Baş Prokurorluqdan Səid Nuriyevlə bağlı açıqlama Dünya

Baş Prokurorluqdan Səid Nuriyevlə bağlı açıqlama

"O, Azərbaycan vətəndaşlığından çıxması ilə bağlı müvafiq dövlət orqanına müraciət etməyib"

Baş Prokurorluq ABŞ-da yaşayan Səid Nuriyevin (Səid Nuri) Azərbaycandan buraxılmaması ilə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı, 23 oktyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuş və hazırda Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, mənzil 9 ünvanında qeydiyyatda olan Nuriyev Səid Fikrət oğlunun hərəkətinin müvəqqəti məhdudlaşdırılması Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi ilə bağlıdır. S.Nuriyevin həmin cinayət işi üzrə şahid qismində dindirilməsi və həyata keçiriləcək bəzi istintaq hərəkətlərində iştirakı zərurəti yaranıb.
Baş Prokurorluq onu da qeyd edib ki, S.Nuriyev Azərbaycan Respublikası vətəndaşlığından çıxması ilə bağlı müvafiq dövlət orqanına müraciət etməyib. Qüvvədə olan qanunvericiliyə görə, bu halda Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyəti S.Nuriyevə münasibətdə tanınmır.
Qeyd edək ki, S.Nuriyev keçmiş "Yeni Fikir" Gənclər Təşkilatının sədr müavini olub.