Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət vətənpərvərlik layihəsinə yekun vurub
Noyabrın 23-də Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolunun artırılması " layihəsinin yekun tədbirini keçirib. Tədbir Nizami rayonundakı 328 saylı tam orta məktəbdə baş tutub. Əvvəlcə layihənin rəhbəri Məlahət Xəlilova layihənin yekunları ilə bağlı məlumat verib.
328 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Nadir Həsənov bildirib ki, gənc nəsil vətənpərvərlik nümunəsini Azərbaycanın qəhrəman oğulları və yaradıcı şəxsiyyətlərindən əxz etməlidir.
Yazıçı Elçin Hüseynbəyli qeyd edib ki, əsil vətənpərvər olmaq üçün yaxşı oxumaq lazımdır. Gənclərin vətənpərvər olması üçün doğma vətənimiz Azərbaycan haqda bilikləri yetərli olmalıdır: "Vətənpərvərliyin dərk edilməsi üçün yazıçı-publisist Yunus Oğuzun tarixi romanlarını oxumağa ehtiyac var. Onun əsərləri sadə, şagirdlərin başa düşəcəyi dildə yazılıb. Düzdür, vətənpərvərlik mövzusuna müxtəlif tərzdə yanaşmaq olar. Ancaq onun əsil mahiyyətini dərk etmək təhsildən keçir. Əslində, təhsil almadan da vətənpərvər olmaq olar. Lakin, dövlətimiz gənc nəslin savadlanması üçün hər şeyi edirsə bundan yalnız yararlanmaq gərəkdir. Dövlətin və valideynlərin qayğısını qiymətləndirmək özü də vətənpərvərlikdir. Əgər indiki nəsil təhsilli, savadlı vətənpərvər olacaqsa, onların övladları da bu yolu davam etdirəcəklər".
Yazıçı, publisist, ABUC-un sədri Yunus Oğuz qeyd edib ki, ərsəyə gətirdiyimiz əsərlərdə əsas məqsədimiz vətənpərvər övladlar yetişdirməkdir: "Siz fəxr etməlisiniz ki, müstəqi Azərbaycanın övladlarısız. Mənim ömrümün 31 ili Sovet imperiyasının dövrünə düşüb. Bu nəslin qafasını dəyişdirmək çətin olduğundan işimizi gənc nəsli vətənpərvər ruhda tərbiyə etmək üzərində qurmuşuq. Biz istəsək də istəməsək də dövlətimizin gələcəyi sizin əlinizdə olacaq. Bu dövlətin aparıcıları-ziyalıları, aydınları, məmurları siz olacaqsınız". Onun sözlərinə görə, vətənpərvərliyin təbliğinin əsası uşaq bağçalarında qoyulmalıdır. İnsanlar hələ uşaq olarkən dərk etməlidirlər ki, millətin mövcud olması üçün onun dili, tarixi, mədəniyyəti olmalıdır: "Şübhəsiz ki, buna qarşı xarici təsirlər olacaq. Çalışacaqlar ki, millətin dilini, tarixini, mədəniyyətini dəyişsinlər. Ancaq millətin ziyalıları belə halların qarşısını almağa borcludurlar. Necə ki, dahi Üzeyir Hacıbəyov "tarixi Nadiri yarıya qədər oxumuşam" ifadəsi ilə millətə xatırlatdı ki, sizin Nadir şah kimi böyük şəxsiyyətiniz var". Yunus Oğuz əlavə edib ki, Avropa kosmopolit ideologiyasını sərgiləməkdədir: "Bu ideologiyada ailə, dövlət düşüncəsi yoxdur. Bizdə isə ailə kiçik dövlət hesab olunur. Odur ki, gənclər anlamalıdırlar ki, vətənpərvərlik təkcə döyüşlə bitmir. Vətənpərvərlik gözəl sənətlə, elinə, obasına, Vətəninə yaxşılıqla müşahidə olunur".
Çıxışlardan sonra mövzu ilə əlaqədar media nümayəndələrinin və şagirdlərin sualları cavablandırılıb. Sonda 328 saylı məktəb adından yazıçı-publisist Yunus Oğuza xatirə plaketi təqdim olunub.
Fateh