Mixail Saakaşvili: “Putin danışıqlara hazırdır” Dünya

Mixail Saakaşvili: “Putin danışıqlara hazırdır”

"Hazırda Putin danışıqlara hazırdır, çünki Ukraynaya Amerika silahının gələ biləcəyini anlayıb". Bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili CNN telekanalının canlı yayımında bildirib. O deyib ki, bütün dünyanın diqqətinin Suriyaya, "İslam Dövləti"nə və terrora qarşı mübarizəyə yönəldiyi vaxtda Rusiya fürsətdən istifadə edərək yenidən Ukraynaya hücum edib.
Saakaşvili hazırda baş verənləri "böyük geosiyasi dram" adlandırıb: "Bütün Avropa və ABŞ Ukraynanın xilasına kömək etməlidir. Ukraynaya silah çatdırılması ilə bağlı böyük debatlar gedir. Fikrimcə, elə vəziyyətlər yaranır ki, silaha silahla cavab verməlisən. Ukraynaya kömək etmək vacibdir, çünki biz Putinin vurduğu zərbələri görürük. Dinc sakinlər arasında ölənlərin sayı gündən-günə artmaqdadır".
Hazırda Rusiya hakimiyyətinin danışıqlara meylli olmasını isə Gürcüstanın sabiq prezidenti ABŞ faktoru ilə əlaqələndirib. Onun sözlərinə görə, ABŞ-ın Ukraynaya silah təchizatına başlaması ehtimalı Kremli danışıqlar masasına oturmağa vadar edir.