Robert Köçəryandan Sarkisyana xəbərdarlıq Dünya

Robert Köçəryandan Sarkisyana xəbərdarlıq

"Həbslər və repressiyalar Ermənistanı dərin böhrana aparacaq"

"Ermənistan hakimiyyəti bütün sərhədləri aşaraq açıq terrora başlayıb". APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə müxalif "Çiçəklənən Ermənistan" partiyasının bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, partiyanın yerlərdəki təşkilatlarının rəhbərləri və fəalları polisə aparılır. Xüsusi təyinatlılar isə deputat Rüstəm Qasparyanın evinə basqın ediblər.
Həmçinin partiyanın Armavir təşkilatının rəhbərinin həbsi barədə məlumat yayılıb.
Məsələ ilə bağlı fikirlərini açıqlayan Ermənistanın sabiq prezidenti Robert Köçəryan "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyana qarşı yönələn addımların heç bir məntiqə əsaslanmayan siyasi təqiblər kimi qiymətləndiriləcəyini bildirib. Onun sözlərinə görə, hakimiyyət partiyaya qarşı təqibləri gücləndirdikcə, müxalifətin cəmiyyətdəki mövqeləri daha da möhkəmlənəcək.
"Bütün bunların prezidentin nəyinə lazım olduğunu anlamıram. Baş verənlər iqtisadiyyatda, Dağlıq Qarabağda təmas xəttində və erməni soyqırımının 100 illiyi ilə əlaqədar tədbirlərdə özünü göstərəcək", - deyə o vurğulayıb.
Bununla belə R. Köçəryan qeyd edib ki, hakimiyyətin hələlik çıxış yolu qalır. Onun sözlərinə görə, iqtidar dayanmalıdır və "Çiçəklənən Ermənistan" partiyasının liderinə qarşı heç bir addım atmamalıdır. İqtidar partiyasının Siyasi Şurasında səslənən bəyanatların müxalifəti küçələrə çıxmağa məcbur etdiyini deyən sabiq prezident bildirib ki, həbslər və repressiyalar ölkəni dərin böhrana aparacaq.