ABŞ Moskva və Ər-Riyada qarşı idxal rüsumlarından istifadə edə bilər Dünya

ABŞ Moskva və Ər-Riyada qarşı idxal rüsumlarından istifadə edə bilər

Ağ Ev Rusiya və Səudiyyə Ərəbistanına təzyiq göstərmək məqsədilə idxal olunan neftin rüsumlarını artıra bilər. "APA-Economics"in məlumatına görə, bu barədə RİA "Novosti" "Wall Street Journal"a istinadən xəbər verir. Məlumata əsasən, ABŞ-ın neft şirkətlərinin top menecerləri, senatorlar və Konqres üzvləri ilə məsləhətləşmələri zamanı ABŞ Prezidenti Donald Tramp administrasiyanın Rusiya və Səudiyyə xammalı üçün rüsum tətbiq etməyə hazır olduğunu açıqlayıb. Qeyd olunur ki, Moskva və Ər-Riyad neft hasilatının azaldılması ilə bağlı razılığa gəlsələr, Ağ Ev maneə rüsumlarını tətbiq etməyəcək. Qeyd edək ki, bu gün "OPEC+"(Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) çərçicəsində bazarda neft qiymətlərinin sabitləşdirilməsi ilə bağlı video-konfrans formatında görüş keçiriləcək. Azərbaycan da bu görüşə dəvət alıb. Görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni "Əməkdaşlıq Bəyannaməsi"nin müzakirəsi nəzərdə tutulur. Xatırladaq ki, martın 6-da "OPEC+" (OPEC - Neft İxrac edən Ölkələr Təşkilatı, və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin Vyanada keçirilən rəsmi iclası zamanı aparılan danışıqlar uğursuzluqla nəticələnib. Rusiya və bir sıra qeyri-OPEC ölkələri koronavirusla əlaqəli vəziyyətə cavab olaraq gündəlik neft hasilatını bir qədər də (1,7 mln. bareldən əlavə daha 1,5 mln. barel) azaltmaq təklifini qəbul etməyib. Nəticədə, tərəflər razılığa gəlməyib və aprelin 1-dən əvvəlki alyans üzvlərindən heç biri hasilatı məhdudlaşdırmaq öhdəliyini daşımır.