Ərazilərimizin işğaldan azad edilməsi Azərbaycanın inkişafı üçün yeni imkanlar açıb - Deputat Hadisə

Ərazilərimizin işğaldan azad edilməsi Azərbaycanın inkişafı üçün yeni imkanlar açıb - Deputat

Bu gün ölkəmizin inkişafı üçün yeni imkanlar açılıb. Vətən müharibəsində əldə etdiyimiz zəfər bu imkanları şərtləndirir.

Bunu Trend-ə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Jalə Əhmədova deyib.

O qeyd edib ki, erməni işğalından azad olunmuş torpaqlarımızda artıq quruculuq işlərinə başlanılıb: “Hesab edirəm ki, qarşımızda dayanan əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızın abadlaşdırılması, orada infrastrukturun yenidən qurulması, bu torpaqların cənnətə çevrilməsidir. Biz görəcəyimiz işlərlə bir daha dünyaya sübut etməliyik ki, bu torpaqların əsl sahibi bizik.

Ermənilər 30 il ərzində cənnət olan bu torpaqları cəhənnəmə çeviriblər. Orada daşı-daş üstündə qoymayıblar. Biz müqayisəli şəkildə dünyaya göstərməliyik ki, torpağın əsl sahibi kimdir, torpağı işğal altıdna saxlayan, oranı talan edən, dağıdan kimdir.

Qarabağın yenidən qurulması prosesində hər birimizin iştirak etməyimiz vacibdir. Hər bir Azərbaycan vətəndaşı, o cümlədən başqa ölkələrdə yaşayan soydaşlarımız, habelə Azərbaycana dost olan insanlar bu prosesdə iştirak etməlidir. Məhz hər kəsin bu prosesdə iştirakını təmin etmək üçün Qarabağ Dirçəliş Fondu yaradıldı”.

J.Əhmədova qeyd edib ki, Qarabağ Dirçəliş Fondunun yardılmasında məqsəd vətəndaş-dövlət münasibətlərini inkişaf etdirmək, bunu daha ali mərtəbəyə yüksəltməkdir: “Vətəndaşlar dövlətin bu siyasətində aktiv şəkildə iştirak etməli, bu müqəddəs işə öz töhfəsini verməlidir. Heç şübhəsiz ki, Qarabağ Dirçəliş Fondu bütün vətəndaşlara imkan yaradacaq ki, proseslərdə yaxından iştirak etsinlər. Qarabağ Dirçəliş Fondunun yaradılmasının digər bir önəmi Qarabağdakı abadlıq, quruculuq prosesinə töhfə vermək istəyən şəxslərin fəaliyyətini vahid mərkəzdən idarə etməyə imkan verəcək. Bu fond uzun illər fəaliyyət göstərəcək və bu illər ərzində Qarabağın abadlaşdırılmasına töhfə verəcək”.