATƏT-in baş katibi Tomas Qremingerlə görüşdə Paşinyanın Qarabağa dair son bəyanatları ilə bağlı səsləndirdiyi fikirləri şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Nikol Paşinyan Qarabağa dair son bəyanatlarının ağrısını uzun müddət çəkəcək:
"Nikol Paşinyan Moskvadakı uğursuz və biabırçı çıxışı ilə erməni işğalçılığına bəraət qazandırdığını və barbarlığı təbliğ etdiyini açıq şəkildə sübut etdi. Beynəlxalq vasitəçilərin səyi ilə indiyə qədər danışıqlar prosesində xeyli məsafə qət edilib. Azərbaycan prezidenti də çox haqlı olaraq bildirdi ki, Paşinyan danışıqlara qarşı getmək siyasəti yürüdür. Görünür, Paşinyan indiyə qədər aparılmış danışıqlar prosesinin üstündən xətt çəkərək yeni qarşıdurmalar və Cənubi Qafqazda xaosa yol açmaq niyyətindədir. Məhz buna görə də ölkə rəhbəri ATƏT-i Paşinyanın məsuliyyətsizliyinə son qoymağa çağırdı, əks təqdirdə bütün məsuliyyətin Ermənistanın üzərinə düşəcəyini vurğuladı. Bu cümlə kifayət qədər diplomatik məna daşıyır. Çünki Azərbaycan prezidenti dialoq praktikasının yenidən bərpa edilməsinə çalışır və bu istiqamətdə beynəlxalq təşkilatlarla ciddi əməkdaşlıq edir. Ancaq Paşinyan diplomatiyasının uğursuzluğu və onun beynəlxalq münasibətlərdən xəbərsiz olması qarşıdurmaya və gərginliyə təkan verir. Hesab edirəm ki, Paşinyanın biabırçı, özündə heç bir siyasi mahiyyət və diplomatik etikanı ifadə etməyən çıxışlara son qoyulmalıdır".
Politoloqun sözlərinə görə, prezidentin ATƏT-i müvafiq təsir imkanlarından istifadə etməklə Ermənistanın yeni hakimiyyətinin özbaşınalığına son qoymağa çağırması kifayət qədər müdrik və düşünülmüş bir addımdır:
"Azərbaycan tərəfi beynəlxalq vasitəçilərə və ATƏT-ə ciddi iradını bildirərək bu cür çıxışların dayandırılmasını tələb edir. Beynəlxalq təşkilatlar, ilk növbədə isə ATƏT Paşinyanın təhrikçi və ədəbsiz çıxışı üçün ondan məsuliyyət tələb etməli, Ermənistana ciddi surətdə təzyiq göstərməlidir. Artıq Ermənistanda da Paşinyanın uğursuz bəyanatlarının hansı nəticələr verəcəyini başa düşürlər və məhz bununla əlaqədar olaraq da xarici işlər nazirlərinin görüşünü təşkil etməyə cəhd edirlər".