Qənirə Paşayeva 31 Mart soyqırımı ilə bağlı mühazirə oxuyub Hadisə

Qənirə Paşayeva 31 Mart soyqırımı ilə bağlı mühazirə oxuyub

Milli Məclisin deputatı Qənirə Paşayeva Nigde Universitetində 31 Mart soyqırımı və Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı çıxış edib. Türkiyənin Nigde Universitetinin dəvəti ilə 31 Mart soyqırımı və Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı universitetin beynəlxalq münasibətlər və siyasi elmlər fakultələrinin tələbələri üçün mühazirə oxuyan Q.Paşayeva qondarma "erməni soyqırımı" iddialarının yalan olması, tarixdə ermənilərə qarşı heç bir soyqırımın olmaması, erməni terror və silahlı dəstələrinin türk insanına qarşı həyata keçirdiyi soyqırımlar, 31 Mart soyqırımı barədə geniş məruzə ilə çıxış edərək gənclərin tarixi dərindən bilməsinin vacibliyini vurğulayıb. Qarabağ dünyada yaşayan bütün azərbaycanlıların, türklərin vətənidir deyən Q. Paşayeva qeyd edib ki, Qarabağın qədim tarixi var: "Qarabağ əsrlər boyu Azərbaycan və Türk tarix və mədəniyyətinin beşiklərindən biri olub, amma bu gün işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət və tarixi abidələrimizi məhv edirlər və təəssüf ki dünya bu vandalizmə seyriçi qalır". Dağlıq Qarabağ və ətraf bölgələrimizin 20 ildən artıqdır ki, Ermənistanın işğalı altında olmasının sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq acısı olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bunları söyləyib: "Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarına, soyqırımlara bütün dünyanın gözü bağlıdır. Amma bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatları Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları vardır. Lakin bu qərarların heç biri tətbiq edilmir. Heç kim Ermənistana qarşı siyasi təzyiq göstərmir. O səbəbdən bunu özümüz etməliyik". Millət vəkili Qənirə Paşayeva çıxışında 31 Mart soyqırımı, 1992-ci il Xocalı və Qaradağlı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat da verib. O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı bu soyqırımların, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Q.Paşayeva Türk gəncliyini Qarabağ həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb. Azərbaycan-Türkiyə münasibətlərinin dünəni, bu günü və gələcək prespektivləri barədə də geniş çıxış edən millət vəkili Q.Paşayeva tələbələrin suallarını da geniş cavablandırıb və onlara araşdırmalarında Azərbaycana xüsusi diqqət ayırmağa çağıraraq onları ölkəmizə dəvət edib.