“Məhkəmə siyasiləşdirilməyə çalışılır” Hadisə

“Məhkəmə siyasiləşdirilməyə çalışılır”

"Nardaran hadisələri düyünü çözüldükcə bəzi qüvvələr çox narahatçılıqlar keçirməyə başlayıblar. Bəllidir ki, bu cinayəti törətmək üçün uzun zaman təşkilatlanmaq və maddi təminat olmalı idi. İnanmıram ki, Azərbaycanın daxilində olan qüvvələr bu cinayətkar dəstəni maliyyələşdirməyə cəsarət etsinlər. Ən azından bu dəstəyi verənlərin arxası və dayağı olmalıdır". Bunu politoloq Vasif Əfəndiyev Taleh Bağırzadənin ötən gün keçirilən məhkəməni siyasiləşdirməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, düşmən ölkələrin xarici kəşfiyyat idarələrinin təsirinə düşən qüvvələrin olması da istisna deyil: "Bu qüvvələr Türkiyə kimi güclü dövlətin ordu, məhkəmə və hüquq sistemlərinə nüfuz edə bilibsə, demək onların uzantıları bizə də gəlib çıxa bilər. Nardaran hadisəsinin istintaqı davam etdikcə ölkəmizə əl uzadan xain qüvvələr üzə çıxacaq. Bu da sözsüz ki, həm daxildə həm də xaricdə olan təxribatçıları qane etmir. O səbəbdən də Taleh Bağırzadə və onunla birlikdə bu cinayətləri törədənlərin məhkəməsi siyasiləşdirilməyə çalışılır. Hesab edirəm ki, indiyə qədər mövcud olan bir sıra materialların açılmasının zamanıdır. Taleh Bağırzadə və onun tərəfdarlarının indiyə qədər Azərbaycan dövlətçiliyinin əleyhinə bütün çalışmaları ictimaiyyətə çatdırılmalıdır ki, hər kəs həqiqəti bilsin".