İfası UNESCO-nun xətti ilə vala yazılan ilk azərbaycanlı musiqiçi Mədəniyyət

İfası UNESCO-nun xətti ilə vala yazılan ilk azərbaycanlı musiqiçi

Fevralın 12-də anadan olmasının 107-ci ildönümü tamam olan görkəmli tarzən, muğamların mahir ifaçısı, Xalq Artisti Bəhram Mansurovun bənzərsiz sənət dünyası, qoyduğu irs bu gün də yaşayır və neçə-neçə gənc tarzənin yetişməsinə təkan verir, onlara yol göstərir. Klassik Azərbaycan muğamlarının qorunub saxlanmasında və təbliğində böyük xidmətləri olan Mansurovlar sülaləsinin nümayəndəsi Bəhram Mansurov 1911-ci il fevralın 12-də Bakıda anadan olub. Bütün Mansurovlar kimi o da İçərişəhərdə boya-başa çatıb. Mansurovların musiqi aurası Bəhramın peşəkar tarzən kimi püxtələşməsində böyük rol oynayıb. Mahir tarzən olan atası Məşədi Süleyman oğlunun tara meyilini görüb deyərdi: "Sən tarı çalmağı tez öyrənəcəksən. Muğam sənin qanındadı". Ata yanılmadı. Zaman onun nə qədər haqlı olduğunu göstərdi.
Bəhram 8 yaşından tarı sinəsinə basaraq uşaq arzularını tarın kövrək tellərində köklədi. 19 yaşı olanda Müslüm Maqomayev onu Xalq Çalğı Alətləri Orkestrinə, daha sonra isə Opera və Balet Teatrına solist-tarzən kimi dəvət etdi. 1929-cu ildən Azərbaycan Dövlət Şərq Orkestrinin, sonralar Azərbaycan Dövlət Filarmoniyasının solisti oldu. Opera və Balet Teatrında Hüseynqulu Sarabski, Yavər Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva kimi korifeylərlə işlədi. Rübabə Muradova, Sara Qədimova, Əbülfət Əliyev, Gülxar Həsənova, Zeynəb Xanlarova, Mais Salmanov, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova, Baba Mirzəyev və başqa sənətkarları müşayiət etdi.
Bəhram Mansurov ilk azərbaycanlı musiqiçidir ki, onun ifasında "Çahargah" və "Rast" muğamları nota alınıb, "Bayatı-Şiraz", "Humayun", "Şur", "Bayatı-kürd", "Çahargah" ilk dəfə UNESCO-nun xətti ilə vallara və CD-lərə yazılıb, bütün dünyaya yayılıb. Bəhram Mansurov 1978 və 1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumunda Azərbaycanı təmsil edib. Görkəmli tarzən 54 il Opera və Balet Teatrında çalışıb, muğam operalarında xanəndələri müşayiət edib. Onun ifasında olan bütün muğamlar, dəraməd, diringə, təsnif və rənglər oğlu Eldar Mansurov tərəfindən nota salınıb. 1971-ci ildə tanınmış Azərbaycan musiqiçisi, tarzən Bəhram Mansurova həsr olunmuş "Çalır Bəhram Mansurov" sənədli televiziya filmi çəkilib. Xalq Artisti Bəhram Mansurov 1985-ci il mayın 14-də, ömrünün 75-ci ilində vəfat edib.