ÖLÜM SEVİNMƏSİN QOY... Mədəniyyət

ÖLÜM SEVİNMƏSİN QOY...

"Ürək bir qaladır, min arzu yatır,
Hər yolun yolçusu dağ aşa bilməz!
İnsan var ölumnən murada çatır,
İnsan var ölümə yaraşa bilməz!"
(Aslan Kəmərli)

2020- ci il İyulun 13-dən 14-ə keçən gecəyədək sən bir evin oğlu idin. Hamı kimi doğulmuşdun, hamı kimi, (yox bəlkə də hamı kimi yox) yaşayırdın. Amma həmin o müdhiş gecədən sonra Sən bütöv bir elin oğlu oldun Cənab General!
Sənin vətənpərvərliyindən, Vətəni necə sevməyindən o qədər eşitmişəm ki...Kiçik rütbəli o qədər zabitlərimiz var ki, hikkəsi yerə-göyə sığmır. Amma sən o qədər həlim, o qədər mülayim idin ki, rütbənin səhminə, xofuna baxmayaraq ətrafındakılar, tabeliyində olan əsgər və zabitlərin hamısı səninlə münasibət qurmağa can atır, müsbət aurannan doymurdular. Tabeliyində olanların, ailənin, dostlarının ən əziz adamı idin, o müdhiş gecədən sonra Tanrının da əzizi oldun. Səni Yer üzünə əmanət göndərmişdi Tanrı. O gecə əmanətini geri - özünə aldı Tanrı. Sən Tanrı dərgahının sakini oldun.
Bir qocaman qartalın, qanadları dayandı
O bir daha qıy vurub dağlardan keçməyəcək.
Dünya öz yerindədir yenə səhər oyandı
O vətən dağlarının suyundan içməyəçək.

Səninlə başlamamışdı bu itkilərimiz...nə qədər torpaqlarımız işğaldadır. Səninlə də bitməyəcək bu itkilər. Vətənə oğul gərək...düşmən sipəri oğul! Vətən torpağının hər qarışına canını göz qirpmadan fəda edən oğul. Torpaq bərəkətlidir. Oğul yetişdirir. Analar bir şəhidinin yerinə yüz oğul doğur, böyüdür, Vətənə qurban verirlər.
Əsgərlər çox nadir hallarda öz komandirlərini yadda saxlayırlar, sən də Polad Həşimov olaraq çox nadir komandirlərdən idin. "Sonuncu loxmasını bölən, sadə insan", "Cəsur, mərd zabit idi, həm əsgərlər, həm də zabitlər arasında kifayət qədər hörməti var idi. Hər zaman əsgərin yanında idi", "O, hər dəfə deyirdi ki, əsgər zabitlərinə görə hər zaman ölümə gedir, çünki əsgərlər öndə olurlar və əmr verilən kimi irəli atılırlar. Biz bu gün gördük ki, onun özü ön sırada getdi və şəhid oldu. Əsgərləri tənbeh də edərdin, cəzalandırardın da, amma onları təhqir edəcək, alçaldacaq ifadə əsla işlətməzdin, onlara yuxarıdan aşağı baxmazdın. Təbiətinə, xarakterinə zidd idi belə hal. Hərbi nizamnamə nə tələb edirdisə, o cür də davranırdın tabeliyindəkilərlə" .Cənab general, sitatlar tabeliyində olanların Sənin haqqında dedikləridir. Ruhun şad olsun!
Ölümnən o yana başlanır ad, san,
Ölümnən bu yana qalır nisgili.
Ölümnən o yana ayrılır insan,
Yaxşı yaxşı kimi, pis də pis kimi.

Mənfur düşmən axı nə biləydi ki, ölümünlə Azərbaycan gəncliyinin kumirinə çevriləcəksən Sən. Və birdə elə o mənfur düşmənin siyasətçilərindən birinin dediyi kimi, Sənin ölümün bütövlükdə Ermənistan adlı qondarma dövlətin məhvinə səbəb oldu. Bəli, əsl həqiqət budur. Mən şəxsən demək olar ki, bütün Vətən müharibəsinə yola salınma aksiyasında iştirak edirdim. Qarşılaşdığım ən yaddaqalan hal bütün cəbhəyə gedənlərin hayqıraraq “Poladın qisasın almağa gedirəm” deməsi idi. Hamıya məlumdur ki, cəbhədə gəncliyin hər atdığı güllə, top mərmisi “Poladın qisasi üçün” devizi ilə düşmənə atılırdı. Qisasın birə min alındı cənab general!
Bu gün Qarabağın Azərbaycan bayrağı dalğalanan ən yüksək nöqtələrindən biri Sənin adını daşıyır. 2016- cı ilin aprelində şəxsən dığaların burnunu ovaraq, leş-leşə qoyduğun ərazi bu gün "Polad postu" olaraq düşmənin gözdağıdır. Üzr istəyirəm, oğlum Təbriz də xidmətini o postda yerinə yetirirdi.
Dahi şairimiz Səməd Vurğun deyirdi:
Ölüm sevinməsin qoy,ömrünü vermir bada,
El qədrini canınnan daha əziz bilənlər.
Şirin bir xatirətək qalacasqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər!

Gözün arxada qalmasın cənab general! Məzarını ziyarət edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin köks ötürərək, “Qisasını alacağam!” deməsini hamımız bu gün də yaxşı xatırlayırıq. Qisasın elə o günün səhəri alındı, birə on, birə min. Yenə də alınacaq. Sənin ardıcılların olan Azərbaycan gəncliyi, Azərbaycan əsgəri cəmi cümlətani 44 günlük bir zaman kəsimində erməni məğlubedilməzliyi mifini ucuz sabun köpüyü kimi fiaskoya uğratdı, Bütün torpaqlarımız işğaldan azad edildi. İnşallah çox qısa zamanda 30 illik bir zamanda “qaçqın”, “məcburu köçkün” adına sıxılan, yurd təşnələri, Vətən sevdalıları soydaşlarımız öz doğma yurd-yuvalarına dönəcəklər. İşğal altında olan torpaqlarımız düşmən tapdağından azad olundu və Sənin Vətən səmasında narahat olan müqəddəs ruhun azad, aram olaraq azad oldu cənab general!
Allah Sənə rəhmət eləsin cənab General!

Malik Balaşov, Tarixçi-publisist, “Qızıl qələm” media mükafatçısı