Ermənistan-Türkiyə münasibətlərində yeni mərhələ: əsas məqsəd nədir? Gündəm

Ermənistan-Türkiyə münasibətlərində yeni mərhələ: əsas məqsəd nədir?

Son zamanlar Ermənistan-Türkiyə münasibətlərində normallaşma istiqamətində müəyyən canlanma müşahidə olunur. Son aylarda Gümrü-Qars dəmir yolu əlaqəsinin bərpası ilə bağlı işçi qrupun yaradılması, sərhəd-keçid məntəqələrinin fəaliyyətə hazırlanması və ikitərəfli ticarətin genişləndirilməsi istiqamətində addımlar atılıb.
Bu çərçivədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ölkənin xaricdəki diplomatik xidmət orqanlarının rəhbərləri ilə birlikdə Ermənistan-Türkiyə sərhədində yerləşən “Marqara” sərhəd-keçid məntəqəsinə baş çəkməsi xüsusi diqqət çəkir. Sərhədin açılması və nəqliyyat əlaqələrinin bərpası məsələlərinin yenidən gündəmə gəlməsi Ermənistanın Ankara ilə münasibətləri normallaşdırmaq istəyini daha da aktuallaşdırır.
Ermənistan Türkiyə ilə yaxınlaşırmı? Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq cəhdinin arxasında əsas siyasi məqsəd nədir?
Ermənistanın niyyəti...
Millət vəkili Razi Nurullayev söyləyib ki, Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq istiqamətində atdığı addımlar artıq praktiki mərhələyə keçməkdədir: “Ararat Mirzoyanın “Marqara” sərhəd-keçid məntəqəsinə səfəri də bunun göstəricisidir. İrəvan bununla Türkiyə ilə sərhədin açılmasına və əlaqələrin genişləndirilməsinə hazır olduğunu nümayiş etdirir. Ermənistanın əsas məqsədi uzun illər davam edən regional təcriddən çıxmaq, yeni iqtisadi və nəqliyyat imkanları əldə etməkdir. Türkiyə ilə sərhədin açılması Ermənistan üçün ticarət, logistika və iqtisadi əlaqələr baxımından ciddi üstünlüklər yarada bilər”.
Geosiyasi məqsəd
Deputatın sözlərinə görə, burada geosiyasi məqsəd də var: “Ermənistan xarici siyasətində daha çox manevr imkanları əldə etmək və regionda dəyişən reallıqlara uyğunlaşmaq istəyir. Azərbaycanla sülh prosesində irəliləyiş də Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün yeni imkanlar yaradıb. Artıq faktdır ki, Ermənistan Türkiyəyə yaxınlaşır və bunu ilk növbədə öz milli və iqtisadi maraqlarından çıxış edərək edir. Lakin sərhəd-keçid məntəqəsinin hazır vəziyyətə gətirilməsi hələ sərhədin tam açılması demək deyil. Əsas məsələ siyasi qərarların praktik şəkildə həyata keçirilməsidir”.
Strateji xarakter
Politoloq Elçin Xalidbəyli bildirib ki, hazırda Ermənistanın Rusiya ilə olduqca gərgin münasibətləri mövcuddur: “İki tərəf arasında iplər qopmaq üzrədir. İrəvan Ermənistanı Qərbə yaxınlaşdırmağa çalışır və bu prosesdə Rusiyaya alternativ iki istiqamət mövcuddur. Bunun da biri Azərbaycan, digəri isə Türkiyədir. Yəni Rusiyadan uzaqlaşan Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan Qərbə yaxınlaşa bilməz. Çünki həm alternativ qaynaqlar, həm də siyasi, iqtisadi pəncərə baxımından Azərbaycan və Türkiyə Ermənistan üçün hazırda strateji xarakter daşıyır”.
Ciddi addımlar
E.Xalidbəyli söyləyib ki, ona görə də Ermənistan Türkiyə ilə mümkün qədər yaxınlaşmağa çalışır, Azərbaycanla da münasibətlərin normallaşdırılması istiqamətində olduqca ciddi addımlar atılır: “Bu da sülh sazişinin imzalanmasına yönəlik hazırlıq prosesidir. Çünki keçmiş hərbi cinayətkarlar Koçaryan və Sarkisyanın həbsi ilə bağlı məsələ, eyni zamanda, erməni kilsəsinə yönəlik təzyiqlər məhz Azərbaycanla yekun sülh sazişinin önünün açılmasına hesablanıb. Çünki bu şəxslər zərərsizləşdirilməsə Ermənistanda konstitusiya dəyişikliklərinin reallaşdırılması ciddi problemlər yarada bilər”.
