Ali məktəblərdə ödənişli hazırlıq qrupları yaradılacaq Hadisə

Ali məktəblərdə ödənişli hazırlıq qrupları yaradılacaq

Nazirlər Kabineti bununla bağlı qaydaları təsdiqləyib

Nazirlər Kabineti "Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili Qaydası"nı təsdiqləyib. Nazirlər Kabinetinin qərarı ilə "Ali məktəblərin hazırlıq şöbələrinin əsasnaməsi haqqında" 1993-cü il 23 dekabr tarixli 631 nömrəli qərarında qismən dəyişikliklər və əlavələr edilməsi haqqında" 1994-cü il 8 dekabr tarixli 412 nömrəli və 1993-cü il 23 dekabr tarixli 631 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali məktəblərin hazırlıq şöbələri haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" 2013-cü il 2 oktyabr tarixli 271 nömrəli qərarları ləğv edilib.
Nazirlər Kabinetinin digər qərarı ilə "Ali təhsilin bakalavriat və magistratura
səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nda dəyişiklik edilib. Qərara əsasən, "Ali təhsilin bakalavriat və magistratura səviyyələri
üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"na yeni ixtisas adı daxil edilib. Qərarla "Bakalavriat səviyyəsi üzrə" bölməsinə "XTB050109 Sərhəd təhlükəsizliyi və idarəetmə" sətrindən sonra "XTB050110 İctimai təhlükəsizlik və idarəetmə" sətri əlavə edilib.
Təhsil Nazirliyinin (TN) müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunacaq. Bu məsələ "Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili" qaydalarında öz əksini tapıb. Qaydalara əsasən, hazırlıq qruplarında təhsil əyani formada aparılır. Tədris ili 2 semestrdən ibarətdir və oktyabr ayının 1-də başlayır. Hər semestrdə 15 həftə nəzəri tədris üçün, birinci semestrin sonunda 2 həftə tələbələrin biliyinin aralıq qiymətləndirilməsi üçün, ikinci semestrin sonunda isə 2 həftə buraxılış imtahanları üçün nəzərdə tutulur. Birinci semestrin sonunda tələbələrin biliyinin qiymətləndirilməsi və tədrisin keyfiyyətinin monitorinqi məqsədi ilə ali təhsil müəssisələri tərəfindən aralıq imtahanları keçirilir. Aralıq imtahanlarının nəticələrindən asılı olmayaraq, tələbələr ali təhsil müəssisəsinin hazırlıq qruplarından xaric olunmur və təhsillərini tədris ilinin sonunadək davam etdirirlər. Aralıq imtahanları qaydalara uyğun olaraq keçirilən tələbə qəbulu imtahanlarına müvafiq formada təşkil edilir. Tələbə ali təhsil müəssisəsinin intizam qaydalarını kobud şəkildə pozduqda və ya tədris aparıldığı semestrdə fənlər üzrə ayrılmış ümumi saatların 25 faizindən çoxunda iştirak etmədikdə, ali təhsil müəssisəsinin hazırlıq qrupundan xaric olunur.
Hazırlıq qrupları qaydalarla müəyyən olunmuş ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə formalaşdırılır və hər qrupda tələbələrin sayı 20 nəfərdən çox olmamalıdır. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədris olunan fənlər üzrə qrup birləşmələrinə icazə verilmir. Hazırlıq qruplarında ixtisaslar üzrə tələbə qəbulu Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Qaydalaran əsasən müsabiqənin nəticələri elan olunduqdan sonra TN-nin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının yerləri elan edilir, ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlər tərəfindən ixtisas seçimi həyata keçirilir və Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqə yolu ilə yerləşdirilmə aparılır. Onlar barədə məlumat "Tələbə-Məzun" dövlət elektron məlumat sisteminə daxil edilir. Hazırlıq qruplarına keçid balları Nazirliklə razılaşdırılmaqla, Mərkəz tərəfindən müəyyən edilir.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hazırlıq qruplarında tədris bitdikdən sonra ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunmayan tələbələr barədə "Tələbə-Məzun" dövlət elektron məlumat sistemində müvafiq qeyd aparılır.