“Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib Hadisə

“Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib

Özbəkistanın paytaxtı Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Diaspor Jurnalistləri Birliyinin sədri, araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin "Dünya azərbaycanlılarının palitrası" kitabının təqdimatı keçirilib. Bu barədə "Xalq Cəbhəsi"nə adəçəkilən təşkilatdan məlumat verilib. Təqdimatda Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev, Özbəkistandakı Azərbaycan diasporunun üzvləri, alimlər, mədəniyyət və KİV nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan səfir Hüseyn Quliyev Azərbaycan dövlətinin diaspora siyasətindən danışaraq, azərbaycanlıların yaşadıqları ölkənin ictimai-mədəni həyatında fəal olmasının vacib olduğunu vurğulayıb. Səfir "Dünya azərbaycanlılarının palitrası" kitabını yüksək qiymətləndirərək kitabda bəhs olunmuş nüfuzlu azərbaycanlıların dünyada öz sözünü demiş və xalqımızı dünyaya tanıtdıqlarını qeyd edib.
Təqdimatda kitabın müəllifi Fuad Hüseynzadə çıxış edərək kitabın hazırlanması, kitabdakı insanların Azərbaycanın təbliği ilə bağlı fəaliyyətləri barədə məlumat verdi. O qeyd edib ki, dövlət müstəqilliyimizin 25 illiyi münasibəti ilə ərsəyə gələn kitabın əsas hədəfi xaricdəki soydaşlarımızla əlaqələrin yaranması, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsidir". O, ümumi olaraq kitabda dünyanın 5 qitəsindəki aktiv həmvətənlərimizdən 173 müsahibəsinin yer aldığını deyib.
Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışında qeyd edib ki, Özbəkistanda azərbaycanlılar daim aktiv olmuş və onlar öz yaradıcılıqları, fəaliyyətləri ilə iki xalq, dövlət arasında bir körpü rolunu oynayırlar. Onun sözlərinə görə, məşhur maarifçi-pedaqoq Seyid Rza Əlizadə, şair – yazıçı Maqsud Şeyxzadə, tanınmış rəssam və heykəltəraşlar Yusif Hüseynov, Eynulla Əliyev, şair İxtiyar Rza, yeganə opera rejissoru Firudin Səfərov və b. ziyalılar qardaş Özbəkistanın elminə, mədəniyyətinə, ədəbiyyatının inkişafına öz töhvələrini veriblər.
Azərbaycan Diaspora Təşkilatının Daşkənd Vilayəti üzrə rəhbəri Firdovsi Hüseynov bu cür layihələrin diaspora fəalları üçün stimul yaratdığını, onların Ana Vətənə - Azərbaycana bağlılığını daha da artırdığını qeyd edərək Özbəkistandakı tanınmış azərbaycanlıların irsi barədə məlumat verib.
Digər çıxışçılar Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov iki ölkə arasında ədəbi-mədəni əlaqələr və azərbaycanlıların Özbəkistan ictimai həyatında fəal iştirakı barədə danışıb.
Daşkənddəki Ə.Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetinin professoru Gülbahar Aşurova xalqlarımız arasında tarixi dostluqdan danışaraq, yaxın günlərdə Azərbaycana səfərdə olmuş Özbəkistanın xalq şairi Camal Kamalın Azərbaycana səfərdən təsirlənərək yazdığı "Azərbaycan" şeirini söylədi və şeir iştirakçıların alqışları ilə qarşılanıb.
Sonda kitabın müəllifi Fuad Hüseynzadə "Dünya azərbaycanlılarının palitrası" kitabına avtoqraf yazaraq iştirakçılara və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin kitabxanasına hədiyyə edib.