Qərbə yaxınlaşmaq siyasəti
Politoloq əlavə edib ki, ona görə də konstitusiya dəyişikliklərinin reallaşdırılması, Azərbaycana qarşı ərazi iddialarının ləğv edilməsi və yekun sülh sazişinin imzalanması üçün buna əngəl törədə biləcək Rusiyanın Ermənistandakı agentura şəbəkəsi sıradan çıxarılır: “Bu da o deməkdir ki, Ermənistan Qərbə yaxınlaşmaq üçün məhz Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmaq məcburiyyətindədir. Rusiyadan itirdiklərini, hətta Avrasiya İqtisadi İttifaqından itirmək təhlükəsi qarşısında qaldıqlarının əsas alternativləri Ermənistan üçün məhz Azərbaycan və Türkiyədə ola bilər. Ona görə də Ermənistan hazırda hər iki tərəflə, yəni həm Azərbaycanla, həm Türkiyə ilə yaxınlaşmaq istiqamətində müəyyən addımlar atır”.
Regional təcriddən çıxış
Politoloq Aytən Qurbanova deyib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ölkənin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə birlikdə Türkiyə sərhədində yerləşən “Marqara” sərhəd-keçid məntəqəsinə səfəri İrəvanın Ankara ilə münasibətlərin normallaşdırılmasına verdiyi siyasi əhəmiyyətin göstəricisidir: “Bu addımın arxasında yalnız diplomatik münasibətlərin yaxşılaşdırılması deyil, Ermənistanın dəyişən regional reallıqlara uyğunlaşmaq cəhdi dayanır. İrəvanın əsas məqsədi uzunmüddətli regional təcriddən çıxmaq, Türkiyə ilə sərhədin açılması hesabına iqtisadi və nəqliyyat imkanlarını genişləndirmək, xarici siyasətdə manevr imkanlarını artırmaqdır. Ermənistan üçün Türkiyə istiqaməti həm yeni ticarət marşrutlarına çıxış, həm də regionun iqtisadi sisteminə daha fəal inteqrasiya baxımından mühüm əhəmiyyət daşıyır. “Marqara”nın gündəmə gətirilməsi də bu niyyətin artıq praktiki müstəviyə keçirilməsinə verilən mesaj kimi qiymətləndirilə bilər. Lakin Ermənistan-Türkiyə yaxınlaşmasını Azərbaycan-Ermənistan normallaşma prosesindən ayrı nəzərdən keçirmək mümkün deyil”.
Cənubi Qafqaz üçün yeni imkanlar
A.Qurbanova əlavə edib ki, Türkiyənin Azərbaycanla müttəfiqlik münasibətləri Ankaranın Cənubi Qafqaz siyasətinin əsas dayağıdır: “Ona görə də, Ermənistanın Türkiyə ilə normallaşma cəhdi Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi və regionda kommunikasiyaların açılması prosesi ilə birbaşa əlaqəlidir. Beləliklə də, Ermənistan-Türkiyə yaxınlaşması Azərbaycan-Ermənistan sülh prosesinə töhfə verməklə yanaşı, kommunikasiyaların qarşılıqlı açılmasına və regional iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edə və Cənubi Qafqaz üçün yeni imkanlar yarada bilər. Əsas məsələ bütün proseslərin qarşılıqlılıq, suverenlik və milli maraqlar prinsipləri əsasında aparılmasıdır. Nəticə etibarilə, Ermənistanın Türkiyəyə yönəlməsinin başlıca siyasi məqsədi regional təcriddən çıxmaq və yeni geosiyasi-iqtisadi imkanlar qazanmaqdır. İrəvan anlayır ki, Cənubi Qafqazda formalaşan yeni reallıqlardan kənarda qalmaq onun üçün getdikcə daha böyük strateji itkilər yarada bilər”.

Röya İsrafilova