“Laçın bu gün Azərbaycanın əbədi qayıdışının rəmzinə çevrilib” Gündəm

“Laçın bu gün Azərbaycanın əbədi qayıdışının rəmzinə çevrilib”

“1992-ci ilin mayın 18-də Laçının işğalı Azərbaycan tarixinin ən ağır səhifələrindən biri kimi yadda qaldı. Şuşanın ardınca Laçının da itirilməsi o dövrkü hakimiyyət böhranının, ordudakı nizamsızlığın və siyasi məsuliyyətsizliyin acı nəticəsi idi. Strateji mövqeyə malik Laçının əldən çıxması Qarabağla Ermənistan arasında birbaşa əlaqə yaratdı, minlərlə insanı doğma yurdundan didərgin saldı. O günlər Azərbaycan cəmiyyəti üçün təkcə torpaq itkisi deyil, həm də dövlətin zəifliyinin yaratdığı böyük mənəvi sarsıntı idi”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.

Politoloq söyləyib ki, bu gün isə Laçın tamam başqa mənzərə ilə Azərbaycanın qürur ünvanına çevrilib: “Rayonun bir güllə atılmadan geri qaytarılması Prezident İlham Əliyevin ardıcıl siyasi, diplomatik və hərbi strategiyasının nəticəsi oldu. Bu addım yeni insan itkilərinin qarşısını aldı, minlərlə həyat xilas edildi və Laçına qayıdışın yolu açıldı. İndi Laçında yollar, yaşayış kompleksləri, məktəblər və yeni infrastruktur qurulur. Dünən işğalın ağrısını yaşayan Laçın bu gün Azərbaycanın güclü dövlət iradəsinin, bərpa siyasətinin və əbədi qayıdışının rəmzinə çevrilib”.

Röya İsrafilova