Ermənistanda “məmur intiharları” mərhələsi başlayır Dünya

Ermənistanda “məmur intiharları” mərhələsi başlayır

Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan başqa ölkələri nümunə göstərərək Ermənistan kimi kiçik ölkənin hökumətində nazirliklərin sayının çox olmasına ehtiyac olmadığını deyir. Lakin unudur ki, həmin zəngin və böyük ölkələrdə nazirlərin rolu olduqca formaldır və onların özünün oturuşmuş sistemi var.
Bu barədə erməni ekspert Serob Xaçatryan Paşinyanın Ermənistandakı nazirliklərin sayını 17-dən 12-yə endirməklə bağlı qərarını şərh edərkən deyib. Onun sözlərinə görə, Ermənistanda dövlət idarəçiliyində iştirak edən icra strukturlarının fəaliyyəti onsuz da qənaətbəxş deyil.
"Belə olan vəziyyətdə optimallaşma adı ilə ciddi ixtisarlar aparmaq çox təhlükəlidir. Bu, peşəkar idarəçilik səviyyəsinin azalmasına səbəb ola bilər, çünki biz hələ bir neçə sahə üzrə dövlət orqanlarının fəaliyyətini inkişaf etdirməliyik və üstəgəl, yenilərini qurmalıyıq. Sirr deyil ki, Ermənistanda bəzi nazirliklər, xüsusən də onlara rəhbərlik edənlər konkret şəxslərin maraqlarına xidmət edirlər. Amma radikal addım ataraq bütövlükdə nazirliyi ləğv etmək və oranın zəhmətkeş işçilərini haqsız yerə işdən qovmaq qəbuledilməzdir. Əgər vəzifəsini layiqincə yerinə yetirməyənlər varsa, məhz onlar işdən çıxarılmalıdır ki, nazirlik yenidən keyfiyyətli fəaliyyətə keçsin" - Xaçatryan bəyan edib.
Erməni ekspert onu da vurğulayıb ki, "pis mütəxəssis" adı altında bir neçə nazirliyin yüzlərlə zəhmətkeş işçisinin qovulması Ermənistanda onsuz da çətin olan sosial vəziyyəti və işsizlik səviyyəsini daha da kəskinləşdirəcək. Nəticədə isə Ermənistanda "məmur intiharları" mərhələsi başlayacaq: "Gəmidən kənara atılanlar ən dözülməz vəziyyətdə özlərinə qəsd etməyə məcbur olacaqlar."