Azərbaycan-Rusiya biznes forumu keçirilib Hadisə

Azərbaycan-Rusiya biznes forumu keçirilib

Tural

Rusiyanın Tomsk vilayətinin iş adamları ölkəmizdə səfərdədir. Səfər çərçivəsində iyulun 15-də İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kimya sənayesi avadanlığı, elektroenergetika, mühəndis tədqiqat işləri, İKT və digər sahələrdə fəaliyyət göstərən 60-dan çox iş adamı iştirak edib.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov çıxışında Azərbaycan iqtisadiyyatı, eləcə də ölkəmizin Rusiya ilə ticarət-iqtisadi əlaqələrinə dair məlumat verib. Qeyd edilib ki, ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində davamlı və dayanıqlı iqtisadi inkişafa nail olunmuş, makroiqtisadi sabitlik təmin edilmiş, əlverişli biznes və investisiya mühiti yaradılmışdır. Bunun nəticəsidir ki, xarici iş adamlarının ölkəmizə marağı artır, Azərbaycana yatırılan investisiyaların həcmi ildən-ilə çoxalır. Azərbaycanın dayanıqlı iqtisadi inkişafı, eləcə də iş adamlarının artan imkanları ölkəmizi xarici investora çevirmişdir. Bu gün Azərbaycan iş adamları dünyanın bir çox ölkələrində həyata keçirilən layihələrdə uğurla iştirak edir, xarici ölkələrə investisiya yatırır. Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan Rüfət Məmmədov Rusiya iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, Azərbaycan sahibkarları ilə fəal əməkdaşlığa dəvət edib.
Tomsk vilayətinin Ticarət və Sənaye Palatasının Xarici iqtisadi fəaliyyətin inkişafı mərkəzinin direktoru Aleksandr Belyayev Rusiya iqtisadiyyatı barədə məlumat verib, iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətini qeyd edib, belə tədbirlərin davam etdirilməsinin iqtisadi əməkdaşlığın inkişafına, eləcə də yeni əlaqələrin qurulmasına töhfə verəcəyini bildirib, Tomsk vilayətinə dair təqdimat keçirib.
Biznes forumda AZPROMO-nun nümayəndəsi Zaur İbrahimov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına dair təqdimatla çıxış edib. Təqdimat Rusiya iş adamları tərəfindən maraqla qarşılanıb. Sonra Azərbaycanın "Səhhət" Klinikası və Rusiyanın "Korporativ Tibb Mərkəzi" arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Biznes forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilib.