Ruslar Mariupola hücuma hazırlaşırlar Dünya

Ruslar Mariupola hücuma hazırlaşırlar

Rusiya ordusunun Ukraynaya genişmiqyaslı irəliləyişi ssenarisi təhlil edilib

Cavid

Norveçin Sülh Problemlərinin Tədqiqatları İnstitutunun professoru və Fransa Beynəlxalq Münasibətlər İnstitutunun kiçik elmi işçisi Pavel Bayev Rusiya ordusunun Ukraynaya genişmiqyaslı irəliləyişi ssenarisini təhlil edib. Ekspert belə bir ssenarini ağlasığmaz hesab edir.
Rusiya ordusunun potensialı barədə tədqiqat aparan Pavel Bayevin fikrincə, Rusiyanın bunun üçün resursları kifayət etmir: "Rusiya ordusu nüvə arsenalı və elit hissələr hesabına kifayət qədər güclü hesab edilir. Ancaq genişmiqyaslı əməliyyatlar və geniş ərazilər üzrə işğal planının həyata keçirilməsi üçün Rusiyanın resursları çatışmır. Rusiya hərbi hissələrinin Ukraynanın şərqindəki əməliyyatlarda iştirak etməsi yalnız Rusiyada aparılan hərbi islahatların sınaqdan keçirilməsi idi".
Yaz aylarında Mariupola istiqamətində hücuma gəlincə, Bayev bunu istisna etmir. Amma onun fikrincə, rusiyalılar bunun üçün elit bölmələrinin minimum 30 min əsgərini səfərbər etməli, onları tank hissələri ilə gücləndirməli, həmçinin aviasiyanı cəlb etməlidir.
Bundan əvvəl isə məşhur amerikalı politoloq Zbiqnev Bjezinski oxşar fikirlə çıxış edib. Onun sözlərinə görə, Rusiya ordusu hazırda Qərblə heç lokal müharibə aparmaq qabiliyyətində deyil.
ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland senatda dinləmələr zamanı bildirib ki, Rusiya Ordsunun təxminən 500 hərbçisi Ukraynanın şərqində öldürülüb.
Bildirilir ki, senator Nulanda Ukraynanın şərqində nə qədər Rusiya əsgərinin həlak olması barədə sual verib.
Nulandın sözlərinə görə, bu barədə rəqəmləri dəqiq demək çox çətindir: "Çünki Rusiya tərəfi bunu ciddi şəkildə gizlədir. Lakin bizim müşahidələrimizə görə, ölən rus əsgərlərinin sayı yüzlərlədir. Təxminən 400-500 rus əsgəri həlak olub".
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Rusiya ordsunun əsgərlərinin Ukraynanın şərqində döyüşdüyü barədə yayılan xəbərləri təkzib edir.
"ABŞ qəhvə ilə fala baxır", - deyə Rusiya MN həmin xəbərləri belə şərh edib.
Ukraynalı hərbi ekspert Rüstəm Taşbayev isə bildirib ki, yalnız rus hərbçilərinin ciddi itkilər verməsi Kremli Ukraynanın şərqində müharibəni dayandırmağa məcbur edib.
"Kreml konkret nəticə əldə etməyəndə və bu istiqamətdə atılan addımların mümkünsüzlüyünü görəndə Donbasdakı münaqişə sona çatır. Donbas konflikti o zaman tam başa çatacaq ki, Ukrayna Silahlı Qüvvələri azsaylı olsa belə güclü və müasir vəziyyətdə olacaq", - ekspert deyib.
Taşbayevin sözlərinə görə, Putin rus hərbçiləri arasında ciddi itkilərin olmasını istəmir.
Bu arada "The Telegraph" nəşri xəbər verir ki, London Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafının maliyyə sirlərini aça bilər. Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond bildirib.
Britaniyalı nazir bildirib ki, Vladimir Putin və onun yaxın ətrafının maliyyə sirlərinin açıqlanması Rusiya hakimiyyətinə qarşı təzyiq xarakterli növbəti addımlardan biri ola bilər: "Biz Rusiya xalqına informasiyanı çatdıra bilərik ki, əslində nə baş verir? Bu, maraqlı fikirdir. Əminəm ki, Rusiyada insanlar bu məsələ ətrafında fikirləşməyə başlayacaqlar".
Xatırladaq ki, "Hermitage Capital" investisiya fondunun başçısı Bil Brauder Rusiya prezidentinin sərvətini 200 milyard dollar qiymətləndirib.
Amerikalı senator Robert Menendes isə Rusiyaya tətbiq olunan sanksiyaların şimal qonşumuza vurduğu ziyanın həcmini açıqlayıb. O hesab edir ki, Rusiya Ukraynadakı hadisələrlə əlaqədar Qərbin sanksiyaları nəticəsində təqribən 140 milyard dollar zərər görüb.
Robert Menendes Senatın Xarici işlər komitəsində "ABŞ-ın Ukraynada siyasəti: Rusiyaya qarşı fəaliyyət və islahatların stimullaşdırılması" mövzusunda keçirilən dinləmələrdə iştirak edib.
Menedesin sözlərinə görə, ABŞ başda olmaqla dünya birliyi Rusiyanın aqressiv siyasətinə qarşı əlavə sanksiyalar tətbiq etməlidir və Kremlin enerji sektorundan əldə etdiyi vəsaitlərin azalmasına nail olmalıdır.