“Vaşinqton tərəflərin mövqelərini öyrənmək istəyir” Gündəm

“Vaşinqton tərəflərin mövqelərini öyrənmək istəyir”

“ABŞ vitse-prezidenti Ceyms Devid Vensin öncə 9-10 fevral tarixlərində Ermənistana, daha sonra isə 10-11 fevral tarixlərində Azərbaycana səfər edəcək. Səfər bir çox baxımdan diqqət çəkir. İlk növbədə onu deyim ki, sonuncu dəfə regiona 2008-ci ildə dövrün ABŞ vitse-prezidentdir Dik Çeyni gəlmişdi. O vaxtan bəri ABŞ regiona o qədərdə ciddi maraq göstərmir daha çox prosesləri Gürcüstan, ya da Türkiyə üzərindən izləyir məlumat alırdı. Bu mənada Vensin səfəri Vaşinqtonun regiona baxışında və maraqlarını təmin etmə üsullarında dəyişiklik baş verdiyini göstərir. Yəni ABŞ Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqlar fonunda artıq dolayı deyil, birbaşa təmaslar vasitəsilə mövqeləri öyrənməyə və təsir imkanlarını bərpa etməyə çalışır”.

Bu sözləri xalqcebhesi.az-a politoloq Turan Rzayev söyləyib.

T.Rzayevin fikrincə, bu səfər bir neçə əsas məqamla bağlıdır: “İlk növbədə regionda artan ABŞ–İran gərginliyi diqqətdən kənarda qalmamalıdır. Vaşinqton ehtimal ssenarilər fonunda region ölkələrinin, xüsusilə də Azərbaycanın və Ermənistanın mümkün böhran vəziyyətində hansı mövqe tutacağını, hansı addımları ata biləcəyini ölçməyə çalışır. ABŞ üçün əsas məqsəd konkret hərbi razılaşmalardan çox, siyasi mövqelərin, qırmızı xətlərin və davranış modellərinin aydınlaşdırılmasıdır. Azərbaycan nə İrana qarşı hərbi müdaxilədə, nə də ümumilikdə Tehranın siyasi xaosa sürüklənməsində maraqlıdır. Vaxtaşırı Bakı–Tehran münasibətlərində gərginlik yaşansa da, Azərbaycan rəhbərliyi İranın qarşılaşa biləcəyi mümkün böhranın region üçün yaradacağı ağır nəticələrin fərqindədir. Xüsusilə də ehtimal olunan miqrant axını, sərhəd təhlükəsizliyi və regional sabitliyin pozulması riskləri Bakı üçün ciddi təhlükə mənbəyidir. Məhz bu səbəbdən Azərbaycan mövqeyini əvvəlcədən dəqiq və qəti şəkildə formalaşdırmağa çalışır”.

O əlavə edib ki, Ermənistana gəlincə, İrəvanın da İranla münasibətlərin pozulmasında maraqlı olmadığı açıq görünür: “Bununla belə, Bakıdan fərqli olaraq Ermənistan üçün ölkə ərazilərinin üçüncü dövlətlər tərəfindən istifadəsi və ya xarici hərbi qüvvələrin yerləşdirilməsi yeni və fövqəladə hal sayılmır. Lakin mövcud geosiyasi şəraitdə, xüsusilə İran ətrafında risklərin artdığı bir mərhələdə, İrəvanın da kəskin və radikal addımlar atacağı inandırıcı görünmür. İkincisi, məsələ sülh sazişidir. Məlum olduğu kimi, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflanıb, həmçinin TRIPP dəhlizi ilə bağlı razılıq əldə olunub. İndiki mərhələdə Vaşinqton tərəflərin mövqelərini öyrənmək, sülh prosesinin gələcəyini və mümkün yekun nəticələrini qiymətləndirmək istəyir”.

Röya İsrafilova