“Qətnamə məğlubiyyətə uğrayacaq” Dünya

“Qətnamə məğlubiyyətə uğrayacaq”

İranın BMT-dəki səfiri ABŞ-ın onun ölkəsinə qarşı silah embarqosunun uzadılmasına dair qətnamənin məğlubiyyətə uğrayacağına inandığını bildirib və Tramp administrasiyasının yenidən BMT sanksiyalarını tətbiq etməyə çalışdığı halda bunun “çox böyük bir səhv olacağı ilə bağlı xəbərdarlıq edib.
Səfir Məcid Rəvanci BMT sanksiyalarının bərpasının 2015-ci ildə İran və dünya qüdrətləri arasında nüvə razılaşmasına son qoyacağına və Tehranı bütün öhdəliklərindən azad edəcəyini deyib.
“Bu, baş versə, İran hansı istiqamətdə addım atmaq məsələsində azad olacaq. İran üçün bütün variantlar açıq olacaq” – deyə, o, muxbirlərə bildirib.
Tehrana qarşı silah embarqosunun qaldırılması BMT Təhlükəsizlik Şurasının 2015-ci il nüvə razılaşmasını təsdiqləyən qətnaməsinin bir hissəsidir.
Rəvanci ABŞ dövlət katibi Mayk Pompeonun Təhlükəsizlik Şurasının silah embarqosunun qeyri-müəyyən müddətə uzadılmasını nəzərdə tutan qətnaməni təsdiq etməsə, ABŞ-ın İrana qarşı BMT sanksiyalarını yenidən tətbiq etməyə çalışacağı ilə bağlı təhdid etməsindən bir gün sonra danışıb.
“İran inkişaf etmiş silah sistemləri əldə edə biləcək və bütün dünyada terrorçular və yaramaz rejimlər üçün silah satıcısı olacaq”, Pompeo bildirib. “Bu, yolverilməzdir” – deyə, o əlavə edib.
Birləşmiş Ştatların 2018-ci ildə İranla dünya qüdrətli arasında 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxması və Vaşinqtonun İranın neft ticarətinə əhəmiyyətli dərəcədə zərər vuran sanksiyaları bərpa etməsi iki ölkə arasında gərginliklərin artmasına gətirib çıxarıb.
Razılığa imza atan digər dünya qüdrətləri – Rusiya, Çin, Britaniya, Fransa və Almaniya ona sadiq qalaraq, razılaşmanın Beynəlxalq Atom Enerjisi Agentliyinin təftişlərinin davam etdirilməsi və İranın nüvə silahları istehsalından çəkindirilməsi üçün əhəmiyyətli olduğunu bəyan edir.
Rəvanci deyib ki, silah embarqosunun oktyabr ayında bitməsi “İran və onun tərəfdaşları arasında razılığın mühüm bir hissəsidir.”