Milli Məclisin komitələri işə başladı Hadisə

Milli Məclisin komitələri işə başladı

Dünən Regional məsələlər komitəsinin iclası keçirilib

Dünən Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. İclasında gündəliyinə üç məsələ daxil edilib.
Öncə Milli Məclisin 2014-cü il yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabat verilib.
Komitə sədri Arif Rəhimzadə bildirib ki, hesabat dövründə komitənin 5 iclası keçirilib və 13 məsələ müzakirə olunub ki, onlardan 10-u qanun layihəsidir.
Komitə sədrinin sözlərinə görə, hesabat dövründə bələdiyyə üzvləri və qulluqçuları üçün 22 kurs keçirilib və həmin kurslara əvvəlki illə müqayisədə 2 dəfə çox dinləyici cəlb edilib. İl ərzində respublika üzrə bələdiyyə üzvləri və qulluqçuları üçün 73 seminar keçirilib. Hesabat dövründə "Azərbaycanda bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" qanun layihəsi müzakirə olunub: "Qanun layihəsinə əsasən ümumilikdə respublikanın 21 rayonu üzrə 204 bələdiyyənin birləşməsi nəticəsində 94 bələdiyyənin yaradılması və 110 bələdiyyənin ləğv edilməsi nəzərdə tutulub. Qanun qüvvəyə mindikdən sonra ölkədə bələdiyyələrin sayı 1717-dən 1607-yə enəcək".
Komitə sədri bildirib ki, hesabat dövründə komitənin üzvləri AŞPA-nın, ATƏT PA-nın, MDB PA-nın, TürkPA-nın sessiyalarında və digər beynəlxalq tədbirlərdə iştirak ediblər. Komitənin üzvləri iştirak etdikləri görüşlərdə Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində xeyli iş görüblər: "Eyni zamanda, hesabat dövründə komitənin ünvanına daxil olan 197 məktub, təklif, ərizə və şikayətlərə baxılıb, onlardan 99-u araşdırılması üçün aidiyyəti təşkilatlara göndərilib. Komitənin üzvləri tərəfindən 557 vətəndaş qəbul edilib".
Gündəlikdəki ikinci məsələ komitənin 2014-cü il payız sessiyası üçün iş planı layihəsi olub.
Arif Rəhimzadə qeyd edib ki, payız sessiyasında komitədə bir neçə qanun layihəsinin hazırlanması və müzakirəsi nəzərdə tutulur: "Belə ki, bu sessiyada "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanuna əlavə edilmiş "Azərbaycanda bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə" Qanun layihəsi, "İnzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Qanun layihəsi və bir sıra qanunlara dəyişikliklər və əlavələr edilməsi haqqında layihələr müzakirə olunacaq".
Bundan sonra komitə iclasında bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikası qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyasında dəyişikliklər edilməsi haqqında" qanun layihələri haqqında müzakirələr aparılıb.
Komitə sədri Arif Rəhimzadə bildirib ki, 2015-ci ilin yanvar ayından etibarən bələdiyyələrdə yerli ödənişlər nağdsız şəkildə aparılacaq və bu da bələdiyyələrin ümumi işinə kömək olacaq. Onun fikrincə, bu addım şəffaflığın təmin edilməsi üçün mühüm vasitədir.
Sonda iclasın gündəliyində yer alan məsələlər qəbul edilərək parlamentin payız sessiyasının iclasına tövsiyə olunub.

CƏMİL