
“ATƏT-in Minsk Qrupu uzun illər ərzində Azərbaycan-Ermənistan münaqişəsinin həlli ilə məşğul olsa da, nəticə etibarilə bu format özünü doğrultmadı. Azərbaycan cəmiyyətində formalaşan əsas fikir ondan ibarətdir ki, Minsk Qrupu problemin həllindən daha çox mövcud vəziyyətin uzadılmasına xidmət edib. İşğal altında olan torpaqlarda dağıntılar, qanunsuz məskunlaşma və tarixi-mədəni irsin məhv edilməsi illərlə davam etsə də, həmsədr dövlətlər buna ciddi münasibət göstərmədilər. Minsk Qrupunun həmsədrləri olan Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa dünya siyasətində böyük təsir imkanlarına malik dövlətlərdir. Bu ölkələrin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olması onların məsuliyyətini daha da artırırdı. Çünki BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxması açıq şəkildə tələb olunurdu. Lakin illər boyu həmin sənədlərin icrası təmin edilmədi və bu vəziyyət beynəlxalq hüquqa inamı zəiflətdi”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov söyləyib.
Deputat vurğulayıb ki, həmsədrlərin “münaqişənin hərbi həlli yoxdur” fikrini davamlı şəkildə təkrarlaması da Azərbaycanda ikili yanaşma kimi qiymətləndirilirdi: “Çünki faktiki olaraq işğal davam edir, Ermənistan isə vaxt qazanırdı. Hətta müəyyən dövrlərdə “Şimali Qarabağ” kimi ifadələrin ortaya çıxması Azərbaycan cəmiyyətində ciddi narazılıq doğururdu. Bu cür yanaşmalar Azərbaycanın ərazi bütövlüyünə qarşı siyasi və diplomatik təzyiq kimi qəbul edilirdi. İşğal dövründə məscidlərin dağıdılması, şəhərlərin viran qoyulması və tarixi abidələrin məhv edilməsi də beynəlxalq vasitəçilərin gözü qarşısında baş verirdi. Ağdam, Füzuli, Cəbrayıl və digər şəhərlərin vəziyyəti bunun açıq nümunəsi idi. Buna baxmayaraq Minsk Qrupundan ciddi reaksiya verilmədi. Azərbaycan tərəfi hesab edirdi ki, vasitəçilər neytral mövqe nümayiş etdirmək əvəzinə prosesə laqeyd yanaşıblar”.
A.Hüseynovun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra vəziyyət tamamilə dəyişdi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi: “Bundan sonra İlham Əliyevin Minsk Qrupunun fəaliyyəti ilə bağlı sərt mövqeyi daha açıq şəkildə səsləndirildi. Prezidentin 2022-ci ilin dekabrında həmsədrlərlə bağlı söylədiyi “Mən Minsk qrupunu dəvət etməmişəm” fikri artıq bu formatın siyasi baxımdan əhəmiyyətini itirdiyini göstərirdi. Bu açıqlama Azərbaycan tərəfinin keçmiş vasitəçilik mexanizminə etimad göstərmədiyini nümayiş etdirirdi. Minsk Qrupu ilə bağlı müxtəlif iddialar və müzakirələr də illər ərzində geniş yayılıb. Xüsusilə şəxsi maraqlar, bölgədə uzunmüddətli status-kvonun saxlanılması və prosesin nəticəsiz qalması barədə fikirlər tez-tez gündəmə gətirilirdi. Bu fonda qurumun fəaliyyəti bir çoxları tərəfindən diplomatik uğursuzluq nümunəsi kimi qiymətləndirilir”.
O həmçinin deyib ki, nəticədə, Minsk Qrupu bu gün artıq faktiki olaraq fəaliyyət göstərməyən və tarixdə uğursuz vasitəçilik modeli kimi xatırlanan bir quruma çevrilib: “Azərbaycan cəmiyyətində formalaşan fikir ondan ibarətdir ki, bu struktur illərlə beynəlxalq hüququn deyil, siyasi maraqların təsiri altında fəaliyyət göstərib. Buna görə də Minsk Qrupu bir çoxları üçün diplomatik riyakarlıq, ikili standartlar və nəticəsiz siyasətin simvolu kimi yadda qalır”.
Röya İsrafilova